Müasirləşmə təhsilin bütün pillələrində müşahidə olunur
Təhsilin bütün pillələri üzrə çevik idarəetmə sistemi, dəyişikliklər üçün hüquqi baza yaradılıb. Ona görə də təhsil sahəsində əldə edilən uğurlardan biri məhz həyata keçirilən islahatların əsasında qanunvericilik bazasının durmasıdır. Bu da təsadüfi deyil. Artıq 6 ildir ki, qəbul olunub icraya yönəldilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda beş strateji istiqamətdə genişmiqyaslı tədbirlər nəzərdə tutulub və ona uyğun addımlar atılıb. Sənədin uğurla icrası nəticəsində yeni qanunlar, standartlar ortaya çıxıb. Mövcud qanunvericilik bazasının formalaşmasında birbaşa rolu olan bir qurumun - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində həyata keçirilən təhsil islahatlarını belə şərh edib:
- Ölkəmizdə davamlı olaraq keçirilən təhsil islahatları milli təhsilin inkişaf etdirilməsinə və cəmiyyətin həyatında təhsilin rolunun daha da artmasına xidmət edir. Bu istiqamətdə birinci mərhələ təhsilin keçmiş sosialist düşüncəsindən xilas edilməsi və milli təhsil modelinin formalaşdırılmasından ibarət idi. Bir qədər uzun sürən bu prosesdə qloballaşma dalğası adı altında təhsil sistemində birtərəfli şəkildə Qərb meyillərinin üstünlüyü müşahidə olunurdu. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə ilk növbədə təhsilin başlıca vəzifəsi müəyyən olundu. Sənəddə də qeyd olunduğu kimi, “milli-mənəvi və ümumbəşəri dəyərləri doğuran və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq” təhsil sisteminin başlıca vəzifələri hesab edildi. Bu isə, öz növbəsində, Azərbaycan təhsilində ölkə maraqları ilə dünya təcrübəsinin ahəngdar şəkildə uzlaşdırılmasına şərait yaradıb.Təhsil Nazirliyinin həyata keçirdiyi məqsədyönlü islahatlar “Dövlət Strategiyası”nda müəyyən olunmuş ölkədə səriştəyə əsaslanan şəxsiyyətyönlü yeni nəslin hazırlanmasına, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsinə, innovativ təlim metodlarının tətbiqinin genişləndirilməsinə, səmərəli idarəetmə mexanizmlərinin yaradılmasına nail olmağa meydan açıb. Bütün bunlar isə son nəticədə dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin qurulması istiqamətində dönmədən fəaliyyət göstərmək deməkdir. Etiraf etmək lazımdır ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində atılan addımlar ölkəmizdə yeni təhsil mühitini formalaşdırıb. Bu yeniləşmə və müasirləşmə təhsilin bütün pillələrində müşahidə olunmaqdadır. Artıq uzun illər ərzində diqqətdən kənarda qalan məktəbəqədər təhsil yeni məzmunda inkişaf edir. İlk dəfə olaraq məktəbəqədər hazırlıq qruplarında təhsilin tətbiqi, birinci siniflərə qəbul zamanı 6 yaş həddinə dair aylar üzrə məhdudiyyətin aradan qaldırılması, dünya və ölkə olimpiadalarının rolunun genişləndirilməsi, təmayül qruplarının fəaliyyətə başlaması və sair kimi tədbirlər yeni təhsil mühitinin inkişafına ciddi təsir göstərir. Peşə təhsili sahəsində isə inqilabi dönüş baş verib. Bu mühüm təhsil sahəsi yenidən qurulduqdan sonra bir çox peşə təhsili ixtisaslarına qəbulda ali məktəblərdəki səviyyədə, bəzən daha artıq şəkildə rəqabət müşahidə edilməkdədir. Ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə aparılan islahatlar da təhsilin bu mərhələsinin inkişafında ciddi dönüşə nail olmağa imkan verib. Ali məktəbə qəbulda orta məktəb məzunlarının faizinin nəzərəçarpacaq səviyyədə artması ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi deməkdir. Həmçinin, xaricdə ali təhsil almağa kütləvi axın eyforiyasının aradan qalxması ölkə ali məktəblərində mütəxəssis hazırlığında dönüşün baş verdiyindən söz açmağa əsas verir. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində müəyyən etdiyi Strategiyanın uğurlu nəticələridir.
- Təhsilin bir sıra sahələrində baş verən dəyişikliklərə toxundunuz. Hansı ki, həmin dəyişikliklərdə Milli Məclisin Elm və təhsil komitəsinin də rolu var. Çünki təhsil sahəsində baş verən böyük dəyişikliklərin qanunvericilik bazası məhz bu qurumda hazırlanıb...
