Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən məndən başlanır” adlı sosial layihənin ilk təqdimatı keçirilib.

 

Tədbirdə ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, millət vəkilləri, şəhid ailələri, qazilər, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

“ZƏFƏR” İB-nin sədri, şəhid polkovnik-leytenant Raqub Orucovun həyat yoldaşı Sevinc Orucova “Vətən məndən başlanır” devizi ilə gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyasının təbliğ olunmasından, gənclərin öhdəsinə düşən vəzifələrdən danışıb.

 

ADNSU-nun Tədris İşləri üzrə prorektoru, dosent Qasım Məmmədov  azərbaycançılığı təbliğ edən belə bir layihənin ilk təqdimatının məhz ADNSU-da keçirilməsinin qürurverici olduğunu deyib. Q.Məmmədov vətənin azadlığı uğrunda şəhid olan qəhrəmanların ömür yolunun hər bir gənc üçün örnək rolunu da qeyd edib.

 

Tarixçi alim Firdovsiyyə Əhmədova da vətən sevgisinin gənclərə aşılanmasının əhəmiyyətindən danışaraq, tarixi həqiqətlərin üzə çıxarılmasında, ərazi bütövlüyümüzün qorunub saxlanmasında, işğal olunmuş ərazilərin qaytarılmasında,  eyni zamanda ölkənin gələcək  inkişafına nail olunmasında məhz intellektual gənclərə ehtiyac duyulduğunu bildirib.

 

Millət vəkili Qənirə Paşayeva şəhidliyi ali dəyər adlandırıb və vurğulayıb ki, hər bir gənc, hər bir fərd  vətən naminə üzərinə düşən məsuliyyəti dərk etməli, bunun üçün vətənpərvər olmaqla yanaşı, həm də savadlı və bilikli olmalıdır.

 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı gənclər arasında vətənpərvərliyin düzgün təbliği istiqamətində bu cür sosial müzakirələrin xüsusi rolunu qeyd edib və şəhid ailələrinə cəmiyyətimizdə hər zaman diqqət,  dərin ehtiramın olduğunu bildirib.

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırlıb.