Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanda Memarlıq təhsilinin  100 illiyinə həsr edilmiş kurs və buraxılış işlərindən ibarət sərginin açılış mərasimi olub.

 

Tədbirdə dövlət və özəl qurumlardan nümayəndələr, universitet rektorları, partnyor təşkilatların rəhbərləri iştirak ediblər.

         

Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova bildirib ki, sərgiyə Memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq   abidələrinin bərpası, landşaft  ixtisasları üzrə 30-a yaxın buraxılış və 100 kurs işi  təqdim olunub.       

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanda memarlıq  təhsilinin tarixindən, keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, Memarlıq ixtisası üzrə kadr hazırlığı işinə 1920-ci ildən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutu adlanan təhsil ocağının İnşaat fakültəsinin Memarlıq bölməsində başlanılıb. 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq bölməsində davam etdirilib. 1968-ci ildə bu bölmənin əsasında ayrıca Memarlıq fakültəsi yaradılıb.

 

Rektor vurğulayıb ki, 100 ilə yaxın tarixi olan Memarlıq fakültəsi öz ənənələrinə görə, həm universitetin digər fakültələri, həm də memarlıq ixtisası tədris olunan digər ali məktəblər arasında həmişə seçilib.        

 

G.Məmmədova fakültənin bu günündən də danışıb. “Fakültə memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər hazırlayır və təhsilin hər iki pilləsində 1100-dən artıq tələbə təhsil alır, onlardan 300-ə yaxını əcnəbidir. Fakültənin professor-müəllim heyətinin böyük qismi memarlıq layihələndirilməsi - şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində  respublikanın  tanınmış  mütəxəssisləri  və  alimləridir. 

 

Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev, Bakı şəhərinin Baş memarı Akif Abdullayev, MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov, Dövlət Turizm Agentliyinin nümayəndəsi yubiley münasibəti ilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik ediblər.

        

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə 19 bakalavr işi və 4 magistr dissertasiyasının fəxri diplomlara layiq görülməsi, 14 nəfərin I dərəcəli, 9 nəfərin isə II dərəcəli  diplom qazanması münasibəti ilə universitet və fakültə rəhbərliyini təbrik edib. E.Qasımzadə qeyd edib ki, görülən işlər uğurlu nəticədir, eyni   zamanda  tanınmış  memarlıq  məktəbləri ilə  yarışmağa  qadir  olmağımızın gözəl nümunəsidir.