BDU-nun məzunları bir araya gəldi


Ötən əsrin əvvəllərində müstəqillik ideallarını əsas tutan cümhuriyyət qurucularının ilk  hədəflərindən biri ölkədə elm və təhsilin inkişafına təkan verəcək nümunəvi universitetin yaradılması idi.  Elə bir universitet ki, müstəqilliyini yenicə elan etmiş gənc dövlətin elm və təhsil yoluna işıq salsın,  millətin savadlanması üçün vacib işlər görsün.  Və beləliklə, ilk universitetimiz - Bakı Dövlət Universiteti yaradıldı. Bu gün isə tam əminliklə deyə bilərik ki, universitetimiz  ötən 100 il ərzində  öz missiyasını şərəflə yerinə yetirib,  onun məzunlarının səs-sorağı  dünyanın hər yerindən gəlir,  onlar  tələbəsi olduqları qocaman ali məktəbin şöhrətini yaşadırlar.

 

Dünyanın  müxtəlif ölkələrində  elm-təhsillə məşğul olan çoxsaylı məzunlarından bir qrupu noyabrın 25-də Bakı Konqres Mərkəzində doğma universitetin 100 illiyinə həsr olunmuş Məzun Forumunda bir araya gəlib. 

 

Tədbirdə  Azərbaycan Respublikası  Təhsil nazirinin müavini  Məhəbbət Vəliyeva, ali məktəb rektorları, müvafiq qurumların rəhbərləri,  dünyanın  müxtəlif ölkələrində çalışan BDU məzunları, elmi tədqiqatçılar,  xarici ölkələrdən olan qonaqlar iştirak ediblər.

 

Bakı Dövlət Universitetini 180 minə yaxın məzun bitirib

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev  ölkəmizin nüfuzlu ali təhsil müəssisəsinin yaranması tarixindən,  universitetin ənənələrindən danışıb. Rektor qeyd edib ki,  forumun əsas məqsədi “Universitet - məzun” münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsidir.  1919-cu ildə yaradılan Bakı Dövlət Universitetini  indiyədək 180 minə yaxın məzunun  bitirdiyini deyən E.Babayev bu forumda məzunların bir araya toplanmasından məmnunluğunu ifadə edib. “Hər kəsi forumda görməkdən şadıq. Çox istərdik ki, buradakı çıxışlar formal xarakter daşımasın. Məzunların bir araya toplaşması bir şansdır. Bu şansdan istifadə etməliyik. Onlar ali məktəbin inkişafına yardımçı olmalıdırlar”.

 

ADA Universitetinin rektoru Hafiz Paşayev özünün universitet xatirələri barəsində söhbət açıb. “Bakı Dövlət Universiteti həmişə Azərbaycanın ən qabaqcıl universiteti olub. Fəxr edirəm ki, mən də bu universitetin tələbəsi olmuşam. Təhsil aldığım 5 il ərzində universitetdə bilik əldə etmişəm, həyat dərsi keçmişəm”, - deyə Hafiz Paşayev bildirib.  Rektor Azərbaycanın inkişafında BDU-ya uğurlar arzulayıb.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ötən il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ilinin elan edildiyini nəzərə çatdırıb. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ali təhsilli milli kadrların hazırlanması, əhali arasında savadsızlığın aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb: “Sevindirici haldır ki, bir əsrlik yaşı olan BDU bu gün özünün müasir dövrünü yaşayır, dünya təhsil sisteminə uğurla inteqrasiya edir. Bu gün BDU-da çalışan professor-müəllim heyətinin çoxu bu təhsil müəssisəsinin məzunu olub. Eyni zamanda, digər ali məktəblərdəki professor-müəllim heyətinin sıralarında da BDU-nun məzunları üstün saya malikdirlər. Əminəm ki, BDU məzunları bundan sonra da Azərbaycanın inkişafına böyük töhfə verəcəklər”. 

 

BDU elmi-pedaqoji kadr potensialının inkişafına böyük töhfələr verib

 

Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında, dünya birliyində layiqli yer tutmasında BDU məzunlarının böyük xidmətləri olduğunu deyən M.Vəliyeva hazırda onların dövlət strukturlarında, idarəetmə sahəsində, özəl sektorda uğurla fəaliyyət göstərdiklərini, eləcə də ölkənin digər ali məktəblərində çalışanlar arasında üstünlük təşkil etdiyini  və ökəmizin inkişafına öz töhfələrini verdiklərini diqqətə çatdırıb. “AMEA sistemində elmi kadr potensialı əsasən BDU-da təhsil alanlardır. Bu baxımdan, BDU ölkəmizdə elmi-pedaqoji kadr potensialının inkişafına böyük töhfələr verib”.

