Biliyi şagirdə müəllim yox, kitab verir. Müəllim şagirdə, sadəcə biliyi əldə etməyin yolunu öyrədir, ona istiqamət verir. AzEdu.az təhsil portalının icraçısı olduğu “Kurikulum bələdçisi (izahlar və tətbiqlər)” kitabı da, sadəcə müəllimlərə yox, müəllim olmaq istəyənlərə, repetitorlara  yeni məzmunu şagirdlərinə necə aşılamağın yollarını, öyrətməyi öyrədəcək.

 

Müəllimlər üçün yuxarı siniflərin kurikulum metodikasına dair bələdçi kitab və terminlər lüğəti BP şirkəti və tərəfdaşlarının  (Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları -“SOCAR”, "TPAO”, "PETRONAS”, "CHEVRON”, "LUKOİL”, "NİCO”, "Equinor”, "İNPEX”, “ExxonMobil”, "SGC”, "İTOCHU”, "ONGC”, "TOTAL”, “Eni”) maliyyə dəstəyi, Təhsil İnstitutunun mütəxəssislərinin birgə iştirakı ilə hazırlanıb. Geniş təqdimatdan sonra təhsil işçilərinin istifadəsinə verilən vəsait təhsil ictimaiyyətinin xüsusi marağına səbəb olub.

 

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin fikrincə, kurikulum metodikası üzrə kitab və yeni kurikulumun tədrisi üzrə pedaqoji terminləri əhatə edən lüğət müəllimlər üçün dəyərli vəsait olacaq: “Müəllimlər məktəb kurikulumunun hazırlanmasında, həyata keçirilməsində qiymətləndirilməsində və dəyişdirilməsində mühüm rol oynayırlar. Bu kitaba dəstək olmaqla, biz müəllimlərin mühüm rolunu vurğulamaq və onların tədrisin, ümumilikdə ölkədəki təhsilin keyfiyyətinin davamlı surətdə artırılması istiqamətində göstərdiyi  səylərə dəstək olmaq istədik. Ümid edirik ki, həm bugünkü , həm də gələcəyin müəllimləri bu vəsaitdən bəhrənələcəklər”.

 

Təhsilin sosial sərmayə layihələrində xüsusi yer tutduğunu deyən B.Aslanbəyli bundan sonra da təhsillə bağlı layihələrin reallaşdırılmasında maraqlı olacaqlarını söyləyib.

 

Kitabların müəlliflər heyətinin rəhbəri, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov bu qənaətdədir ki, 6 müəllifin birgə əməyinin nəticəsi olan kitabı oxuyub başa çatdıran müəllim və müəllim olmaq istəyən şəxslər müasir innovasiyalarla bağlı bilik və bacarıqlara malik olacaq. Ən vacib üstünlüklərindən biri isə kitabın praktik istiqamətidir. Kitab müəllimlərin müstəqil olaraq yeni pedaqoji anlayışları öyrənə bilmələrinə dəstək olacaq. Bundan əlavə, kitabda təhsil islahatlarının tələbləri nəzərə alınıb, istər pedaqogikada, istərsə də psixologiyada bu gün üçün yeni olan ən zəruri anlayışlar əhatə edilib.

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva isə kitabın şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində müşahidə edilən axsamaların aradan qaldırılmasına öz töhfəsini verəcəyini düşünür: “Məzmun varsa, təlim nəticəsi varsa, bu o demək deyil ki, şagirdlərin hamısı yüksək nəticəyə nail olmalıdır. Uşağın fərdi marağına, qabiliyyətinə uyğun metod və üsullar seçilməli və sonda o, düzgün qiymətləndirilməlidir”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də hazırlanmış vəsaitin əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, kitabın nəşr edilərək dövlət ümumi təhsil müəssisələrinə, müəllimlik ixtisasını tədris edən ali təhsil ocaqlarına paylanılması təşəbbüsünün dəstəklənməsi vəsaitin faydalılığını göstərir.

 

Layihənin icraçısı “Azedu.az” Təhsil Portalının baş direktoru Elşad Eyvazlının fikrincə, əvvəlki illərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 10-15 nəfər 700 bal topladığı halda, 2019-cu ildə keçirilən imtahanlarda bu nəticəni göstərən olmadı: “Maraqlıdır ki, yüksək nəticəni repetitorların fəaliyyətinin nəticəsi sayan təhsil ictimaiyyəti son ilin nəticələri ilə bağlı danışarkən repetitorluğu tənqid etmədi.  Buna baxmayaraq, bu ilin imtahan nəticələri göstərdi ki, repetirorluq köhnəlməkdə olan bir instituta  çevrilir. Bunu bizim araşdırmalar deyir. Düşünürəm ki, ərsəyə gəlməsində bizim də payımız olan bu kitab müəllimlərin, direktorların, bir sözlə, təhsilin inkişafında maraqlı olan hər kəsin bələdçisi olacaq”.

 

Xatırladaq ki, layihə BP-nin və tərəfdaşlarının təhsilin inkişafına dəstək vermək və bütün səviyyələrdə yerli bacarıq və səriştələri artırmaq istiqamətində götürdüyü öhdəliyin bir hissəsidir. Layihənin məqsədi müəllim və müəllim vəzifələrinə müraciət etmək istəyən şəxsləri innovativ tədris bacarıqlarını təkmilləşdirməyə  yardım edəcək kurikulum bələdçisi ilə təmin etməkdir.

 

Qeyd edək ki, layihə çərçivəsində 500 kitab və 3000 lüğət dərc edilib. Vəsait müəllimlərə və təhsil müəssisələrinə təqdim ediləcək.

 

Ruhiyyə