“Onların məqsədi məzun olduqları təhsil ocağına kömək etməkdir”


Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir. BDU məzunlarının ilk forumu ilə start götürən tədbirlər bu gün də davam edəcək.

 

Həm ölkəmizdə, həm də xaricdə çalışan və müxtəlif illərdə BDU-dan məzun olanların iştirakı ilə keçirilən forum dünən öz işini iki bölmədə davam etdirib və maraqlı təşəbbüslərlə yadda qalıb. Belə ki, Forumun gedişində müxtəlif təkliflər səsləndirilib. Təkliflərdən birinin, BDU məzunlarının Assosiasiyasının yaradılması ilə bağlı təşəbbüsün reallaşdırılması istiqamətində ilk addımlar atılıb.

 

Universitetin rektoru Elçin Babayev “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında forumda BDU məzunlarının Assosiasiyasının yaradılması ilə bağlı təklifi Forumun işinin nəticəsi hesab edib. Onun sözlərinə görə, məzun forumu son olmayacaq: “BDU-nun 1999-cu il məzunu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut bu forumlardan birini İsraildə keçirməyi təklif etdi. Düşünürük ki, bunu Rusiyada, Avropada və başqa ölkələrdə də keçirə bilərik. Forumların iki ildən bir keçirilməsinin mümkün olduğunu düşünürük. Həmin müddət ərzində məzunlardan təkliflər almaq, onlarla bağlı verilənlər bazası yaratmaq, ünsiyyət vasitələrini işə salmağı nəzərdə tuturuq. Gözləntilərimiz çoxdur. Xüsusilə də, mənəvi və təşkilati işlərdə dəstək gözləyirik”.

 

“Forum iştirakçıları Assosiasiya çərçivəsində Fond yaratmağı da təklif ediblər. Müxtəlif istiqamətlərdə verilən ideyaları reallaşdırmaq üçün maddi bazanın yaradılması – elmi-tədqiqat laboratoriyasının yaradılması, qrant verilməsi, gənc kadrların hazırlanması kimi məsələlər Fondun və Assosiasiyanın başlıca funksiyalarından ola bilər. Kənardan məzunların baxışı daha qiymətlidir. Avropa, dünya təcrübəsini yerli şəraitə uyğunlaşdırmaqla ideya irəli sürə və birgə fəaliyyət planı qura bilərik. Onların məqsədi məzun olduqları təhsil ocağına – BDU-ya kömək etməkdir”-deyə rektor bildirib.  

 

Ruhiyyə