Noyabrın 20-də Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”, həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib.

 

Sözügedən Dövlət Proqramı çərçivəsində hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu istiqamətdə əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açacaq.

 

Proqramın icra dövrü ərzində yerli ali təhsil müəssisələrində 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq. Sözügedən proqramların seçimində əsas meyar kimi xarici tərəfdaş ali təhsil müəssisəsinin beynəlxalq reytinq siyahılarında yer alması, bakalavr ali peşə-ixtisas dərəcəsi və magistr ali elmi-ixtisas dərəcəsi vermək səlahiyyətinin onun fəaliyyət göstərdiyi ölkənin müvafiq dövlət qurumları, keyfiyyət və akkreditasiyaya məsul aidiyyəti təşkilatları tərəfindən tanınması, həmin ali təhsil müəssisəsinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma ali təhsil müəssisələri ilə əməkdaşlıq etməməsi kimi şərtlər öz əksini tapır.

 

Bununla yanaşı, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hər iki icra istiqaməti üzrə nəzərdə tutulmuş məqsədlərin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin nəzdində İdarəetmə Qrupu formalaşdırılacaq.