Noyabrın 26-da Beyləqan şəhəri 2 nömrəli tam orta məktəbdə üçüncü ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil Nazirliyinin, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin, yerli təhsili idarəetmə qurumunun əməkdaşları və digər şəxslər iştirak ediblər.
Bildirilib ki, yeni açılan Mərkəz Azərbaycanda mövcud olan 13 ingilis dili mərkəzindən ibarət şəbəkəyə daxil ediləcək beş yeni Resurs və Təlim Mərkəzindən üçüncüsüdür. Əlavə olaraq Zaqatala və Bərdədə yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə də belə Resurs və Təlim Mərkəzlərinin yaradılması planlaşdırılır. “Resurs və Təlim Mərkəzləri" proqramı gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. Mərkəz tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resursları, texnologiyalar və özünütəlim materialları ilə təmin olunur.
Qeyd edək ki, proqram “British Council” təşkilatı tərəfindən Britaniya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təhsil Nazirliyi və Britaniyanın ölkəmizdəki səfirliyi bu proqramın həyata keçirilməsinə dəstək verir. Proqram "British Council"ın 2016-2019-cu illərdə həyata keçirdiyi ingilis dili mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanır.
Proqram ingilis dilinin yüksək səviyyədə tədrisinə, habelə gənclər arasında və onların aid olduğu icmalarda tolerantlıq, qarşılıqlılıq və dialoq anlayışlarının daha yaxşı başa düşülməsinə istiqamətlənib. Bu çərçivədə tələbələrin daha geniş dünyaya açılmasına kömək edən tənqidi düşüncə, problemlərin həlli, ünsiyyət və müzakirə bacarıqları da inkişaf etdirilir.