Təhsilin inkişafı istiqamətində görülən işlər nəticələri yaxşılaşdırıb


Dekabrın 4-də Təhsil Nazirliyində PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri və beynəlxalq ikili diplom proqramlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

 

Təhsil nazirinin müşaviri Elnur Məmmədov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramları barədə ətraflı məlumat verib. O qeyd edib ki, beynəlxalq ikili diplom proqramının əsas məqsədi ali təhsil sistemində keyfiyyət məsələləri, təhsil müəssisələrində məzmun və keyfiyyət göstəricilərinin qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması və onun vasitəsi ilə həmin tədris proqramlarının müasirləşdirilməsidir: “Təbii ki, burda elmin son və qabaqcıl nailiyyətlərindən, həmin təhsil müəssisələrinin elmi tədqiqatlarından istifadə edilməlidir. Həmçinin, ikili diplom proqramları tətbiq olunduqdan sonra Azərbaycana xarici müəllim və professor heyətinin dəvət olunması, tədrisin onlar tərəfindən aparılması, təhsilin məzmun və keyfiyyətinin yüksəldilməsi kimi konkret istiqamətlər də nəzərdə tutulub”.

 

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov qeyd edib ki, Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması planlaşdırılır. Beynəlxalq ikili diplom proqramlarının ölkəmizin inkişaf prioritetlərinə uyğun sahələr (kənd təsərrüfatı, tibb, təhsil, informasiya texnologiyaları, mühəndislik və digər) üzrə həyata keçirilməsi planlaşdırılır.

 

T.Əhmədov ölkəmizdə fəaliyyət göstərən yerli ali təhsil müəssisələri ilə xarici təhsil müəssisələri arasında uğurlu ikili diplom proqramları həyata keçirildiyini vurğulayıb: “Yeni proqramın özəlliyi bundan ibarətdir ki, 5 istiqamət üzrə nəzərdə tutulub. Universitetlərin sıralamasına gəldikdə isə “Times Highers Rankgins”  və Şanxay Universitet sıralamasına istinad edilir. Bundan əlavə, işğal olunmuş Azərbaycan ərazilərində yerləşən universitetlərlə əməkdaşlıq etməyən universitetlər nəzərdə tutulub. Beynəlxalq ikili proqramlarının həyata keçirilməsi üçün nazirliyin tərkibində idarəetmə qrupu yaradılacaq. Azərbaycan vətəndaşlarının seçimi Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticəsində müəyyən olunacaq”. 

 

Mətbuat konfransında beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim meyarları, proqramın maliyyələşdirilməsi qaydaları media nümayəndələrinin nəzərinə çatdırılıb.

 

Daha sonra nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev PISA proqramı və onun 2018-ci ildə keçirilmiş tədqiqatının nəticələrinə dair ümumi məlumat verib. PISA qiymətləndirməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 3 ildən bir keçirilir: “PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. 2018-ci ildə PISA tədqiqatı ölkəmizdə Bakı şəhərinin 197 məktəbini əhatə edib. Ümumilikdə ümumtəhsil məktəblərimizdən 6827 nəfər 15 yaşlı şagird tədqiqata cəlb olunub. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Adətən ən yüksək nəticələri Şərqi Asiya ölkələri və inkişaf etmiş ölkələr əldə edir. Azərbaycanın riyaziyyat üzrə nəticələri Qazaxıstan, Gürcüstan,  Braziliya və b. ölkələrlə müqayisədə yüksəkdir”.  E.Əmrullayev növbəti PISA tədqiqatlarının 2021-ci ildə keçiriləcəyini vurğulayıb: “Hər ölkə bu tədqiqatlarda iştirak edə bilmir. PISA-da iştirak edən ölkələrdən müəyyən bacarıq və səylər tələb edilir”. E.Əmrullayev əlavə edib ki, müəyyən fasilədən sonra ölkəmiz ilk dəfə olaraq PISA-da elektron qaydada iştirak edib: “Azərbaycan əvvəllər də PISA-da iştirak edib. PISA-nın mahiyyəti ölkənin hansı yerdə qərarlaşması deyil. Əlbəttə, yaxşı nəticə olarsa, bu, müsbət xəbərdir”.

 

Şöbə müdiri 2020-ci ildə PISA tədqiqatlarının nəticələrindən ibarət hesabat təqdim ediləcəyini də diqqətə çatdırıb: “PISA tədqiqatlarına əsasən, ilkin olaraq deyə bilərik ki, oxu sahəsində daha çox qızlar, riyaziyyat sahəsində isə oğlanlar yüksək nəticə göstərirlər. Bundan başqa, “30 yaşınızda özünüzü harada görürsünüz?” sualına cavab olaraq oğlanlar daha çox mühəndislik, IT, qızlar isə həkimliyi, təbabət sahələrini seçirlər. PISA tədqiqatlarının təhlili göstərir ki, təhsilin inkişafında nəticələrimiz əvvəlki illərə baxanda daha yaxşıdır. Bugünkü 15 yaşlı şagirdlər təxminən 10 il əvvəl məktəbə getmiş uşaqlardır. Yəni, bu gün təhsillə bağlı görülən işlərin təsirini hələ PISA təhlillərində görmürük, bu nəticələr gələcək illərdə özünü büruzə verəcək”.

 

E.Əmrullayev məktəblərdə müəllimlərin şagirdlərə qarşı emosional münasibətinin də yüksək nəticələr əldə edilməsinə təsir etdiyini deyib: “Bakı məktəblərinin göstəriciləri bir-birindən xüsusilə fərqlənmir. Digər ölkələrə nəzər yetirdikdə görürük ki, daha çox hər hansı bir şəhərdə bir-iki məktəb fərqlənir. Bizdə bu cür fərqlilik müəyyən edilməyib, daha çox sinifdaxili fərqliliklər nəzərə çarpır”.

 

Oruc MUSTAFAYEV