Məzunları BDU haqqında


Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə silsilə tədbirlərə start verilib. Həmin tədbirlərə bir çox BDU  məzunu da qatılıb.

 

Onlardan biri, Böyük Britaniyanın Kembric Universitetində TTK Molekulyar biologiya laboratoriyasının mütəxəssisi, BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin məzunu Qərib Mürşüdov oxuduğu ali məktəbin ölkə təhsilindəki rolunu belə qiymətləndirib:  “Elm, siyasət, texnologiya və başqa sahələrdə mütəxəssislərin hazırlanmasında BDU-nun çox böyük rolu olub və gələcəkdə bu rol  daha da arta bilər. Hesab edirəm ki, buna bəzi islahatlarla nail olmaq mümkündür”.

 

 

Q.Mürşüdovun fikrincə, insanın harda təhsil alması şərt deyil: “İngiltərədə harada təhsil aldığını yox, nə bacardığını, hansı uğurlarının olduğunu soruşurlar. Harda təhsil almağından asılı olmayaraq, insan öz üzərində işləyə və inkişaf edə bilər. Bizim institutda işləyənlərin yarısından çoxu Britaniyadan deyil. Hər kəsin diplomu dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən universitetlərdəndir. Heç kim onlardan hansı universiteti bitirdiyini soruşmur, nə etdiklərini, nəyi bacardıqlarını soruşurlar. Harda oxumağı insana, sadəcə baza verir. O bazadan istifadə edib-etməmək insanın özündən asılıdır”.

 

Ancaq təhsil aldığın yeri də unutmamalısan deyir,  BDU məzunu: “Universitet bir məktəbdir. Bu məktəbi unutmaq olmaz. Kembric universitetində Məzunlar Assosiasiyası var. Azərbaycanda indiyədək belə bir ənənə olmayıb. Təşəbbüs göstərdim ki, ölkəmizdə də belə bir təcrübə formalaşsın. Mənim üçün  maraqlıdır ki, məzunlar sonradan öz ölkəsində nəyəsə kömək etsinlər. BDU-da da bir sıra çatışmazlıqlar var. Hesab  edirəm ki, BDU-nun məzunlarının köməyi ilə bu çatışmazlıqları aradan qaldırmaq olar.  Maliyyə bu dəstəyin az qismidir. Əsas texniki baza, tədqiqat, laboratoriya , təhsil sahəsində olan problemləri məzunlar vasitəsilə də  həll etmək olar”.

 

BDU-nun 1999-cu il məzunu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye QUT:

 

“BDU-nun məzunu kimi mənim üçün də önəmli gündür. BDU məzunlarının bir platforma ətrafında birləşdiyini görmək isə xüsusilə xoşdur. BDU məzunları yeni addımlar atmağa hazırlaşırlar. Biz bir forum keçirdik və məzunların assosiasiyasını yaratmağa qərar verdik. Maraqlıdır ki, bu platformanı Azərbaycanla yanaşı, beynəlxalq səviyyədə də reallaşdıra bilərik. İsraildə 10-12 minə qədər  BDU məzunu var. Düşünürəm ki, Bakıda reallaşdırdığımız forumlardan birini də İsraildə gerçəkləşdirə bilərik. İsraildə yaşasaq da, hər birimizin ürəyi Azərbaycanla döyünür. Azərbaycanın problemləri, dərdi hər birimizin ağrılı yeridir.  Ona görə də bu platformadan istifadə edərək,  BDU-nu da, Azərbaycanı da dünyada tanıda bilərik”.

 

BDU-nun 1999-cu il məzunu, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təhsil aldığı universitetin 100 illiyi ilə bağlı tədbirlərdə iştirakını belə qiymətləndirib:

 

“Azərbaycan ictimai-siyasi fikrinin formalaşmasında, elminin, maarifinin inkişafında hər zaman aparıcı rol oynayan, öz sözü olan Bakı Dövlət Universitetinin 100 illiyinin belə təntənəli qeyd olunması təqdirəlayiqdir. Şərqin ilk universitetinin ilk məzunlar forumunda iştirak etmək çox qürurvericidir”.

 

Onun fikrincə, BDU çoxdan dəyərə çevrilib:

 

“Milli dəyərləri təbliğ edərək gələcəyə ötürülməsini uzun illərdir, öz üzərinə götürən BDU milli dəyərə çevrilib. 100 illiklə bağlı tədbirlər  qürurverici keçmişə baxışla yanaşı, gələcək planlar üzərində düşünmək üçün də gözəl səbəbdir. 100 illik yol keçmiş bir  universitetin qarşısına qoyduğu məqsədlər, ambisiyalar da fərqlidir. Texnoloji inqilab baş verdiyi, dünyanın dəyişdiyi indiki şəraitdə, Azərbaycanın inkişaf yolunu yenidən müəyyən etdiyi, yeni standartlara, yeni çağırışlara cavab verməyə cəhd etdiyi bir dövrdə universitetlərin missiyası nədən ibarət olmalıdır və BDU öz üzərinə hansı missiyanı götürməlidir?”

 

Bu nöqteyi-nəzərdən məzunlarla yeni münasibətlərin yaradılmasının əhəmiyyətini vurğulayan B.Aslanbəyli ölkəmizdə ilk dəfə BDU məzunlarının yaratdığı assosiasiyanın işinin də faydalı olacağına  inanır: “Dünya universitetlərində bu çoxdan tətbiq edilən praktikadır. Məzun-universitet münasibətləri hər iki tərəf üçün faydalıdır. Çünki bu institutdan həm məzunlar, həm də universitet faydalanır. Məzunların bir araya toplaşması  universitetin inkişafında onların iştirakı deməkdir. Hər kəsin universitetə bir vəfa borcu, onun inkişafında iştirak niyyəti var”.

 

B.Aslanbəyli BDU məzunlarının yeni yaranan assosiasiyasının, sadəcə məzunların əlaqələrinin güclənməsində deyil, kadr hazırlığında da rolu olacağını istisna etmir: “Təhsildə zəif olduğu qeyd edilən nəzəriyyə ilə praktik əlaqələrin qurulması nöqteyi-nəzərindən də assosiasiyanın rolu olacağını düşünürəm. Universitet tələbələrinin öz ixtisasları üzrə məzunlarla əlaqələr qurması nəticəsində mentor-tələbə münasibətləri yaranar ki, bu da tələbələrin peşə həyatına hazırlığında ciddi rol oynaya bilər”.  

 

Ruhiyyə DAŞSALAHLI