Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) səmərəli fəailyyətinə görə təltif edilmiş bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.

 

Bu münasibətlə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Rəşad Tağıyev təltif olunan müəllimləri  təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.

 

Dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan İdarə müdiri ölkəmizdə təhsil işçiləri, xüsusən də  müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

 

R.Tağıyev qeyd edib ki, dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi diqqətin nəticəsidir ki, bu gün müəllim peşəsinə təkcə qadınların deyil, kişilərin də marağı artıb. Həmçinin gənclərin təhsil sahəsində çalışmağa xüsusi səy göstərdiklərini vurğulayan idarə müdiri buna zəmin yaradan səbəbləri sadalayıb.

 

Sonra təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, təltif olunmuş 16 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 20 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

 

Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da öz üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.