Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə strat verilib.
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.
Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə təşkil olunan ilk dərsdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Binəqədi rayonu üzrə məktəblərin direktorları, təlimçi müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri barədə danışıb. “Heydər Əliyev və milli özünüdərkin sovet ideoloji sisteminin əsarətindən azad edilməsi” mövzusunda məruzə edən Hüseyn Əsgərov dahi liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında baş verən köklü dəyişiklikləri vurğulayıb. Həmçinin Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində böyük nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, dərslər 2019-2020-ci tədris ilinin sonuna kimi hər məktəbdə iki dəfə olmaqla davam edəcək.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.