Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” V respublika konfransı keçirilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev fərdi məlumatların mühafizəsinin ən fundamental insan hüquqlarından biri kimi şəxsi toxunulmazlıq hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və bunun 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü və 12-ci maddələrində öz əksini tapdığını vurğulayıb. Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişafını, artıq internet infrastrukturunun bütün ölkəni əhatə etdiyini diqqətə çatdıran akademik ölkəmizdə insanların söz və internet azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu, vətəndaşların müxtəlif sosial şəbəkələrdən, elektron ticarət və digər xidmətlərdən fəal şəkildə istifadə etdiyini və bunların ölkədə fərdi məlumatların qorunması məsələsini aktuallaşdırdığını söyləyib.
Azərbaycanda insanların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına yönəlmiş, ən müasir tələblərə cavab verən möhkəm qanunvericilik bazasının yaradıldığını qeyd edən R.Mehdiyev bu hüquq və azadlıqların dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırib.
Onun sözlərinə görə, fərdi məlumatların mühafizəsi məsələləri elmi problem kimi multidissiplinar xarakter daşıyır və buna görə də digər elmi istiqamətlərlə yanaşı, informasiya texnologiyaları üzrə tədqiqatçılar fərdi məlumatların mühafizəsi proseslərini dərindən araşdırmalı, geniş intellektual imkanlara malik metod və alqoritmlər işləməli, müvafiq proqram məhsulları hazırlamalıdırlar.
Akademik konfransa təqdim edilən məruzələrin fərdi məlumatların mühafizəsinin texnoloji, hüquqi, təşkilati, sosial-iqtisadi və kulturoloji aspektlərinə həsr olunduğunu bildirib və tədbirdə iştirak edən müvafiq dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakını yüksək qiymətləndirib.
Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədov, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, İnternet Forumunun prezidenti Osman Gündüz, AMEA-nın vitse-prezidenti, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, fərdi məlumatların mühafizə olunmasında təmsil etdikləri qurumların fəaliyyətindən və bu istiqamətdə görülən işlərdən söz açıblar.
Daha sonra konfrans işini plenar iclas və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktik problemləri” bölmələri üzrə davam etdirib.