Türkiyənin Antalya şəhərində məktəblilər arasında XI Beynəlxalq olimpiada keçirilib. Olimpiada Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu, Antalya Şəhər Meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunub.
III – XI siniflər və tələbələr arasında riyaziyyat, rus, ingilis, türk dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət fənləri və şahmat üzrə keçirilən olimpiadada Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Azərbaycan və Türkiyənin 30-dan çox məktəblərini təmsil edən 900-dən artıq şagird iştirak edib. Azərbaycanı bu olimpiadada Avropa Azərbaycan Məktəbi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksi təmsil edib.
Qeyd edək ki, olimpiada yaradıcılıq, elmi-tədqiqat qabiliyyətlərinin formalaşdırılması və inkişaf etdirilməsi, şagirdlər arasında mədəniyyətlərarası ünsiyyətin inkişafına dəstək məqsədi daşıyıb.
Olimpiadada Avropa Azərbaycan Məktəbinin 12 şagirdi iştirak edib və tədbir rus, ingilis dillərində keçirildiyinə görə şagirdlərin dil bacarıqları nəzərə alınıb.
Altıncı sinif şagirdləri Kənan İbrahimli və Cihad Rəhimli riyaziyyat fənni üzrə gümüş, doqquzuncu sinif şagirdi Aytac Aslanlı isə kimya fənni üzrə bürünc medal qazanıb.
Avropa Azərbaycan Məktəbinin olimpiadada ingilis dili fənni üzrə ən uğurlu nəticə göstərən şagirdləri- Rüstəm Hacızadə qızıl, Abdulla Altınay və Sara Nabikoğlu gümüş, Rəmziyyə Axundova isə bürünc medal əldə edib.
Medal və kubokları qaliblərə Antalyadakı Beynəlxalq Turizm Akademiyasının rektoru Zafer Bikkenoğlu və Antalyadakı Rus Məktəbinin direktoru İrina Şavarinskaya təqdim edib.