Onlar qazandıqları nailiyyətlərlə kifayətlənmirlər
Müəllim olmaq. Özü də seçilən, sevilən müəllim. Heç də asan deyil, elə deyilmi? Onlar bunu bacardılar. Həm də yaşından, təhsilindən, təcrübəsindən asılı olmayaraq. Onları ölkəmizin böyük şəhərləri yox, hətta bölgələri yetişdirdi. Öyrətməyi ali məktəblərimizlə yanaşı, kolleclərimizdə öyrəndilər. Bu da nəticə. Sadəcə, dərs dedikləri şagirdlərə deyil, öyrənmək istəyənlərə müəllimlik edirlər. Qısa zamanda “Bizim müəllim”ə çevrildilər. İndi hər kəsin gözündə məhz “Bizim müəllim”dirlər.
“Hər bəyənilən dərsim mənim üçün böyük uğurdur”
Gülnar Allahverdiyeva Sumqayıtda doğulub, elə bu şəhərdə də böyüyüb. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin tələbəsi adını daşıyıb. Bu təhsil ocağında Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika müəllimliyi ixtisası üzrə təhsilini tamamlayandan sonra özünü müəllim kimi sınamaq qərarına gəlib. Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəyə də bu niyyətlə baş vurub və qazanıb. Xəzər rayonundakı 92 nömrəli tam orta məktəbdə işləmək şansı qazanıb: “Amma gedib orada işləmədim. Qazandığım yerdən imtina etməli oldum. Yol uzaq göründü. Mənə elə gəldi ki, hər gün gedib-gələ bilmərəm. Amma MİQ-in növbəti imtahanlarına qədər də işsiz dayanmadım. Sumqayıtda yerləşən Qarailyasov adına Qubadlı şəhər 1 nömrəli orta məktəbində kompüter laborantı olaraq çalışdım”.
Növbəti müəllimlərin işə qəbulu müsabiqəsində Şuşa rayon 9 nömrəli tam orta məktəbinə qəbul olunub. Bu dəfə yolun uzaqlığı müəllimlik həvəsində olan gənc Gülnarın, deyəsən, heç gözünə görünməyib. 4 il bu məktəbdə çalışıb. Elə bu məktəbin müəllimi olaraq müəllimlərin diaqnostik qiymətləndirilməsinə qatılıb və 56 bal toplayıb. Həmin balla 2018-ci ildə iş yerini Sumqayıtda yerləşən Nadir Ərşadoğlu adına Qubadlı rayon Dondarlı kənd tam orta məktəbinə, bu il isə Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbinə dəyişib.
Şagirdlərinin arasında onlardan fərqlənməyən gənc informatika müəllimi artıq bir nümunədir. Özü gənclərə, dərsləri həmkarlarına. İşlədiyi məktəblərdə təşkil etdiyi “açıq dərs”ləri, “dəyirmi masa”ları onu qısa zaman kəsiyində tanıtdırıb: “Qubadlı məktəbində şərait olmadığından geniş fəaliyyət göstərə bilmirdim. Ancaq Şuşa məktəbində dərs nümunələrim kifayət qədər yayılıb. “Kompüter və informasiya” mövzusunda “açıq dərs”, “Dünyada ilk proqramçı” mövzusunda təşkil etdiyim “dəyirmi masa” Şuşa Rayon Təhsil Şöbəsinin saytında da yerləşdirilib. Ada Lavleysin 203 illiyinə həsr etdiyim “dəyirmi masa” çox maraqla qarşılanıb. Hər bəyənilən dərsim mənim üçün böyük uğurdur. Mən bu uğurlarımı davam etdirəcəyəm”.
Dərsləri onu sadəcə rayon səviyyəsində deyil, ölkə səviyyəsində də fərqləndirib. Peşəkarlığını həm verdiyi imtahanlarda, həm də keçirdiyi dərslərində göstərən Gülnar müəllim Təhsil Nazirliyinin “Bizim müəllim”, İnsan Resursları Mərkəzinin “Bir müəllim tanıyıram” layihələrinin iştirakçısı olub. Pedaqoji mühazirələrə qatılan informatika müəllimi orada da uğurla iştirak edib. Əsas hədəfi yaxşı müəllim olmaq, şagirdlərinə bacardığı qədər öyrətməkdir: “Bacardığım qədər yaxşı, daha çox şey öyrətmək istəyirəm. Şagirdlərimə kompüter tətbiqlərini dərindən mənimsətməyə çalışıram. İstəyirəm ki, şagirdlərim məktəbi bitirəndə kompüterdə rahat işləməyi bacarsınlar”.
