Bakıda əlilliyi olan və olmayan uşaqlar dünyaya səsləndi: “Fərqliyik, bərabərik!”


Bu günün qəhrəmanı odur. Adı Mahirdir. Ata-anasının göz bəbəyidir, kimin ona necə baxmağından, onda nə görməyindən asılı olmayaraq. Məktəbə yox, atası ilə onun iş yerinə getməkdə israrlı idi. Ancaq bir şey olur və o, gələcəyə gedir. Birdən-birə heç kəsin fərqli davranmadığı, qəribə varlığa baxırlarmış kimi  gözlərin ona dikilmədiyi bir dünyaya düşür. Onun kimi biri-birindən fərqli uşaqların bir yerdə yaşadığı, oynadığı, oxuduğu, əyləndiyi bir dünya. Orada  hamı bərabərdir: burada sağlamlıq imkanları məhdud olanları digərlərindən ayırmırlar. Bu dəfə gördüklərindən Mahir təəccüblənir. Niyə heç kim ona qəribə baxışlarla baxmır. Öz zəmanəsindən şikayət edən Mahirə gələcəkdə qarşılaşdığı uşaq deyir: “Yer kürəsinə gedəcək uşaqlara deyəcəyəm ki, əl arabasında gördükləri uşaqlara fərqli davranmasınlar”.

 

Mahir xəyallar aləmindən öz dünyasına qayıdan kimi ata-anasına yeni qərarını bildirir: atası ilə onun iş yerinə yox, tay-tuşları ilə birgə təhsil almaq üçün məktəbə yollanacaq.

 

“Bərabərik” tamaşası bitir. Mahir səhnədən düşüb Rəsul olur. Səhnənin olduğu kimi, burda da günün qəhrəmanı odur, onun kimi uşaqlardır.

 

“Onlarla özüm arasında heç bir fərq görmürəm”

 

13 yaşlı Rəsul Zəkiyev. Hazırda VIII sinifdə oxuyur. 117 nömrəli tam orta məktəbin  şagirdidir. Məktəbə getmək istəyini ata-anasına hələ ikinci sinifdə oxuyarkən bildirib və baxışlara, sözlərə, hətta ondan “qorxub-çəkinən”lərə rəğmən hər gün evdən məktəbə gedib. Maraqlıdır, Rəsul bu fərqi öz həyatında hiss edibmi? Deyir ki, inklüziv təhsil sayəsində artıq bir çox şey dəyişib: “İndi yox. Əvvəllər hiss edirdim. Artıq sinif yoldaşlarımla dostuq. Getdikcə inklüziv təhsil inkişaf edir. Məktəbə təzə gələndə məndən çəkinir, yaxınlaşmırdılar. Mən onlara yaxınlaşdım. Zamanla gördülər ki, mənimlə də dostluq edə bilərlər. Artıq inklüzivliyin nə olduğunu bilirlər. Onların arasında çox yaxın dostlarım var. Həm özüm kimi sağlamlıq imkanı məhdud, həm də tamamilə sağlam uşaqlarla dostluq edirəm. Onlarla özüm arasında heç bir fərq görmürəm”.

 

Rəsul deyir ki, uşaqlar biri-birinə qəribə baxmaya, ilk andan qaynayıb-qarışa bilərlər. Bunun üçün valideynlər uşaqları ilə söhbət eləməlidirlər: “Onlar uşaqlarına deməlidirlər ki, sağlamlıq imkanı məhdud uşaqları görəndə təəccüblə baxmasınlar. Elə ilk andan onlarla söhbət eləməyə, dost olmağa çalışsınlar”.

 

Rəsulun, necə deyərlər, 10 barmağında 10 qabiliyyət var: oxuyur, oynayır, hələ üstəlik ağırlıq qaldırır. Gələcəklə bağlı xəyallar aləmində yaşamır, real düşünür. Böyüyəndə isə biznesmen olmaq istəyir. Ancaq o vaxta qədər gerçəkləşdirəcəyi çox planı var: “Tarix, biologiya və coğrafiyanı çox sevirəm. Dərslərimi yaxşı oxuyuram.  İdmanla da məşğul oluram. Ağırlıqqaldırma üzrə nailiyyətlər qazanmaq, Azərbaycanın bayrağını zirvələrə qaldırmaq istəyirəm. Ancaq böyüyəndə biznesmen olacağam. İstəyirəm ki, çoxlu marketlərim olsun”.

