Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Araşdırmaları Mərkəzinin açılış və Yüksek Öğretim Kurulu (YÖK) sədri, professor Dr. Yekta Saraçın ADU-nun Fəxri doktoru adı ilə təltifolunma mərasimi keçirilib.

 

ADU-nun rektoru, akademik  Kamal Abdulla professor Yekta Saraçın  elm sahəsində adı olan və bu işlərə öz həyatını, daxili enerjisini vermiş insan kimi, nəinki Türkiyədə, həmçinin Azərbaycanda və bu ölkənin sərhədlərindən xeyli kənarda ciddi alim kimi tanındığını bildirib.

 

ADU-nun fəxri doktorları siyahısına belə alim və mötəbər insanın daxil edilməsinə ürəkdən sevindiyini bildirən K.Abdulla universitetdə fəaliyyət göstərən 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzlərindən söz açaraq, yeni mərkəzin – Türkiyə Araşdırmaları Mərkəzinin açıldığını da qeyd edib.

 

Yüksek Öğretim Kurulu (YÖK) sədri, professor Dr. Yekta Saraç iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığın mövcud olduğunu qeyd edərək, təhsil sahəsindəki əlaqələrin vacibliyindən danışıb. Dilin mədəniyyətin simvolu olduğunu deyən Y.Saraç ADU-nun dillərin öyrədilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O, Türkiyədə Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatının öyrədilməsinə xüsusi önəm verdiklərini vurğulayıb. Y.Saraç Fəxri doktor adına layiq görülməyi ilə də Azərbaycan və Türkiyə universitetləri arasında əlaqələrin qurulması və möhkəmləndirilməsinə xüsusi diqqət ayıracağını bildirib.

 

ADU-nun Elmi Şurasının qərarına əsasən, Türkiyə Respublikasının Yüksek Öğretim Kurulu (YÖK) sədri, professor Dr. Yekta Saraç Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin təhsil, mədəniyyət və elm istiqamətində əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Dillər Universitetinin Fəxri doktoru adı ilə təltif olunub. K.Abdulla professor Dr. Yekta Saraça ADU-nun Fəxri doktoru diplomunu təqdim edib.