Masazırda İngilis dili Resurs və Təlim Mərkəzinin açılışı olub


Altay Nəcəfzadə, Ömər Məmmədov yeddinci, Zeynəb Əlizadə, Zəhra Yaqubova, Məqsəd Babayev, Xədicə Bəşirli isə beşinci sinifdə oxuyurlar. Onları bir qrupda birləşdirən isə bu uşaqların ingilis dilində danışıq səviyyəsidir.

 

Onlar Masazır qəsəbəsində yerləşən Zəngilan rayon 33 nömrəli  məktəbin şagirdləridir. Bu təhsil müəssisəsi nəzdində yenicə açılan İngilis dili Resurs və Təlim Mərkəzinin isə iştirakçıları. Mərkəzin koordinatoru və 33 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Günay Əkbərovanın sözlərinə görə, Mərkəz artıq bir aya yaxındır ki, tam fəaliyyətdədir. Əsas özəlliyi də odur ki, xidmət sahəsi çox genişdir. Belə ki, Masazır 33 nömrəli tam orta məktəbin nəzdində yaradılsa da, Abşeron rayonu ərazisində ingilis dilində öyrənmək istəyən hər kəsin istifadəsində olacaq: “Qısa zamanda ingilis dilində danışmağı öyrənmək istəyən hər kəs Resurs və Təlim Mərkəzinin imkanlarından istifadə edə bilər”.

 

Mərkəzə gələnlər sadəcə ingiliscə öyrənməyəcək. Çünki burada tətbiq edilən proqram ingilis dilinin yüksək səviyyədə tədrisi ilə yanaşı, karyera yolunda zəruri olan liderlik və ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı da verir. Gənclər arasında və onların aid olduğu icmalarda tolerantlıq, dialoq anlayışlarının daha yaxşı başa düşülməsi də proqramın istiqamətlərindən biridir. Proqram çərçivəsində iştirakçıların daha geniş dünyaya açılmasına kömək edən tənqidi düşüncə, problemlərin həlli, ünsiyyət və müzakirə bacarıqları da inkişaf etdiriləcək. Onlar müxtəlif baxışlar və nöqteyi-nəzərlərlə qarşılaşmaq, vəziyyətləri tənqidi təhlil etmək və fikirlərini ifadə etmək imkanına sahib olacaqlar.

 

Danışa-danışa öyrədirik

 

Resurs və Təlim Mərkəzinin təlimçiləri də 33 nömrəli tam orta məktəbin müəllimləridir. Onlar əvvəlcə təlimlərə qatılıb, necə və nəyi öyrədəcəklərini öyrənib və yalnız bundan sonra iş başına keçiblər.  G.Əkbərova artıq öyrətməyə hazır olduqlarını deyir: “British Council” seçilmiş icmalarda müəllimlərlə də işləyir, onların özündən əminliyini, bilik və bacarıqlarını inkişaf etdirməsinə yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübə və resurslarından istifadə edir. Odur ki, bu proqram da müəllimlərin ehtiyaclarını müəyyən edir, onlara inkişaf imkanları verir, sinifdə yenilikçi tədris resursları və təcrübələrindən istifadə etməyə hazırlayır”.

 

Qeyd edək ki, sözügedən proqram çərçivəsində müəllimlərin yeni ideyalar, tədris təcrübələri və yerli ehtiyaclarını müzakirə etmək məqsədilə bir araya gəlməsi üçün beş yeni “Müəllimlərin Fəaliyyət Qrupu” (Teacher Activity Group) yaradılacaq. Bununla da müəllimlərin uzunmüddətli müsbət dəyişikliklərə təsir etmək və yaşadıqları icmaya töhfə vermək imkanına sahib olacaqları düşünülür.

 

Mərkəzin təlimçisi, 33 nömrəli məktəbin ingilis dili müəllimi Natəvan Həsənova Resurs və Təlim Mərkəzində tətbiq edilən metodun üstünlüyünü belə əsaslandırır: “Bizim tətbiq edəcəyimiz metod çox maraqlıdır. Danışıq üstünlük təşkil edən bu öyrənmə proqramında əyləncəli yollar seçilir, uşaqlara ingilis dili oyunlarla öyrədilir. Burada danışığa üstünlük verildiyindən şagirdlərimiz danışa-danışa öyrənirlər. Qrupun səviyyəsindən asılı olaraq sözlər seçir, onlarla ancaq ingiliscə danışırıq”.

 

N.Həsənova ingiliscə danışıq məşğələlərinə qatılmağın şərtlərindən də danışıb: “Abşeron ərazisində yaşayan hər kəs ingilis dilində danışmağa Mərkəzə üzv olaraq, dərslərə qatılmaqla başlaya bilər. Təlimlərdən nə qədər çox insan faydalansa, bizim üçün bir o qədər yaxşıdır. Ehtiyac olarsa, məktəbdə daha çox həvəskara təlim keçmək imkanımız var. Bunun üçün əlavə otaq da ayrıla bilər. Təlimlər tamamilə ödənişsizdir”.