 

Nənəsi deyir ki, Rəsulu heç evdə qapalı vəziyyətdə saxlamayıblar: “Mütəmadi olaraq onu evdən çıxartdıq. Hər yerə apardıq. Məktəb yaşı çatanda evdə təhsilə başladı. Növbəti il ondan balaca qardaşı məktəbə gedəndə həvəslənib o da məktəbdə təhsil almaq istədi. Biz də onu ikinci sinifdən məktəbə qoyduq”.

 

Məktəbə israrla getdiyi kimi, idmanla bağlı taleyini də özü dəyişib. Rəsulun idman həyatı da maraqlı başlayıb. Nənəsi danışır: “2017-ci ildə Bakıda İslam Oyunları keçirilirdi. Rəsul İlham Zəkiyevə baxmaq istəyirdi. Biz də onun istəyinə uyğun olaraq bilet alıb getdik. Orada Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş katibi Kamal Məmmədovun diqqətini cəlb etdi. O, Rəsulun idmana marağını gördü. Onu bir neçə idman növü ilə tanış etdilər. Rəsul ağırlıqqaldırmanı seçdi”.

 

Fərqliyik, bərabərik

 

Rəsul pəhləvan Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalının səhnəsindən dünyaya müasir çağırışlarla səsləndi. Səsinə səs verəcək minlərlə insan olduğuna inanaraq.

 

Dekabrın 3-də dünya Beynəlxalq Əlillər Gününü qeyd edirdi. Xalqlar əlilliyi olan şəxslərin həyatını rahatlaşdırmaq, onlarla digər insanlar arasına qoyduqları fərqi aradan qaldırmaq istiqamətində il ərzində gördükləri fəaliyyətə nəzər saldılar. Azərbaycanda da fərqliliklər nəzərə alınmadan hamı bir araya gəldi. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, əlilliyi olan və olmayan uşaqların birgə fəaliyyətinin təbliğinə yönələn bir festival düzənlədilər. Məqsəd isə fərqli uşaqların istedad və qabiliyyətlərini üzə çıxarmaq, inklüziv cəmiyyətin yaradılmasında inklüziv təhsilin vacibliyini vurğulamaq idi. Bu məqsəd üçün Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi, Heydər Əliyev Mərkəzi,  Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, BMT-nin Uşaq Fondu (UNİCEF) və BMT-nin İnkişaf Proqramı Heydər Əliyev Mərkəzində təşkil edilən həmin festivalda fərqlilikləri aradan qaldıracaq bərabərliyə imza atdılar.

 

Festivalda bərabərliyə xidmət edən zonalar

 

Rəngli görüntülərin ortaya çıxdığı festivalın əyləncəli proqramı vardı. Festival çərçivəsində ayrı-ayrı mərkəzlər, birliklər zonalar yaradaraq uşaqların diqqətini özlərinə cəlb etməyə çalışdılar.  İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi, “Sevimli bala” elm mərkəzi, 1 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzləri, Daun Sindromlu şəxslərin Reablitasiya Mərkəzi, Azərbaycan Stolüstü Tennis Federsiyası uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaratmışdılar.

 

Musiqi uşaqları bu zonaya çağırır

 

“Bumblebee Play/Prescool” uşaq inkişaf mərkəzinin zonasında canlanma vardı. Marketinq meneceri Mehriban Nəzərova deyir ki, onlar müxtəlif musiqi alətlərindən istifadə edərək festival iştirakçısı olan uşaqları  musiqi dərsinə dəvət edirlər. Bu dəvət üçün elə forma seçirlər ki, eyni vaxtda həm sağlamlıq imkanı məhdud, həm də normal fiziki inkişafı olan uşaqlar iştirak edə bilsin. 

