Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə konfrans keçirilib


Yeni Azərbaycan Partiyası (YAP) ənənəvi olaraq ilin sonuna yaxın bu və ya digər əhəmiyyətli mövzularla əlaqədar konfrans keçirir. Builki konfransın mövzusu təhsil sahəsi ilə bağlı olub. Belə ki, YAP-ın təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda təşkil edilən konfrans dekabrın 24-də baş tutub.

 

YAP-ın Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, bütövlükdə inkişafın fundamental əsaslarından ən birincisi təhsildir. Azərbaycanın 21-ci əsrdə sürətli inkişaf əldə etdiyini, iqtisadiyyatın inkişafı, sosial layihələrin uğurla həyata keçirilməsinin insanlarda gələcəklə bağlı müsbət fikirlər formalaşdırdığını vurğulayan Sədr müavininin fikrincə, indiyədək inkişafın müxtəlif pillələrinə qalxa bilmiş ölkələr və xalqlar bunu sadəcə təhsilin və elmin sayəsində əldə edə biliblər. Müasir cəmiyyətin inkişafı, iqtisadiyyatın tərəqqisi bütövlükdə həyatın müasirləşməsi və müasir çağırışlara uyğun şəkildə təşkil olunması təhsillə, bilik və vərdişlərin inkişaf etdirilməsi, bütövlükdə insan kapitalı ilə bilavasitə əlaqədardır: “Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi ölkə siyasətinin başlıca hədəfidir.

 

Bunun nəticəsidir ki, təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilir, məktəblərin infrastrukturu yenilənir, məzmun və keyfiyyətinin yüksəldilməsi üçün islahatlar həyata keçirilir. Bu işlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təhsilə nə dərəcədə önəm verdiyinin bariz ifadəsidir. İnanırıq ki, ölkə təhsilinin inkişafı iqtisadiyyatın inkişafının əsasını təşkil edəcək”.

 

Bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib

 

Təhsil naziri  Ceyhun Bayramov deyib ki, bütün seqmentlərdə həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli şəkildə yaxşılaşdırıb, dünyanın ən islahatçı ölkələri arasında ön sıralarda yer alıb.

 

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna da öz müsbət təsirini göstərdiyini vurğulayan nazir bildirib ki, son illərdə təhsilin inkişafı sahəsində mühüm strategiya və proqramlar qəbul edilib, təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biri olub.

 

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən ötən dövr ərzində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib. Nəticədə uşaq və gənclərin təhsilalma imkanları genişləndirilib, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilib. Ötən müddət ərzində ümumi təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib.

 

Ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirlərinin bu il də uğurla davam etdirildiyini vurğulayan nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən  50-si modul tipli olmaqla, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb: “Ölkə Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. Bu da ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enməsi ilə nəticələnib”.

 

Təhsildə məzmun islahatlarının bir mərhələsi başa çatıb

 

Bu il ümumi təhsildə məzmun islahatlarının bir mərhələsi başa çatıb. Nəticədə yeni təhsil proqramlarına uyğun olaraq buraxılış siniflərində beynəlxalq təcrübəyə əsaslanan, təhsilalanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verən yeni imtahan modelinə keçilib. Ümumi təhsildə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatıb.

 

Nazir deyib ki, istedadlı uşaqlarla bağlı həyata keçirilən ardıcıl tədbirlər öz müsbət nəticəsini verib: “Belə ki, respublika və beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşıb. Cari ildə fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur. 2019-cu ildə beynəlxalq olimpiadalarda məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. Halbuki 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla, ümumilikdə 180 medal qazanılıb”.

 

Müəllimlik rəqabətli peşəyə çevrilir

 

Son illərdə əldə edilən ən böyük nailiyyətlərdən biri müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı olub: “Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfəri keçib. Son iki tədris ilində mərkəzləşdirilmiş müsabiqə nəticəsində 20 minə yaxın müəllim işə qəbul edilib, vakant yerlərin 100 faiz tutulması təmin edilib, uzun illər ərzində ixtisaslı kadr çatışmazlığı olan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilib. Hökumətin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib”.

 

C.Bayramov qeyd edib ki, hazırda 10 mindən çox müəllim bu tədbirlərdən faydalanır.

 

Təhsil naziri ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə də toxunub. Hansı ki, bu prosesin sonunda ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb: “Bu tədbirlərin davamı kimi, ölkə Prezidentinin Sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılmış və beləliklə orta aylıq əməkhaqqı 600 manata çatmışdır. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər  təşkil edib”.

