Dekabrın 5-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, Macarıstanlı musiqiçi Erdi Tamaş və Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti təşkil olunub.

 

Konsert Macarıstanın ölkəmizdəki səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

 

Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb. Bildirib ki, belə tədbirlər qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verir.

 

Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinə toxunub və bildirib ki, əlaqələr yüksək səviyyədə inkişaf edir, mövcud ikitərəfli əməkdaşlıq daha da genişləndirilib. Nazir müavini deyib ki, 600-dən çox Azərbaycan vətəndaşı Macarıstan hökumətinin təqaüdü ilə ali təhsilin müxtəlif səviyyələri üzrə həmin ölkədə təhsil almaq hüququ qazanıb. Firudin Qurbanov iki ölkənin ali təhsil müəssisələri arasında mövcud sıx əməkdaşlığa da diqqət çəkib.

Nazir müavini ötən il də Macarıstan səfirliyinin təşkilatçılığı ilə eyni məzmunlu  xeyriyyə konsertinin təşkil olunduğunu, tədbirdən toplanmış bütün vəsaitin sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi üçün Brayl çap maşının əldə olunmasına yönəldiyini xatırladıb.

 

Nazir müavini çıxışının sonunda ölkəmizdə xeyriyyə məzmunlu tədbirlərin davamlı təşkilini dəstəklədiyini  qeyd edib.

 

Daha sonra Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edən, uşaq ikən görmə qabiliyyətini itirən Tamaş Erdi azərbaycanlı həmkarı Əyyub Quliyevlə səhnəni paylaşıb.

 

Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada tədbirə özəl gətirilmiş qış mövsümünün başlanğıcını simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılıb.

 

Qeyd edək ki, konsertin bilet satışından əldə olunan gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və sağlamlıq imkanları məhdud olan uşaqlar və 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönləndiriləcək.