Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) və Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunan elmi konfrans keçirilib.

 

İnstitutun direktoru, akademik Yaqub Mahmudov BDU-nun müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olması, universitetin 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilməsi,  Tarix fakültəsinin də elə həmin dövrdən yaranmasından danışıb.

 

O, ulu öndər Heydər Əliyevi BDU-nun Tarix fakültəsinin dünya şöhrətli məzunu adlandırıb:”Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Ulu Öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq”.

 

Ötən əsrin 80-cı illərinin sonu - 90-cı illərin əvvəllərində BDU-nun Tarix fakültəsinin milli- azadlıq hərəkatının mərkəzlərindən biri olması fikri də vurğulanıb.

 

Çıxış edən Tarix fakültəsinin müəllimləri BDU-nu Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı adlandırıb,  bu ali məktəbin 100 il ərzində Azərbaycan xalqına müxtəlif sahələrdə xidmətlər etməsi,  yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar  yetişdirməsindən də danışıblar. 

 

Sonda BDU-nun tələbələrinə və konfransda iştirak edən müəllimlərə Tarix İnstitutunun nəşrləri təqdim olunub.