Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunan “Həmid Araslı Azərbaycan klassik ədəbiyyatının və folklorunun yorulmaz tədqiqatçısı kimi” mövzusunda elmi konfrans keçirilib.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov akademik H.Araslının Azərbaycan ədəbiyyatşünaslığı və folklorşünaslığının inkişafında müstəsna xidmətlərindən danışıb. O deyib ki, akademik öz araşdırmaları və tədqiqatları ilə həqiqətən də  ədəbiyyatşünaslığa böyük töhfələr verib, folklorumuzun tədqiqi sahəsində yorulmadan çalışıb, “Kitabi Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin işıq üzü görməsinə nail olub, görkəmli klassiklərimiz- Nizami, Nəsimi, Füzuli kimi dahilərin irsinin öyrənilməsində böyük zəhmət çəkib, mükəmməl monoqrafiya və elmi məqalələr müəllifi kimi tanınıb.

 

ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev “Azərbaycan ədəbiyyatşünaslığının inkişafında akademik Həmid Araslının rolu”, Ədəbiyyat kafedrasının dosenti Qüdrət Umudov “Akademik Həmid Araslının folklorşünaslıq fəaliyyəti” mövzularında məruzə ediblər.

 

Məruzələr ətrafında  professor Qəzənfər Paşayev, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva və başqaları çıxış edərək, H.Araslı ilə bağlı maraqlı məlumatlar veriblər.

 

Akademikin qızı, AMEA-nın Ədəbiyyat İnstititunun Nizamişünaslıq şöbəsinin müdiri, professor Nüşabə Araslı da atasının elmi yaradıcılığı, pedaqoji fəaliyyəti barədə ətraflı çıxış edib.