İsveçli 16 yaşlı ekoaktivist Qreta Tunberq 2019-cu il üçün "Təxirəsalınmaz iqlim tədbirləri ilə bağlı ruhlandırıcı və artan siyasi tələblərə görə" alternativ Nobel mükafatına layiq görülüb. Bu barədə məktəbli özünün twitter səhifəsində sevinclə yazıb.
Hər il mükafat mədəni dəyərlərin qorunması və böhranların həlli üçün fəallara verilir. Məktəbli özü İsveç paytaxtında keçirilən təqdimat mərasimində iştirak edə bilməyib. O, hazırda BMT-nin İqlim Dəyişikliyi ilə bağlı 25-ci Konfransında iştirak etmək üçün Madriddədir. Onun əvəzinə mükafatı iqlim müdafiəsi üzrə "Fridays for Future" gənclər təşkilatının üzvləri alıb.
Q.Tunberq sentyabrın 24-də BMT-dəki emosional çıxışından sonra bütün dünyada məşhurlaşıb. Məktəbli iqlim dəyişikliyi səbəbiylə insan və ekosistemlərin məhv olduğunu bildirərək siyasətçiləri yalnız pul və iqtisadi artım barədə düşünməkdə ittiham edib.
Dekabrın 3-də məlum olub ki, Qreta Tunberq hava nəqliyyatından imtina edərək ABŞ-dan Portuqaliyaya katamaranda (gəmi) gəlib. 21 günlük səyahətdən sonra Qreta Lissabonda sahilə enib, oradan Madridə yollanıb.
Bu il Nobel Sülh Mükafatına namizəd olan Q.Tunberq mükafatı iqlimin müdafiəsi sahəsində gənclər hərəkatına verilən ən yüksək qiymət kimi dəyərləndirib. Məbləğı 1 milyon kron (105 min ABŞ dolları) olan mükafatın fərqləndirici cəhətlərindən biri ondan ibarətdir ki, laureatlar əldə etdikləri pulları öz ehtiyacları üçün xərcləyə bilməzlər, onları ictimai işə yönəltməlidirlər.
Oruc MUSTAFAYEV