Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasının Qancu vilayəti Təhsil İdarəsinin direktoru, xanım Vanq Haiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rektor M.Babanlı ADNSU-da tədris prosesi, fakültələr, əcnəbi tələbələrlə iş, beynəlxalq əməkdaşlıq əlaqələri, tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından danışıb, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.
Çinə səfəri çərçivəsində Qancu vilayətində oluğunu deyən M.Babanlı oradakı təhsili yüksək dəyərləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin lazım olduğunu bildirib.
Qancu vilayəti Təhsil İdarəsinin direktoru V.Haiyan deyib ki, onlar tələbə mübadiləsini dəstəkləyirlər və maraqlıdırlar ki, gələcək əlaqələr sistemli inkişaf etsin.