Dekabrın 3-də Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda İctimai Şuranın rəhbərliyi və üzvləri, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri Şuranın sədri Şahlar Əsgərov açaraq qurumun yaradılmasının zərurəti ilə bağlı məlumat verib. Bildirilib ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb. 11 üzvü olan Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.
Konfransda çıxış edən Şuranın məsul katibi İlqar Orucov Fəaliyyət Planını təqdim edərək media nümayəndələrinin diqqətinə çatdırıb ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı” Şura üzvlərinin iştirakı ilə hazırlanıb və geniş müzakirə olunaraq qəbul edilib. Fəaliyyət Planı Şuranın cari tədris ilində icra edəcəyi işləri özündə əks etdirir, beş istiqaməti əhatə edir və sənəddə hər bir istiqamət üzrə planlaşdırılan fəaliyyət növləri müəyyənləşdirilib. Sənəddə eyni zamanda, Təhsil Nazirliyinin və onun qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, nazirliklə ictimaiyyət arasında səmərəli fəaliyyətin təşkili, nazirlik və onun yerli idarəetmə orqanlarının fəaliyyətində aşkarlıq və şəffaflığın təmin olunması, təhsil siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların maraqlarının öyrənilməsi, təhsil subyektlərinin qanuni maraqlarının təmin və müdafiə edilməsi məsələləri, birgə əməkdaşlıq və əlaqələndirmə tədbirləri əksini tapıb.
Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.