Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirilib.

 

Təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub, fotostend, sərgi, müsabiqə və idman yarışları keçirilib.

 

Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin  pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.

 

Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

 

Tədbirlərdə şagirdlərə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasəti nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar bu gün hər bir vətəndaş tərəfindən minnətdarlıqla anılır. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

 

Həmçinin tədbirlərdə ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı diqqətə çatdırılıb.

 

"Heydər Əliyev dühası", "Şərəfli ömür yolu", "Mən fəxr edirəm ki, azərbaycanlıyam", "Dahi siyasətçi", "Qəlblərdə yaşayan düha", “Xalqa bağışlanan ömür”, “Şəxsiyyətin zirvəsi”, “Heydər Əliyev irsini öyrənirik”, “Heydər Əliyev Azərbaycan gəncliyi üçün əbədi nümunədir”  və digər mövzularda keçirilən tədbirlərdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər nümayiş etdirilib.

 

Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri və Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil olunub.