Azərbaycanın davamlı inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən dövlət idarəçiliyi texnologiyaları “dəyirmi masa”da müzakirə olundu


YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasından 25 il keçir.  Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “dəyirmi masa” keçirilib. “Azərbaycan Respublikasının davamlı inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən dövlət idarəçiliyi texnologiyaları”mövzusunda təşkil edilən tədbir Azərbaycan  Milli Elmlər Akademiyası, Xarici İşlər, Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, həmçinin Gənclər və İdman nazirliklərinin dəstəyilə baş tutub.

 

İqtisadi, sosial, humanitar və mədəni layihələr gələcək sosial tərəqqiyə imkan yaradıb

 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanda iqtisadi, sosial və humanitar sahələrdə uğurlu inkişafa nəzər salıb. Onun fikrincə, müstəqilliyimizdən bəri hər  il ölkənin yeni yüksək nailiyyətləri ilə bağlı xəbərlərlə müşayiət olunub. Bunun da kökündə innovativ dövlət idarəçiliyi strategiyası durur.

 

“Bu gün Azərbaycan 2018-ci ildə bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran ölkədir”, - deyən U.Ələkbərov fikrini Davos İqtisadi Forumunda dünya ölkələrində davamlı inklüziv inkişafla bağlı durumun təhlilinin nəticələri ilə əsaslandırıb. Bu təhlil əsasında hazırlanan hesabata görə, Azərbaycan inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində əhəmiyyətli dərəcədə uğur qazanıb. Belə ki, Davos İqtisadi Forumunun 2018-ci il üçün təhlillərinə görə, Azərbaycanın inklüziv inkişaf indeksi 4.69 təşkil edib. Həmin göstərici ilə ölkəmiz bir çox dövlətləri, o cümlədən yüksək iqtisadi inkişaf səviyyəsinə malik ölkələri geridə qoyub. İqtisadi inkişaf göstəriciləri nəinki ölkəmizdən, hətta dünyadakı əksər dövlətlərdən  üstün olan ABŞ, Yaponiya, İsrail, İtaliya, İspaniya, Türkiyə, Portuqaliya, Yunanıstan və s. inklüziv inkişaf göstəricilərinə görə Azərbaycandan geri qalır: “Nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişaf indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycanın yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Mehriban  Əliyevanın insan potensialının inkişafı, inkişaf proseslərinin inklüzivliyinin təmini sahəsində təşəbbüsləri, onun rəhbərliyi altında gerçəkləşdirilən iqtisadi, sosial, humanitar və mədəni layihələr Azərbaycanın sosial indikatorlarının yüksək qalmasına, həmçinin gələcək sosial tərəqqiyə imkan yaradıb.

 

Müasir kadrların səviyyəsi bilik, bacarıq və vərdişlərlə ölçülmür

 

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, davamli inklüziv inkişaf, dünya liderliyi, dövlət idarəçilik texnologiyaları dərin metodologiyası olan mühüm istiqamətlərdir: “Müasir dövrün tələblərinə uyğun olan bu istiqamətləri həyata keçirmək məsuliyyət və bacarıq tələb edir. Hansı dövlət bunu bacarsa, özünün dayanıqlı inkişafını təmin edir”.

 

F.Qurbanov hesab edir ki, ölkəmiz inkişafda yüksək nailiyyətlər əldə edib: “Bu inkişaf öz-özünə əmələ gəlməyib. İnkişafı göstərən hər rəqəmin arxasında böyük  əmək, siyasət və uzaqgörənlik, bir sözlə, möhkəm təməl dayanır ki, o təməli də ümummilli liderimiz Heydər Əliyev atıb”.

 

Müasir dünyada hazırlanan kadrların səviyyəsi, sadəcə əldə edilən bilik, bacarıq və vərdişlərlə ölçülmür. Müasir kadrlarda tələb edilən bilik, bacarıq və vərdişləri təhsil vasitəsilə vermək mümkün olsa da, insanın mədəni səviyyəsi, insani keyfiyyətləri təhsil müəssisələrində əldə olunmur. Kadrlar biliyin yarısını təhsil ocağından  kənarda alırlar: “Qloballaşan dünyada gələcəyimiz məhz hansı tip insanı formalaşdırmağımızdan asılı olacaq. Ona görə də dövlət təhsilə xüsusi əhəmiyyət verir. Bütün strateji proqramlarda təhsil strateji xətt təşkil edir”.

 

Rəqəmsal texnologiyalar inkişaf edir. Nəticədə dünyada tələblər dəyişir. Hər il ehtiyac azalan ixtisasları tələbat artan tamamilə yeni ixtisaslar əvəz edir. Bu halda təhsilin qarşısında sual ortaya çıxır. Bəs, kadrlar necə hazırlanmalıdır ki, sürətlə dəyişən tələbə cavab verə bilsinlər: “Bakı Dövlət Universitetinin 100 illik yubileyində Prezident İlham Əliyev də çıxışında xüsusi vurğuladı ki, təhsilin qarşısında əsas vəzifələrdən biri ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. 10 il  sonra hansı ixtisaslara ehtiyac olacağını öncədən görmək çətindir. Belə bir fikir irəli sürülür ki, gələcəkdə müasir texnologiyalarla bağlı ixtisaslar tələb olunacaq. Ən çox ehtiyac duyulacaq ixtisaslardan biri də fizioterapevtlər olacaq. Bu da günümüzün ortaya çıxardığı problemin nəticəsidir. Oturaq iş, müasir texnologiyalardan istifadə bu ixtisası aktuallaşdıracaq. Bu gün  4 milyard 400 milyon insan internet istifadəçisidir. 2 milyard 200 milyon insan facebookdadır. Bu çox böyük problemdir. Bu problem hamını, o cümlədən təhsili düşündürür”.

 

F.Qurbanovun fikrincə, təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri biliklə yanaşı, informasiyalardan düzgün istifadə bacarığını formalaşdırmaqdır. Əhalisi hər gün 10 saat internetdə vaxt keçirən ölkələr var. Gəlin görək, onların hamısı bu imkandan səmərəli istifadə edirmi? Xüsusən, uşaqlar müasir texnologiyadan faydalanır. Ancaq bu informasiyadan necə istifadə etdikləri çox önəmlidir: “Qarşımızda duran  və ölkə Prezidentinin də səsləndirdiyi əsas vəzifə budur. Təhsil  Nazirliyi bununla bağlı tədbirlər planı hazırlayıb. Bu istiqamətdə hansı işləri görməliyik ki, formalaşdırdığımız gənclər ölkənin davamlı inkişafını təmin etsinlər”.

 

“Dəyirmi masa”da Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf  Hacıyev,  Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ölkənin inkişafı, bu inkişafın təmin olunmasına yol açan texnologiyalar, ölkə başçısının gerçəkləşdirdiyi islahatlar barədə fikirlərini iştirakçıların diqqətinə çatdırıblar. 

 

Ruhiyyə DAŞSALAHLI