Bu siniflərin şagirdlərinə ümidlər daha böyükdür


Hesablamalara görə, hər 100 şagirddən cəmi 3-4 faizi istedadlı olur. Azərbaycandakı ümumtəhsil müəssisələrində həmin istedadların axtarışı davam edir. Bu məqsədlə 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb. Hazırda ölkə üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və  47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir.

 

2019-2020-ci tədris ilindən xüsusi siniflərin təşkil olunduğu məktəblərin siyahısına Biləsuvardakı bir təhsil müəssisəsi də əlavə olunub.  Təhsil Nazirliyi həmin məktəbə infotur təşkil edərək İctimai Şuranın üzvlərini və kütləvi informasiya vasitələrini proseslə tanış edib.

 

Xüsusi siniflər təmayülləşmənin tərkib hissəsinə çevrilir

 

Xüsusi siniflər VII sinif şagirdlərindən təşkil olunur və vəzifəsi IX sinifdə bitir. Bu siniflərin təşkili və aparılan iş barədə danışarkən Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib ki, gələcəkdə VI sinif şagirdlərindən də xüsusi siniflərin təşkili üzərində düşünülür: “X sinifdə isə şagirdlərin ali məktəb qayğıları başlayır. Ali məktəblərə hazırlıq məqsədilə şagirdlər seçdiyi profilə uyğun təmayüllü siniflərdə təhsil alırlar.Xüsusi siniflərin şagirdləri tam orta təhsilini təmayüllü siniflərdə tamamlayırlar. Bu da onu deməyə əsas verir ki, istənilən halda bu tipli siniflərdən daha yaxşı nəticələr gözlənilir”.

 

Yaxşı nəticələr isə elə-belə başa gəlmir. Bunun üçün siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərə dərs deyən müəllimlər şəhər (rayon) üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçilir. Bu siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.

 

Bəs, şagirdlər bu proqramın öhdəsindən gələ bilirmi? Yaxud, onlara olan ümidlərin fərqindədirlərmi?

 

Praktik məsələlərin sayı daha çoxdur

 

VIII sinif şagirdlərindən təşkil olunan təbiət fənləri təmayüllü xüsusi sinifdə fizika, kimya, biologiya həvəskarlarıdır. Onlardan biri, Fidan Əsədli kimya fənni üzrə olimpiadanın rayon mərhələsinin qaliblərindən biridir. Təbiət fənlərinə marağı və  ötənilki nəticələri onun xüsusi sinfə seçilməsinə səbəb olub: “Respublika fənn olimpiadasının zona mərhələsində də yarışdım. Ancaq həmin mərhələdəki uğurum son mərhələdə iştirakıma imkan vermədi. Ona görə xüsusi siniflərin təşkil olunması mənim üçün ən sevindirici hadisə oldu. Bu, mənim üçün respublika əhəmiyyətli yarışlarda daha böyük uğur deməkdir”.

 

 

Fərid Muradlı da yaxşı oxuyan şagidlərdəndir. Ötən il təbiət elmlərinə marağı və bu fənlərdən əldə etdiyi nəticələr müəllimlərinin və təhsil aldığı məktəbin diqqətindən yayınmayıb: “Kimya, biologiya fənlərini sevirəm. Bütün dərslərimi yaxşı oxumağa çalışsam da, bu fənlərlə məşğul olmaq daha çox xoşuma gəlir. Bu ildən sevdiyim fənn üzrə olimpiadada iştirak etmək istəyirəm. Müəllimim məsləhət bilsə, məni buna hazır hesab etsə, bilik yarışına qatılacağam. Dərslərimiz çox yaxşı keçirilir. Çox işləyirik. Mənim üçün bu dərslərdə iştirak etmək çox maraqlıdır”.

 

26 nəfərlik bu qrupun fizika elmini öyrənməsində ən yaxın bələdçisi 22 ilin müəllimi Gültəkin Əliyevadır. 1997-ci ildən Biləsuvar şəhər Nizami Gəncəvi adına1 nömrəli tam orta məktəbdə işləyən Gültəkin müəllim diaqnostik qiymətləndirmədə yüksək bal toplayıb. Bu üstünlüyü ona xüsusi sinifdə təhsil vermək haqqı tanıyıb: “Təbiət fənləri təmayüllü xüsusi sinifdə dərs zamanı müxtəlif təlim vasitələrindən istifadə edirəm. Bu və başqa yollarla şagirdlərdə məntiqi-yaradıcı təfəkkür formalaşdırmağa çalışıram. Dərsi elektron resurslardan, çətinliyi artırılmış məsələlərdən istifadə edərək qururam. Tədrisdə praktik məsələlərin sayı daha çox olduğundan şagirdlərimizin bu istiqamətdə bacarıqları da adi siniflərdə təhsil alan uşaqlardan fərqlənir. Bu üstünlüyü onlara həm də fənnə ayrılan saatların çox olması verir. Belə ki, adi siniflərdə təbiət fənləri üzrə dərslər, tutaq ki, 2 saat nəzərdə tutulubsa, xüsusi sinifdə 4 saat aparılır”.