 

Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı dəfələrlə artıb: “Bu il 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri müəllimlik ixtisaslarını seçib ki, bu da istər müəllim peşəsinin rəqabətliliyi, istərsə də təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına, yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcək”.

 

Məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi artır

 

Təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri də məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Məhz bu səbəbdən son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olub. Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən cari ildə 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisəsi olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib: “Növbəti ildə əhatə səviyyəsinin 90 faizə çatdırılması nəzərdə tutulur ki, bu da inkişaf etmiş ölkələrin göstəricilərinə uyğundur”.

 

Bununla yanaşı, digər yaş qrupları üzrə uşaqların təhsilə cəlbi istiqamətində də tədbirlər həyata keçirilib. Bir neçə ildir ki, UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanılıb. 2019-cu ildə bu qrupların da sayı artırılıb. Artıq icma əsaslı məktəbəqədər təhsilə cəlb olunma 328 qrupda 6 min nəfərə yaxın uşağı əhatə edir. Növbəti ildə daha 250 qrup yaradılacaq. Bu da təhsilə cəlb olunan uşaqların sayının 12 min nəfərə çatması deməkdir.

 

Peşə təhsili

 

Bu gün peşə təhsili ölkəmizin təhsil siyasətində əsas prioritetlərdən biridir. Çünki peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verəcəyi, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət edəcəyi, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edəcəyi düşünülür. Odur ki, bu baxımdan aparıcı sayılan bu təhsil pilləsində sistemin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi şərtdir. Bu məqsədlə son illərdə peşə təhsili şəbəkəsi optimallaşdırılıb, 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılıb və əməkhaqqı artırılıb.

 

Təhsil naziri Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanan Kredit Sazişinə əsasən Bakı şəhərində peşə təhsili mərkəzinin tikintisinin başa çatdırıldığını da xatırladıb: “Burada ən müasir infrastruktur yaradılıb. Sənaye və innovasiyalar üzrə ixtisaslaşmış, regionda bənzəri olmayan bu Mərkəz cari ilin sentyabrından fəaliyyətə başlayıb. Koreyalı və yerli mütəxəssislər tərəfindən özəl sektor da cəlb edilməklə əmək bazarına uyğun kurikulum və tədris vəsaitləri hazırlanıb. Cari tədris ilində Mərkəzə 8 istiqamət üzrə 250-yə yaxın tələbə qəbul edilib. Növbəti tədris ilindən qəbul planının artırılması və qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır”.

 

Avropa İttifaqının dəstəyi ilə icrasına başlanılan 4 layihədən də söz açan Təhsil naziri regionlardakı peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni məzmunun hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı tədbirlərə diqqət çəkib. Hər il peşə təhsilinin əhatə dairəsi genişləndirilir, məzmun yenilənir. Təhsil Nazirliyi mühəndis-pedaqoji heyətin fəaliyyətinin stimullaşdırılması və peşəkarlığının artırılması istiqamətində tədbirlərə də xüsusi önəm verir.

 

“Hər bir gəncin təhsil ala bilməsi” konsepti reallaşdırılır

 

Bilik iqtisadiyyatı və innovasiya cəmiyyəti ilə xarakterizə olunan müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində ali təhsilin rolu sürətlə artır. Bunun nəticəsidir ki, Azərbaycanda da ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncamı xatırladan Təhsil naziri bildirib ki, sadəcə bu qərara əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb. Nəticədə təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb. Növbəti - 2020-2021-ci tədris ilində isə bu göstəricinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də artıb. İndi tələbələr orta hesabla 20 faiz daha çox pul alır. Bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib.

 

Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə AMEA-da yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi nəticəsində hər bir təhsilalana düşən təhsil xərcləri orta hesabla 30 faiz artırılıb. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişli yerlərin sayı da indi 66 faiz daha çoxdur. Son 5 il ərzində ali məktəblərə qəbul olunan tələbələrin sayında isə təxminən 21 faiz artım olub.

 

Hazırda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan həssas sosial qruplardan olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Həmin tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan 100-dən çox tələbəyə Prezident təqaüdünün verilməsi “hər bir gəncin təhsil ala bilməsi” konseptinin reallaşdırılmasına şərait yaradır.

 

Ali təhsilin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksəkixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların hazırlanmasından ibarətdir. Bu baxımdan, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayan nazir Ceyhun Bayramov Proqram çərçivəsində görülən tədbirlərə diqqət çəkib: “Proqram çərçivəsində iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Birinci istiqamət üzrə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, ikinci istiqamət üzrə isə yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi və onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.