 

BMT-nin İnkişaf Proqramının Avropa İttifaqının maliyyə dəstəyi ilə İçərişəhərdə yaratdığı İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi tərəfindən dulusçuluq və vitraj guşəsi təşkil olunub. Guşədə sentyabrın 15-dən dərsləri başlayan uşaqların əl işləri nümayiş olunur. Bu peşələrlə maraqlanan hər kəsə özünü sınamaq üçün şərait yaradılır.

 

Hərəkət edən robotlar “gəl-gəl” deyir

 

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Robototexnika dərnəyinin müəllimi Jalə Dadaşova deyir ki, festival iştirakçısı olan uşaqlar onların təşkil etdiyi “STEM və Robototexnika” zonasında əyləncəli vaxt keçirə bilərlər: “Dərnəyimizdə 3-14 yaşlı uşaqlar məşğul olurlar. Uşaqlarımız yaşından asılı olaraq 2d, 3d  modellər düzəldir, həmin modelləri hərəkətə gətirirlər. Motorlarla, proqramlaşdırma üsulu ilə, günəş enerjisinin təsiri ilə hərəkət edən robotlarımız var. Dərslərimiz çox maraqlı keçir, uşaqların xoşuna gəlir”.

 

Jalə müəllim deyir ki, dərnəkdə danışma məhdudiyyəti olan və əl motorikası zəif uşaqlar var. Robototexnika həm də əl motorikasını inkişaf etdirdiyindən, festivalda bu zona da diqqəti çəkir.

 

Tennis masası heç boşalmır

 

Azərbaycan Stolüstü Tennis Federasiyasının yaratdığı zonada tennis masası boş qalmır. 11  nömrəli Gənclər İnkişaf Məktəbində məşqçi-müəllim olan Ruqiyyə Qubuşova, sadəcə festivalda deyil, elə hər zaman fərq qoymadan  bütün uşaqlarla işlədiyini deyir: “Uşaqlarla bir yerdə məşğul oluruq. Bunun üçün şəraitimiz təmin olunub. Məşqlərdə uşaqların bir-birinə kömək etməsi əldə etdiyimiz ən böyük nəticələrdəndir. Paralimpiyaçı uşaqlarla nəticə bir az gec əldə olunsa da, qazandıqları uğurlarına görə onlar digər uşaqlardan fərqlənmirlər”.

 

 

Ruqiyyə müəllimin davamçısı hesab etdiyi Ürfan Əsədli tennis masasında rəqiblərini dəyişir. Bakı Humanitar Kollecində təhsil alan Ürfan 5 yaşından tennislə məşğul olur. Bu il məzun olub məşqçiliyə başlayacaq.

 

 

 

Onlar bacardıqlarını nümayiş etdirdilər

 

Festival çərçivəsində əlilliyi olan və olmayan uşaqların iştirakı ilə müxtəlif əyləncəli və maarifləndirici proqramlar, əl işlərindən ibarət sərgi təqdim olundu. Qorxmaz Mustafayevin, Rəşad Məmmədovun, Əsli Zeynalovanın, Ədalət İsmayılovun, Aynur Kərimovanın, Xədicə Baxşıyevanın, Nərgiz Əhmədovanın, Ülvi Musayevin və başqalarının əl işləri maraqla qarşılandı.

 

“Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun əlilliyi olan gənclərin həyat hekayələrindən və inklüziv təhsilin əhəmiyyətindən bəhs edən videoçarxı nümayiş etdirildi.

 

13 yaşlı Rəsul Zəkiyevin yer aldığı, ƏSA teatrının hazırladığı “Bərabərik!” adlı inklüziv səhnəcikdən sonra “Danceability Azerbaijan” və  Daun Sindromlu şəxslərin Reabilitasiya Mərkəzinin müxtəlif rəqs nömrələri izlənildi. 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin eşitmə və danışma əlilliyi olan “Uşaq teatrı” və “Vokal” dərnəyi üzvlərinin ifasında  “Dostluq” mahnısı təqdim edildi.

 

Bir neçə saat davam edən festivaldan yaddaşlarda bərabər keçən fərqli anlar qaldı.

 

Ruhiyyə DAŞSALAHLI