Peşə Təhsili üzrə Dövlət Agentliyi, peşə təhsili müəssisələri və işəgötürən şirkətlərin nümayəndələrindən ibarət heyət Bosniya-Herseqovina və Serbiya respublikalarında təlim səfərinə qatılıb.

 

Nümayəndə heyəti  Bosniya və Hersoqovina Respublikasının Dövlət Qulluğu Nazirliyini, müxtəlif kantonlarda yerləşən peşə təhsili müəssisələrini və işəgötürən şirkətləri ziyarət edib. 

 

Səfərin iştirakçıları dual peşə təhsilinin tətbiqi üçün hüquqi bazanın formalaşdırılması, özəl sektor nümayəndələri, maraqlı tərəflərlə əməkdaşlıq strukturlarının gücləndirilməsi, iş yerlərində təlimlərin keçirilməsi, maliyyə müstəqilliyinin artırılması və idarə edilməsi prosesləri ilə tanış olublar.

 

Qeyd edək ki, təlim səfəri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən  “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

 

Məqsəd Şərqi Avropa ölkələrində dual peşə təhsili elementlərinin tətbiqi ilə bağlı  qabaqcıl təcrübələrlə tanış olmaq, dual peşə təhsili və təlimi  modelinin Azərbaycanın peşə təhsili sahəsində həyata keçirilməsi  metodlarının öyrənilməsidir.