 

Gültəkin müəllim məzunu olduğu bu məktəbin şagirdlərinə böyük ümid bəsləyir: “Sinfimdən 70-80 faiz yüksək nəticə gözləyirəm. Hazırda qrupda respublika fənn olimpiadalarının zona mərhələsinədək uğurla çıxış edən 3 şagirdimiz var. Onların uğurlarının daha da çoxalacağına, sinifdəki digər uşaqların da yüksək nailiyyətlər qazanacağına əminəm”.

 

Müəllimin fikrincə, hər hansı yarış və müsabiqədə nailiyyətləri olmasa belə, bu sinfin şagirdlərinin sevdikləri fənlər üzrə illik nəticələri yüksələcək və tam orta təhsili başa vuranda bu istiqamət üzrə hər hansı ali məktəbə girə biləcəklər: “Mən uşaqlara da demişəm, həftədə 4 saat fizika, kimya, biologiya keçmələri onlar üçün həmin fənlər üzrə əlavə hazırlıq kimidir. Qrupdakı uşaqların hər birindən eyni nəticəni gözləmək mümkün deyil. Biz maraqlı, fənni sevən və fənn üzrə nəticələri yüksək olan şagirdlər arasında istedadlı olanları seçib, onları daha yüksək səviyyələrə daşımağa ümid edir, hətta buna inanırıq. Bu sinifdə təhsil fənni sevən ən zəif şagird üçün də yaxşı nəticə deməkdir”.

 

Qiymətləndirmə sualları da fərqlənir

 

1 nömrəli tam orta məktəbdə VII sinif şagirdlərindən təşkil olunan riyaziyyat-informatika təmayüllü 22 nəfərlik qrupda da yüksək əhvali-ruhiyyə müşahidə edilir. Xalid İsmayılzadə deyir ki, riyaziyyatı yaxşı bildiyi üçün buradadır: “Başqa fənləri də sevirəm. Ancaq yaxşı riyaziyyatçı olduğuma görə bu sinifdə təhil almaq şansım oldu. Riyaziyyatı da, informatika fənnini də sevirəm. Hər iki fənn üzrə bacarıqlarımı artırmaq imkanımın olması məni çox sevindirir. Bu il respublika fənn olimpiadasında iştirak edəcəyəm. Artıq özümə güvənirəm”.

 

 

 

Gülay Vəlizadə VI sinifdə oxuyarkən respublika fənn olimpiadasının iştirakçısı olsa da, qazandığı nailiyyət məktəb səviyyəsində qalıb. Artıq özündən daha yüksək nəticələr gözləyir: “Sevdiyimiz fənlər həm daha yaxşı tədris olunur, həm daha çox. İndi daha çox işləyirik”.

 

Gülay deyir ki, summativ qiymətləndirmələrdəki nəticələri qaneedicidir: “Bu tədris ilində artıq ikinci summativ qiymətləndirmə aparılır. Qiymətləndirmələrdə bu tədris ilində keçdiyimiz deyil, əvvəlki illərdə keçdiyimiz mövzular üzrə də suallar salınıb.  Bu qiymətləndirmədə iştirak etmək üçün əvvəlki illərin materiallarını da təkrar etmişik. Belə getsə, bu tədris ilində keçirilən olimpiadada uğurlu nəticə göstərən şagirdlərdən biri də mən ola bilərəm”.

 

Riyaziyyat-informatika istiqaməti üzrə təşkil olunan xüsusi sinfin müəllimi Nailə Mənsimlinin sözlərinə görə, adi siniflərdə həftədə 5 saat tədris olunan riyaziyyat fənni bu qrupa 7 saat keçilir. Bu sinif də riyaziyyat üzrə illik nəticələri yüksək olan şagirdlərdən təşkil olunub. Bizim onlardan bundan sonrakı gözləntilərimiz respublika və beynəlxalq əhəmiyyətli yarışlarda da özlərini sınamalı və uğur qazanmalarıdır. Hazırlıq məhz bu məqsədə yönəlib. Düşünürəm ki, işimiz öz bəhrəsini verəcək və bir təhsil müəssisəsi olaraq kifayət qədər hazırlıqlı məzunlar buraxacağıq”.

 

12 ildir məktəbdə riyaziyyat müəllimi işləyən Nailə Mənsimli xüsusi sinfin summativ qiymətləndirmə suallarının da fərqləndiyini deyir: “Çalışıram ki, izah tələb edən sualların sayını daha çox edəm. Bu sinfin şagirdləri çətinliyi artırılmış suallara verdikləri cavablar əsasında qiymətləndirilirlər”.

