Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçirilib.
Konfransda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Camal Mustafayev, təhsil eksperti, professor Şahlar Əsgərov iştirak ediblər.
Tədbirə bir çox xarici ölkələr-Çexiya, Rusiya, Türkmənistan, Qambiya, Çin və digər ölkələrin ali təhsil müəssisələrinin, eləcə də ölkəmizin ali məktəblərinin və Azərbaycan Milli Elmlər Akademiyası müvafiq elmi-tədqiqat institutlarının təmsilçiləri də qatılıblar.
BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, bu konfransın keçirilməsi universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addımdır.
“Konfrans müasir dövrümüz üçün çox aktual olan bir mövzuya həsr olunub və səmərəli fikir mübadiləsinin aparılması, qabaqcıl beynəlxalq təcrübənin təbliğ edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mövzu yalnız müəllim və tələbələr üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün olduqca vacibdir”-deyən rektor xüsusi vurğulayıb ki, ölkəmizdə elmin, təhsilin inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir.
N.Əliyevanın sözlərinə görə, Azərbaycanda aparılan təhsil islahatlarının miqyası genişlənir, yeni məzmun və forma kəsb edir, təhsil sistemimiz uğurla Avropa təhsil məkanına inteqrasiya edir; Azərbaycanlı gənclər dünyanın tanınmış, nüfuzlu və aparıcı universitetlərində ali təhsil alırlar.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev konfrans iştirakçılarını Təhsil Nazirliyinin rəhbərliyi adından təbrik edib və konfransın keçirilməsini təqdirəlayiq qiymətləndirib.
Qeyd edək ki, konfransın bölmə iclaslarında, ümumilikdə 209 məruzə müzakirə edilib. Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.
Tədbirin sonunda bölmə moderatorlarının hesabatları olub və müvafiq qərarlar qəbul edilib.