Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

 

BMU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranması, fəaliyyət istiqamətləri və universitetdə mövcud olan fakültələr haqqında məlumat verib. Rektor spesifik sahə üzrə yeganə təhsil ocağı olan Polis Akademiyası ilə görüşün əhəmiyyətindən bəhs edib və bu ildən akademiyada “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılmasını yüksək qiymətləndirib.

 

Eyni zamanda, rektor iki təhsil ocağı arasında mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə sahələrində nəzəri biliklərin artırılması məqsədilə mütəxəssislər hazırlayan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

 

Polis Akademiyasının rəisi Nazim Əliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və strukturu haqqında danışıb. BMU ilə Polis Akademiyası arasında əlaqələrin vacibliyini önə çəkən N.Əliyev kompüter mühəndisliyi və proqramlaşma biliklərinə malik olan mütəxəssislərə ehtiyac olduğunu bildirib, dövlətimizə xidmət edən mütəxəssislərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin daha da artırılmasının vacibliyini nəzərə çatdırıb.

 

Sonra BMU-nun Sistem mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbələri “Süni intellekt nədir?”,  “OpenCv və tətbiq sahələri”, “Üz və emosiyanın tanınması” mövzularında, eləcə də kibercinayətkarlığın qarşısının alınması üçün tətbiq olunan proqramlarla bağlı təqdimatla çıxış ediblər.

 

Daha sonra BMU ilə Polis Akademiyası arasında təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə saziş imzalanıb.