“Müəllim olmaq istədiyimi eşidəndə...”
Təbriz Nurəddinli 27 yaşındadır, ancaq artıq hazırladığı gənclər müəllimlərin işə qəbulu üzrə müsabiqədə özünü təsdiq edərək dövlət ümumi təhsil müəssisələrində müəllimlik etmək səlahiyyəti qazanıblar. Özü də hər imtahandan üzüağ çıxıb. Riyaziyyata olan sevgisi və öz üzərində işləmək, özünü təkmilləşdirmək həvəsi bəhrəsini verib. İndi Gəncə şəhərindəki 3 nömrəli tam orta məktəbin adlı-sanlı müəllimidir.
İlk addımını atdığı ümumtəhsil müəssisəsi Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəb olub. Şagird kimi getdiyi bu məktəbdə ilk dəfə toplayıb-çıxmağı, vurub-bölməyi öyrənib. Vurma cədvəlini əzbərləyə-əzbərləyə bir baxıb ki, özü riyaziyyata vurulub. Riyaziyyat elə elmdirmi ki, onu sevməyəsən?! Dayısının da riyaziyyat müəllimi olması onun taleyini həll edib: “Mən də dayım kimi riyaziyyatçı oldum. Amma müəllimliyi sevməyimdə riyaziyyat müəllimi dayımla yanaşı, ibtidai sinif müəllimi olan anam da rol oynadı. Müəllim olmaq istədiyimi eşidəndə hamıdan çox anam sevindi”.
Elə bu istəklə 36 nömrəli məktəbdən təhsil sənədini alan kimi baş vurub Gəncə Dövlət Universitetinə. 2009-2013-cü illərdə riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr təhsili alan Təbriz vətənə olan borcunu da unutmayıb. Döyüş bölgəsində torpaqların keşiyini çəkib. Necə deyərlər, əlində təbaşir tutmağı da, silah tutmağı da bacardığını göstərib. 2014-cü ildə hərbi xidmətdən qayıdan kimi yarımçıq qoyduğu təhsilini davam etdirmək üçün addım atıb. Elə məzun olduğu Gəncə Dövlət Universitetində riyazi analiz ixtisası üzrə magistr təhsili almağa başlayıb. Bununla da kifayətlənməyib: “Magistraturada dərslərim günorta başlayırdı. Mən də səhər saatlarımı dəyərləndirməyə qərar verdim. Məlumdur ki, qanunlarımız magistr təhsili ala-ala işləmək imkanı verir. Mən də bu imkandan istifadə etdim. 2015-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatıldım. İmtahanı uğurla başa vurub Gəncədəki Xocalı məktəbində işləmək hüququ qazandım. 2017-ci ilə qədər bu məktəbin müəllimi oldum. Müəllimlərin diaqnostik qiymətləndirilməsinə qatıldım. 57 bal toplayıb yüksək nəticə qazananlardan biri oldum. Elə həmin nəticə ilə də müəllimlərin yerdəyişməsi müsabiqəsinə qatıldım və Gəncə şəhər 3 nömrəli tam orta məktəbində çalışmaq hüququ qazandım. İndi burada 20 saat dərs aparıram. Məktəbin verdiyi geniş imkanlardan yararlanıb daha yaxşı dərs deməyə çalışıram. Dərsimi ən müasir metodlarla idarə etmək üçün daim öz üzərimdə çalışır, yeniliklərlə maraqlanıram. Bir prinsipim var: ölkə təhsilinə mən də öz töhfəmi vermək, burada bir iz qoymaq istəyirəm”.
Karyera pilləsində böyüməyi hədəfləyən gənc müəllim öncə məktəbi “böyüdüb”: “Xocalı məktəbi də yaxşı idi. Ancaq daha böyük, daha müasir məktəbdə işləmək istəyirdim. Ona görə də yerdəyişmə müsabiqəsinə qatıldım. Düşündüm ki, böyük məktəb geniş imkanlar deməkdir. Ancaq bununla da kifayətlənməyəcəyəm. Bakalavr pilləsini daha yaxşı nəticə ilə tamamladım. Magistraturada isə özümü daha da təkmilləşdirdim və bakalavriatdakından yüksək nəticə ortaya qoydum. Bu pilləni əla qiymətlərlə başa vurdum. Doktorantura təhsili də almaq istəyirəm”.