 

Proqram çərçivəsində, ilkin mərhələdə, 5 beynəlxalq ikili diplom proqramının təsis olunması ilə bağlı hazırlıq işlərinin görüldüyünü deyən C.Bayramov xaricdə doktorantura təhsili üçün prioritet ixtisasların artıq müəyyən edildiyini, seçim məqsədilə müvafiq elanın verildiyini deyib.

 

Clarivate Analytics şirkəti ilə uğurlu əməkdaşlıq nəticəsində elmi məhsuldarlıq və elmi tədqiqatların effektivliyi xeyli yüksəlib. Web of Science elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1482 elmi məqalə qeydə alınıb, publikasiya sayında son 25 ilin rekord həddi izlənilib. Cari ildə Web of Science indeksli  elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına  görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinciliyini qoruyub saxlayır. 

 

İnnovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüsləri artırıb

 

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişir. Təhsil sistemi gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Bu istiqamətdə cari tədris ilində ilk dəfə olaraq 42 məktəbdə 6 mindən artıq şagird əhatə edilməklə STEAM layihəsinə başlanılıb. Belə ki, təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın ayrı-ayrılıqda deyil, inteqrativ tədrisinə başlanıb. Bu yanaşma şagirdlərdə “XXI əsr bacarıqları”nın formalaşdırılmasını, məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqini nəzərdə tutur. Bu, məzmun islahatları baxımından yenilikdir. İxtiraçılığın, innovasiyaların və yaradıcılığın şagirdlər arasında təşviq edilməsi layihənin əsas məqsədlərindəndir. Növbəti illərdə 20 mindən artıq şagirdin STEAM layihəsinə cəlb edilməsi, 10 bölgədə isə regional tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur.

 

Şagirdlərdə tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, yüksək texnoloji ixtisaslara marağı artırmaq məqsədilə ötən tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsinə başlanıb. Nazir bildirib ki, uğurlu nəticələri nəzərə alınaraq bu tədris ilindən layihə 123 məktəbi və 70 mindən çox şagirdi əhatə edir.

 

Təhsil naziri bu gün dünyada mövcud olan bir sıra riskləri xatırladıb: “Təbii resursların azalması, iqlim dəyişiklikləri və ekoloji tarazlığın pozulması, peşə və ixtisasların sürətlə dəyişməsi kimi risklər bütün ölkələri, əlbəttə ki, Azərbaycanı narahat edən problemlərdəndir. Həmin risklərin yaratdığı təhdidlərdən qorunmaq üçün isə ölkələr qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüsləri artırıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlayıblar. Yeni çağırşlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır. Belə bir şəraitdə ölkəmizdə də qlobal çağırışlar, dünyada elmin və təhsilin inkişaf tendensiyaları və ölkənin sosial-iqtisadi inkişaf perspektivləri əsas götürülməli, tətbiqi tədqiqatların, xüsusən də elmi-innovativ fəaliyyətin gücləndirilməsi ön plana çəkilməlidir”.

 

Bu baxımdan nəzərdə tutulan planları da diqqətə çatdıran nazir növbəti illərdə erkən yaş dövründən uşaqların təhsilə cəlbi, ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılacağını deyib. Bundan başqa, şagirdlərdə “XXI əsr bacarıqları”nın formalaşdırılması, müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, o cümlədən təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması istiqamətində planlar olduğunu bildirib. Nəzərdə tutulub ki, beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayı artırılsın, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirləri, habelə tələbə-sahibkarlıq təşəbbüsləri dəstəklənsin: “Bununla yanaşı, Bakı Dövlət Universitetinin 100 illik yubileyində ölkə Prezidentinin proqram xarakterli çıxışındakı tövsiyələrinə uyğun olaraq təhsil müəssisələrində tərbiyə işi təkmilləşdiriləcək. Təhsilalanların milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyəsi, onlarda ölkəmizin tarixinə, mədəniyyətinə bağlılıq, fəal vətəndaş mövqeyinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi ən vacib iş istiqamətlərindən olacaq”.

 

Nazir əminliyini vurğulayaraq onu da bildirib ki, ölkə Prezidentinin müəyyənləşdirdiyi uğurlu təhsil strategiyasının icrası nəticəsində Azərbaycan təhsili müasir dövrün çağırışlarına uyğun keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək.

 

Ruhiyyə DAŞSALAHLI