Bakı Musiqi Akademiyasında texnologiya və şəbəkələrin misilsiz xariqələr yarada bildiyini nümayiş etdirən virtual konsert keçirilib
LOLA (LOw LAtency - aşağı gecikməli) audiovizual yayım sistemi fiziki olaraq bir-birindən uzaq məsafədə olanları qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. LOLA layihəsi sayəsində bu texnologiya artıq Azərbaycan ifaçı və musiqiçilərini başqa millətlərdən olan həmkarları ilə də yaxınlaşdıracaq. Müxtəlif coğrafi ərazilərdə keçirilən tədbirlərdə iştirakı zəruri olan ifaçı və musiqiçilərimizin həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulmasını təmin edəcək. Bakı Musiqi Akademiyasında daimi istismara verilən bu sistem dünyanın bir çox məkanları ilə birbaşa bağlanmağa imkan verəcək. Beləliklə, Azərbaycan musiqiçiləri olduğu yerdən dünyanın o biri ucunda keçirilən konsertlərdə ifa etmək, öz musiqisini nümayiş etdirmək imkanı əldə edəcəklər. Bu da böyük zaman itkisi və yorğunluqla müşayiət olunan səyahətlərin tarixə qovuşduğunu göstərir.
Estoniya ilə birgə keçirilən virtual tədbir
Bu günlərdə yeni sistemin Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası (GEANT) nümayəndələrinin iştirakı ilə təqdimatı olub. Belə ki, aşağı gecikməli audiovizual yayım sisteminin köməyilə azərbaycanlı və estoniyalı musiqiçilərin virtual konserti keçirilib. Estoniya ilə birgə keçirilən virtual tədbirə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, GEANT-ın beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, qabaqcıl tətbiq xidmətləri üzrə koordinatoru Kladiou Allaçio, Estoniya Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (EENet of HITSA) meneceri Kristina Lillemets, Estoniya Musiqi və Teatr Akademiyasının rektoru, professor İvari İlya, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku qatılıb.
Layihə ilə bağlı çox yüksək fikirdə olan Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli bunu Azərbaycanın elm və təhsili üçün mühüm əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirib. O, yeni tətbiqin musiqi dünyasına əvəzsiz töhfə verəcəyini düşünür.
Müasir texnologiyalardan təhsildə geniş istifadə olunur
AzScienceNet ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malikdir. AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Artıq ölkənin 18 təhsil müəssisəsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə edib. Təhsil Nazirliyi AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirləri daha da genişləndirib. Təklif edilən 1 Gbit/san İnternet trafikdən 700 Mbit/san sürət AzEduNet şəbəkəsinə təqdim olunub. GEANT ilə əməkdaşlıq əlaqələri isə Azərbaycan təhsil müəssisələrində aparılan elmi tədqiqatların səmərəliyinin artırılmasına geniş imkanlar yaradacaq. Təhsil nazirinin müavini Firudin Qurbanov hesab edir ki, musiqi və müasir texnologiyalar bu gün dünyada çox böyük əhəmiyyətə malik iki sahədir: “Müasir texnologiya sürətlə inkişaf etdiyindən onu tənzimləmək lazımdır. Eyni zamanda, rəqəmsal texnologiyalar musiqinin qorunmasında, geniş auditoriyaya çatdırılmasında böyük imkanlara malikdir. Bu layihənin özəlliyi ondadır ki, bu iki sahənin sintezi nəticəsində insanlar məsafədən asılı olmayaraq, çox gözəl musiqi nümunələrini izləyə biləcək. Müasir texnologiyalardan təhsildə geniş istifadə olunur. Nəticədə dünyadakı qabaqcıl təcrübələri, mühazirələri qısa zamanda nəinki tələbə və müəllimlərə, bütövlükdə hər kəsə çatdıra bilərik. Master-klasların keçirilməsinə də imkan yaradacaq bu texnologiya tədris prosesində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqində önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ali təhsilin rəqabətliliyinin artırılması ilə bağlı proqram təsdiq edilib. Hesab edirəm ki, bu kontekstdə sözügedən sistemin əhəmiyyəti böyükdür”.
Nazir müavini Təhsil Nazirliyinin ilk gündən bu layihəni dəstəklədiyini xüsusi qeyd edib.
Sürətin 70 faizi təhsil müəssisələri üçün ayrılıb
“Şərq Tərəfdaşlığının əsas məqsədlərindən biri genişzolaqlı internet şəbəkəsinin yaradılması və müvafiq ölkələrin aidiyyəti qurumlarının Avropanın elm və təhsil şəbəkəsinə inteqrasiyası, həmin ölkələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin beynəlxalq elmi əməkdaşlığına dəstək verilməsidir”, - deyən akademik R.Əliquliyev rəhbərlik etdiyi qurumun öz missiyasına uyğun olaraq bu prosesdə fəal iştirak etdiyi qənaətindədir. Onun sözlərinə görə, “EaPConnect” layihəsi çərçivəsində İnternet sürətinin 3Gb/s və backup (ehtiyat) xəttinin isə 1Gb/s sürətə çatdırılması üçün işlər aparılıb, təqdim olunan sürətin 70 faizi təhsil müəssisələri üçün ayrılıb.
