Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunan “Çün Nəsimi əyyamın sultanıdır, Dövr onun, dövran onun dövranıdır!” adlı geniş tədbir keçirilib.

 

Prezident  Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov,  Təhsil nazirinin müavini Firudin Qurbanov,  “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri  Sona Vəliyeva, xarici ölkə səfirliklərinin nümayəndələri, Xalq artisti Rasim Balayev və digər qurumların təmsilçiləri iştirak ediblər.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.

 

“Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq yaradıcı üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir... Ulu Öndər Heydər Əliyevin  təşəbbüsü ilə  Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş  və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən, Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Nəsiminin adını daşıyır”-deyən rektor Nəsimi yaradıcılığının uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olduğunu da vurğulayıb.  

 

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli azadlıq ideyalarının Nəsimi yaradıcılığında geniş əksini tapdığını qeyd edib.

 

Xalq artisti Rasim Balayev Nəsimi yaradıcılığına verilən yüksək qiymətə və tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib.

 

Tədbir bədii-musiqili hissə ilə davam edib.