Necə deyərlər, Təbriz özü də oxuyur, oxumaq istəyənlərə də kömək edir: “Artıq neçə ildir ki, gəncləri fərdi qaydada müəllimlərin işə qəbulu imtahanlarına hazırlaşdırıram. Onların arasında yaxşı nəticələr göstərib Azərbaycanın müxtəlif rayonlarında müəllimliyə başlayanlar var. Bu ildən isə şagirdlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlığına kömək edirəm. Hesab edirəm ki, dövlətim məni indiyədək pulsuz oxutdurub, onun borcunu qaytarmağın vaxtıdır. Mən də dövlətim üçün nəsə etməliyəm. Ona görə də yeniliklərlə maraqlanan, daim öz üzərində çalışan, yetirmələri ilə öyünən və yerində durmayan, inkişaf edən müəllim olmalıyam. Tezliklə şagirdlərimin olimpiadalara hazırlığını da təşkil etməyə çalışacağam. Bir sözlə, ölkəmiz dünyaya inteqrasiya edir. Mən də innovativ, qabaqcıl, dünyadakı yenilikləri Azərbaycan məktəbində uğurla tətbiq edən müəllimlərdən olacağam”.
“Şagirdlərim də mənim dünyamdır”
Lənkəran onun doğulduğu, böyüdüyü, oxuduğu və pedaqoji fəaliyyətə başladığı, sevdiyi, eləcə də sevildiyi şəhər oldu. Bu şəhərdə oxudu, bu şəhərdə yüksəldi. Müəllim ailəsinin uşağı idi, özü də bir müəllim oldu. Burada qəribə nə var, deyəcəksiniz. Evdə də, məktəbdə də müəllim tərbiyəsi görüb, axırda müəllimliyi seçməkdən təbii nə ola bilər ki. Atası da, anası da müəllim olan Həyat Fərzəliyeva artıq “37 ildir bu şərəfli peşəni qürurla icra edirəm”, - deyir: “Atam riyaziyyat, anam ədəbiyyat müəllimi olub. Mən də müəlliməm”.
Ötən 37 ildə nə qədər uşağın əlindən tutub hərf yazmağı öyrətdiyini indi özü də xatırlamır. Nə qədər insanın təhsilinin təməlini məhz o atıb: “Düz 37 ildir ki, ibtidai sinif müəllimiyəm. Bu ildən artıq məktəbəhazırlıq qrupum da var. Onlarla işləmək də bir ayrı dünyadır”.
Məktəbə ayaq basan körpə gözlər ilk onu görür, müəllim deyə ilk onu tanıyırlar. Müəllimin obrazı məhz onun simasında canlanıb şagirdlərinin gözündə. Şagirdləri də onun həyatına rəng qatıb. Öyrətməkdən həzz alan Həyat müəllim hər körpə əli tək-tək tutub, hər birinə ayrı metodika tətbiq edib, hərəsi ilə ayrıca işləyib, hamısına fərdi yanaşıb: “Müəllimliyi sevirəm. Uşaqlarımla qürur duyuram. Başqa cür ola da bilməz. Şagirdlərim mənim dünyamdır”.
Bu dünyaya atasının istəyi ilə girib. Onu müəllim görmək atasının arzusu olub: “1970-1978-ci illərdə Lənkəran şəhər 3 nömrəli tam orta məktəbində təhsil almışam. Sonra atamın istəyi ilə Lənkəran pedaqoji məktəbinə getdim. Məktəbi fərqlənmə diplomu ilə bitirdim. 1982-ci ildən Lənkəran şəhər 5 nömrəli orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başladım. Müəllim kimi imtahana girdim. 2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirməsi imtahanında 58 bal topladım. Müəllim kimi özümü təsdiq etdim. Yaxşı ki, atamın istəyini yerinə yetirdim. Hesab edirəm ki, o, bir müəllim olaraq mənim hansı peşədə uğur qazanacağımı bilirdi. Həm övladı, həm də şagirdi kimi məni yaxşı tanıyıb. Mənimlə bağlı qərarında yanılmayıb. İşimi çox sevirəm. Düşünürəm ki, müəllim kimi uğurlarım məhz bu peşəyə sevgimdən qaynaqlanır. Ailəmdə, məktəbimdə aşılanan sevgim indi şagirdlərimdə bəslənir və ildən-ilə daha da artır. Hər halda ömrümün sonuna kimi də davam edəcək”.
Ruhiyyə DAŞSALAHLI