Ötən ilin iyununda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçirilən toplantıda Bakı Musiqi Akademiyasında LOLA xidmətinin yaradılmasının təklif olunduğunu xatırladan R.Əliquliyev qeyd edib ki, məhz LOLA sisteminin akademiyada tətbiqindən sonra BMA ilə Estoniya Musiqi və Teatr Akademiyası arasında yeni əməkdaşlığa dair memorandum imzalanıb. Hətta Latviya, Belarus kimi ölkələr birgə layihələrin hazırlanması məqsədilə Azərbaycana müraciət ediblər. O, sistemin İtaliyanın elm və tədqiqat şəbəkəsi olan GARR ilə əməkdaşlıq edən Cuseppe Tartini adına Triest Konservatoriyası tərəfindən yaradıldığını diqqətə çatdırıb. Hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulma həyata keçirilir.
Yerli alim, tələbə və tədqiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakı asanlaşır
“Bu gün biz rəqəmsal texnologiyaların ölkələr arasında elmi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə, eləcə də dünya xalqlarının mədəni irsinin təbliğinə əvəzolunmaz töhfələr verdiyinin şahidi oluruq”, - deyən Veronika Di Luna “EaPConnect” layihəsinin məqsədlərinə diqqət çəkib. Onun sözlərinə görə, Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırılan, əsas koordinatoru GEANT Assosiasiyası olan və artıq 4 ildir ki, davam edən “EaPConnect” layihəsi rəqəmsal fərqin aradan qaldırılmasına xidmət edir. Region daxilində qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və yerli alim, tələbə və tədqiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan yaratmağı qarşısına məqsəd qoyub. Qloballaşan dünyada çoxsaylı tədqiqat müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsində “EaPConnect” layihəsi geniş imkanlar açır.
LOLA beynəlxalq şəbəkələri inkişaf etdirir
LOLA texnologiyasının 2017-ci ilin oktyabrında Estoniyada “Sərhədsiz musiqi” adlı tədbiri keçirilərkən işə salındığını qeyd edən İ.İlya o zamandan etibarən bu texnologiyanın beynəlxalq şəbəkələri inkişaf etdirdiyini deyib. Nüfuzlu beynəlxalq institutlarla birgə LOLA-dan istifadə edildiyini diqqətə çatdırıb: “Bakı Musiqi Akademiyası ilə mühazirələr və ustad dərsləri də daxil olmaqla, gündəlik elmi və yaradıcılıq fəaliyyətini əhatə edən uzaq məsafəli əməkdaşlığımızı yeni üslubda yeni nailiyyətlər ilə davam etdirmək bizim ən ümdə arzularımızdandır”.
LOLA gənc musiqiçilərin qarşısında yeni qapılar açır
K.Allaçio təxminən 15 il bundan əvvəl dünya musiqiçilərinin öz xəyallarını gerçəkləşdirə bilmələri üçün informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinə müraciət etdiklərini xatırladıb. “Biz bu gün həmin musiqiçilərin arzusunun reallığa çevrildiyinin şahidi oluruq. Artıq dünyanın müxtəlif ölkələrindən olan musiqiçilər eyni anda “eyni məkan”da birgə konsert keçirə bilir, dünya mədəniyyətinə misilsiz töhfələr bəxş edirlər. LOLA audiovizual yayım sistemi gənc musiqiçilərin qarşısında yeni qapılar açır. Gənc musiqiçilər və tələbələr LOLA-nın köməyilə peşəkarlardan ustad dərsləri ala, müxtəlif layihələrdə özlərini sınaya bilərlər”.
K.Lillemets Estoniya Milli Tədqiqat və Təhsil Şəbəkəsinin keçmiş tədbirlərdə “EaPConnect” layihəsinin tərəfdaşları, eləcə də Estoniya Musiqi və Teatr Akademiyası ilə əməkdaşlıq etdiyini, texniki sahələrdə əldə etdiyi təcrübəni daha da təkmilləşdirdiyini, ən önəmlisi, məhsuldar əməkdaşlıq münasibətlərini qurmaq imkanı yaratdığını diqqətə çatdırıb.
Azərbaycanlı və estoniyalı musiqiçilərin virtual konserti
Bilik, incəsənət, elm və texnologiya arasında sərhəd olmadığını nümayiş etdirən LOLA səs və videonu aparatlar vasitəsilə birləşdirməklə insanları qəlbən və ruhən bir-birinə yaxın hiss etdirir. Bakı Musiqi Akademiyasında estoniyalı musiqiçilərlə birgə təşkil edilən virtual konsert də texnologiya və şəbəkələrin misilsiz xariqələr yarada bildiyini nümayiş etdirib.
Ruhiyyə DAŞSALAHLI