- Ölkəmiz müstəqillik qazanandan sonra milli təhsil sisteminin qanunvericilik bazasının formalaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. İlk növbədə, 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə təhsilin bütün pillələrinin ölkə maraqları əsasında inkişafının tənzimlənməsinə doğru geniş üfüqlər açılıb. Milli Məclisin Beşinci çağırışı dövründə, yəni 2015-2019-cu illərdə “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunların qəbul edilməsi Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsinə dəstək və hüquqi təminat funksiyalarını yerinə yetirib. Yeri gəlmişkən, adlarını çəkdiyim qanunların hazırlanmasında millət vəkilləri ilə yanaşı, Təhsil Nazirliyi sistemində çalışan alimlər və mütəxəssislər yaxından iştirak etmişlər. Qanunlar hazırlanarkən dünya təcrübəsi ilə yanaşı, ölkə təhsilinin reallıqlarının və perspektiv inkişafının nəzərə alınması əsas meyarımız olub. Bundan başqa, qanunların təhsil sistemi üçün işlək mexanizmlərin yaradılmasına şərait yaratmasını da həmişə diqqət mərkəzində saxlamışıq. Bu məqamda isə Milli Məclisin Elm və təhsil komitəsi ilə Təhsil Nazirliyinin qarşılıqlı fəaliyyətini və əməkdaşlığını ümumi işimizə fayda verən mühüm amil kimi xüsusi olaraq qeyd etməyi lazım bilirəm.
- Bundan sonrakı mərhələdə qanunvericilik sahəsində hansı yeniliklər gözlənilir?
- Milli Məclisin Elm və təhsil komitəsində hazırda “Ali təhsil haqqında” Qanun layihəsi üzərində iş aparılır. Deputat həmkarlarım arasında ali təhsil sahəsində kifayət qədər təcrübəsi olanlar üstünlük təşkil edir. Onların təklifləri qanun layihəsini müasir tələblər əsasında formalaşdırmaqda bizə kömək edir. Bununla belə, ali təhsil sisteminin real təşkilatçılarının və məsul icraçılarının da təklifləri bizim üçün son dərəcə əhəmiyyətlidir. Təhsil Nazirliyindən olan işçi qrupunun təmsilçiləri ölkə ali təhsil ictimaiyyətinin rəyləri əsasında təkliflər paketi hazırlayıblar. Ali təhsilin xüsusi əhəmiyyəti nəzərə alınaraq həmin təkliflər paketi nazirlikdə bir neçə mərhələdə müzakirə olunub. “Ali təhsil haqqında” Qanun layihəsində bu təkliflərin özünəməxsus yeri olacaq. Bundan başqa, yaxın gələcəkdə “Təhsil kreditləri haqqında” Qanunun hazırlanmasını da zəruri hesab edirik. Bu, zamanın sifarişidir. Milli Məclisdə digər komitələrdə də “Təhsil kreditləri haqqında” alternativ Qanun layihələri hazırlanıb. Biz “Təhsil kreditləri haqqında” Qanun layihəsi üzrə işə başlayanda Elm və təhsil komitəsinin, digər komitələrdən olan deputat həmkarlarımızın və Təhsil Nazirliyinin səylərini birləşdirməyi düşünürük. Hesab edirik ki, bu, daha faydalı olar. Onu da qeyd edim ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondu artıq bu istiqamətdə müəyyən məsafə qət edib. Onların təcrübəsi qeyd edilən sahədə mövcud reallıqların qiymətləndirilməsində bizim üçün faydalı olacaq.
- Bu gün təhsildə “keyfiyyət”dən çox danışırıq. Siz keyfiyyət baxımından təhsildə nələri vacib amillər hesab edirsiniz?
- Keyfiyyətli təhsil üçün ölkəmizdə hər cür şərait var. Məktəb tikintisi və məktəblərin müasir texnologiya ilə təchiz olunması sahəsində mühüm nailiyyətlər qazanılıb. Ali məktəblərdə müəllimlik ixtisaslarına maraq artıb. Elmi-pedaqoji işçilərin sosial müdafiəsi yaxşılaşdırılıb. Bütün bunlar yeni nəslə keyfiyyətli təhsil vermək üçün əsas meyarlardır. Fikrimcə, cavabdehlik hissini artırmaq, daim yaradıcı axtarışda olmaq və müasirlik ruhu təhsildə keyfiyyətin təmin edilməsinə təminat verən əsas amillərdir. Ümumiyyətlə, müstəqil Azərbaycanın vətənpərvər və hərtərəfli hazırlığa malik yeni nəslini hazırlamaq əsl şərəf işidir. Bu məqamda qanunvericilik fəaliyyəti ilə məşğul olanlarla təhsil işçilərinin fəaliyyəti bir-birini tamamlayır.
Ruhiyyə DAŞSALAHLI