 

Təhsil nazirinin müavini qeyd edib ki,  müasir informasiya cəmiyyətində təhsil sistemi, xüsusən də ali təhsil qarşısında bir sıra yeni hədəflər dayanıb.   Universitetlər qabaqcıl beynəlxalq təcrübə və ən müasir İKT-yə əsaslanan yeni paradiqmalar əsasında fəaliyyət göstərməli və məzunlara elə kompetensiyalar verməlidirlər ki, gələcək əmək bazarında rəqabətə davamlı olsunlar. “Əminik ki, BDU qarşıda duran hədəflərə çatmaq üçün potensialını  səfərbər edərək daha yüksək nailiyyətlər əldə etmək yolunda təhsil-innovasiya mərkəzi olaraq qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəyə malik, rəqabətə davamlı mütəxəssislərin hazırlanmasına, elmi-texniki potensialın formalaşmasına, eləcə də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanmasına bundan sonra da öz layiqli töhfələrini verəcəkdir”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, BDU-nun tarix fakültəsinin 1977-ci il məzunu Hicran Hüseynova təhsildə yeni çağırışların olmasını, ali məktəblərdə müasir dünyanın tələblərinə uyğun olaraq,  yeni ixtisasların açılmasını vacib sayıb. H.Hüseynova Azərbaycanda texniki ixtisaslarda təhsil alan qızların sayının çoxalmasından da məmnunluğunu bildirib.

 

BDU-nun bütün məzunlarını bu təhsil müəssisəsinin 100 illiyi münasibətilə təbrik edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu ali məktəbin Azərbaycan təhsilinin inkişafında vacib rol oynadığını söyləyib.

 

DİM sədrinin sözlərinə görə, hər il qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərin  ixtisas seçimində üstünlük verdikləri ali təhsil müəssisələrinin arasında  BDU da var.  M.Abbaszadə BDU-nun məzunlarının gələcəkdə də Azərbaycanın inkişafına dəyərli töhfə verəcəyinə əminliyini bildirib.

 

BDU məzunlarının vahid platformasının yaradılması

 

DİM sədri çıxışında  BDU məzunlarının  bir-birləri ilə əlaqə yarada bilməsi üçün vahid  platformanın yaradılması təklifi ilə çıxış edib. 

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 2002-ci il məzunu Leyla Abdullayeva vurğulayıb ki,  bu gün onun XİN-in rəsmisi kimi çıxış  edə bilməsində BDU-nun müəllimlərinin böyük əməyi var: “BDU-nun diplomatların hazırlanmasında böyük rolu var. Bu gün XİN-in Aparat rəhbərliyində, eləcə də xaricdə fəaliyyət göstərən diplomatik korpuslarda BDU-nun məzunları çalışır”.  O,  BDU-nun məzunları ilə bağlı kitabçanın hazırlanması, məlumat bazasının yaradılması vacibliyini bildirərək qeyd edib ki, bu, bizim işimizi daha da asanlaşdıra bilər.

 

İnsan hüquqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova  çıxışında BDU-nun tarixi ənənələrindən,  ölkənin bu qocaman ali təhsil müəssisəsi, onun müəllimləri  barədə xoş xatirələrini bölüşüb.

 

Bakı Dövlət Universitetinin 1999-cu il məzunu, Bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli,  Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar  tədqiqatlar laboratoriyasının müdiri,  professor Qərib Mürşüdov, ali məktəbin  1999-cu il məzunu, Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut,  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Cəfərov ölkəmizin elm və təhsil həyatında, yüksəkixtisaslı kadrların hazırlanmasında  BDU-nun  mühüm rolundan  danışaraq  universitet- məzun əlaqələrinin yaradılması istiqamətində  təkliflərini  səsləndiriblər.

 

“Bakı Dövlət Universitetinin məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri”

 

Daha sonra  Forum öz işini “Bakı Dövlət Universitetinin məzunlarının  gələcək birgə fəaliyyət istiqamətləri” mövzusuna həsr olunmuş çıxışlarla davam etdirib.

 

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Hüquq fakültəsinin 2005-ci il məzunu Ülvi Mehdiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən, beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 2007-ci il məzunu Yusif Abdullayev, Almaniyanın Humbolt Universitetinin kafedra müdiri, şərqşünaslıq fakültəsinin 1979-cu il məzunu Eva Mariya Aux, “İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru, Jurnalistika fakültəsinin 1991-ci il məzunu Musa Mərcanlı, Türkiyənin Akdeniz Universitetinin professoru, kimya fakültəsinin 1980-ci il məzunu Tərlan Məmmədov Forumun məzunlara birgə fəaliyyət istiqamətində gözəl imkan yaradacağına əmin olduqlarını bildiriblər.

 

“Beynəlxalq Məzun Assosiasiyası”

 

İclasda BDU-nun müxtəlif ölkələrdən olan məzunları  arasında akademik, elmi, texnoloji və biznes sahələrində əməkdaşlıqlarını möhkəmləndirmək üçün “Beynəlxalq Məzun Assosiasiyası” yaradılıb. İclas mövzu istiqamətində maraqlı müzakirələrin aparılması ilə başa çatıb. Rektor Elçin Babayev BDU məzunlarına Forumda iştirakları, çıxışları və maraqlı təklifləri üçün təşəkkürünü bildirib. Qeyd edib ki, Məzun Forumu təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platformadır. 

 

Oruc MUSTAFAYEV, 

Ruhiyyə DAŞSALAHLI