 

Xüsusi sinifdə oxumaq üçün kənddən hər gün şəhərə gəlir

 

Biləsuvardakı 1 nömrəli tam orta məktəbdə təşkil olanan xüsusi siniflərdə təhsil alanlar ancaq bu təhsil müəssisəsinin şagirdləri deyil. Siniflərin formalaşdırılması Biləsuvar rayonundakı bütün məktəblərin şagird bazasından seçilib. Nəticədə hazırda xüsusi siniflərdə ötən ilədək başqa məktəbin şagirdi olan məktəblilər təhsil alır. Onlardan biri də Elvin Fərəclidir. VIII sinif şagirdi Bəyidli kəndindən gəlib-gedir: “Atam eşitmişdi ki, belə bir sinif təşkil olunur. Mənim də məktəbdə bu istiqamət üzrə olan fənlərdə nəticələrim yüksək idi. Evdə demişəm ki, bu il keçiriləcək respublika fənn olimpiadalarına mən də qatılacağam. Çünki dərslərimiz çox güclü keçirilir və məncə, bu hazırlıqla mütləq nailiyyət qazanacağam”.

 

Fuad Qarayev 2 ildir başlayan layihənin nəticəsində kifayət qədər yaxşı nəticələr əldə olunduğunu deyir: “Hədəfimiz bütün rayonlarda belə siniflərin olmasıdır”.

 

Xüsusi siniflərdən gözləntilər

 

Məktəblilərin 3-4 faizini təşkil edən istedadlıları tapmaq üçün çıxılan bu yolda ümidlər az deyil. Nəzərdə tutulan proqramı yerinə yetirən və materialı tam mənimsəyən uşaqların sayının artması təhsilin keyfiyyətinə mütləq töhfə verəcək. Bu prosesdə xüsusi istedadlıları aşkarlayıb, onların fərqli şəkildə yetişməsini təmin etmək Azərbaycan təhsilinin böyük hədəflərindəndir. Keyfiyyəti tam təmin etmək üçün təkmilləşdirmə işləri aparılsa da, çatışmazlıqlar da var. F.Qarayevin sözlərinə görə, ən böyük çatışmazlıq bəzən ayrı-ayrı rayonlarda belə siniflərin təşkili zamanı yaranır: “Bir sinfin formalaşması üçün şagirdlərin sayı 15-20 nəfər olmalıdır. Bəzən valideynlər övladlarının məktəbini, bəzən şagirdlər sinfinin dəyişməyini istəmir, istedadlı şagird rayon mərkəzindən kifayət qədər uzaq məsafədə yerləşən yaşayış məntəqəsində yaşayır və onun oxumaq üçün rayon mərkəzinə gəlib-getməyi mümkün olmur. Bu cür problemlər sinfin istənilən səviyyədə komplektləşdirilməsinə maneçilik törədir. Daha bir çatışmazlıq isə xüsusi siniflərin tədris materialları ilə bağlıdır. Hazırda xarici vəsaitlərin tərcüməsi və öz müəlliflərimizin yeni vəsaitlər hazırlaması prosesi gedir. Ancaq bu o qədər də asan deyil. Ümid edirik ki, bu çətinliklərin öhdəsindən qısa zamanda gələcəyik”.

 

Ekspertlər də ümidlidir

 

Bəs, təhsil ictimaiyyəti nə düşünür?

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov istedadlı şagirdlərin aşkarlanması və onların müvafiq istiqamətlər üzrə hazırlanmasını xüsusi qiymətləndirir. Onun fikrincə, məktəblərin təmayülləşdiyi bir dövrdə bunun region məktəbində bir nümunəsinin olması çox ümidvericidir.

 

İctimai Şuranın üzvü Etibar Əliyev də xüsusi siniflərin fəaliyyətinin təhsilin keyfiyyətinə təsir göstərəcəyinə inanır: “Bu barədə müəyyən informasiyaya malik olsam da, xüsusi siniflərlə ilk dəfə tanış oldum. Hesab edirəm ki, belə siniflərin təşkili olimpiadalara hazırlıqda məktəblilərə kömək olduğu kimi, həm də onların məktəb təhsilinin keyfiyyətinə də təsir edəcək. Ancaq bu istiqamətdə vahid dərsliklərlə məşğul olmalarını doğru hesab etmirəm. Burada vəsait çatışmazlığı qeyd olundu və düşünürəm ki, bu, çox vacib məqamdır. Vəsaitlərin sayı artırılmalı,   dünyadakı xüsusi sinif təcrübəsindən bəhrələnərək bu iş təkmilləşdirilməlidir”.

 

Təhsil eksperti Nadir İsrafilov siniflərin komplektləşdirilməsi və həmin siniflərdə yüksək nəticə göstərən müəllimlərin tədris aparmasını  təqdirəlayiq qiymətləndirib.

 

Ruhiyyə DAŞSALAHLI