 

Növbəti beşliyin birincisi

 

Qeyd edək ki, Masazır qəsəbəsində Zəngilan rayon 33 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən bu yeni Resurs və Təlim Mərkəzi ingilis dilində danışmaq bacarığını yaxşılaşdırmaq məqsədi ilə açılan mərkəzlərdən nə birincisidir, nə axırıncısı. Məsələ burasındadır ki, Azərbaycanda hazırda 13 ingilis dili mərkəzi mövcuddur. Bu, şəbəkəyə  əlavə ediləcək beş yeni Resurs və Təlim Mərkəzindən birincisi olacaq. Yeni təlim mərkəzləri Masazırdan sonra Zaqatala, Tərtər, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə də yaradılacaq. Həmin mərkəzlər də yerli icmalardan olan tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara və özünütəlim materiallarına malik olacaq.

 

Xatırladaq ki, 3 illik nəzərdə tutulan “Resurs və Təlim Mərkəzləri” proqramı “British Council”ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili Mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanır.

 

“British Council” sözügedən proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlayır və həyata keçirir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniyanın Azərbaycandakı Səfirliyi bu proqramın həyata keçirilməsini dəstəkləyir. Resurs və Təlim mərkəzləri yeniyetmə və gənclərin təhsil, o cümlədən karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə yaradılıb və onların bacarıqlarının inkişaf etdirilməsinə yönəlib. Nəticədə 3 il ərzində Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17200 gənc 600-dən çox təlim keçərək müəllimin formal tədris prosesində öyrətdiyi təkmilləşmiş ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq.

 

Proqramın yeni Resurs və Təlim Mərkəzləri ilə yanaşı, Bakı, Müşfiqabad, Gəncə və Lənkəranda da fəaliyyət göstərən mərkəzləri var.

 

Resurs və Təlim Mərkəzinin qonaqları var

 

Dünən “British Council” təşkilatının və Təhsil Nazirliyinin dəstəyi ilə Abşeron rayonu, Masazır qəsəbəsindəki Zəngilan 33 nömrəli tam orta məktəbin nəzdində təsis edilən Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər şəxslər iştirak ediblər.

 

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ingilis dilinin dünyadakı mövqeyindən, bu dildə danışmağı bacarmağın əhəmiyyətindən danışıb. Qonaq Mərkəzdə hər kəsin ingilis dilini əylənərək öyrənəcəyinə və bu dildə danışmaqdan həzz alacağına ümid etdiyini deyib: “İngilis dilini öyrənmək, sadəcə özünü inkişaf etdirmək deyil, həm də yaşadığınız icmanı inkişaf etdirməyin bir yoludur”.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ingilis dilində danışmaq bacarığını inkişaf etdirmək üçün Azərbaycanda 13 belə Resurs Mərkəzi olduğunu xatırladıb. Onun sözlərinə görə, ingilis dili kimi əhəmiyyətli bir dildə danışıq bacarığını inkişaf etdirmək məqsədilə açılan resurs mərkəzləri müasir texnologiyalardan istifadə edərək bu dilii öyrənməyə imkan verir: “Britaniya Şurasının fəaliyyəti şagirdləri və dil həvəskarlarını öyrətməklə də məhdudlaşmır. Belə ki, bu proqram çərçivəsində Azərbaycanda müəllimlərə də təlimlər keçilib. Bu proqram çərçivəsində  Şotlandiyaya səfərə gedən bir qrup müəllim orada öz həmkarları ilə təcrübə mübadiləsi imkanı qazanıb”.

 

Nazir müavini məktəblilərə ingilis dilini öyrənmələri üçün yaradılan imkanları düzgün dəyərləndirməyi tövsiyə edib. Onları dərsdən sonra da buradakı resurslardan istifadə etməyə, dinləyib anlamaq üçün ingilis dilində mətnlərə qulaq asmağa çağırıb.

 

M.Vəliyeva Azərbaycanda ingilis dili müəllimlərinin peşəkarlığını da xüsusi qiymətləndirib. Nazir müavininin daha bir tövsiyəsi isə məktəb-valideyn əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək: “Mənim fikrimcə, burada valideyn saatı da olmalıdır. Burada ingilis dili öyrənməyə başlayan valideynlər uşaqlarına evdə kömək edər, valideynlə uşaq arasında sağlam münasibət formalaşar”.

 

Sonda şagirdlərə ingilis dilini öyrənmək həvəsi, möhkəm iradə və təhsilə maraq arzulayan nazir müavini Azərbaycan məktəblilərinə yaratdığı bu imkana görə Britaniya Şurası və Avropa İttifaqına təşəkkür edib.

 

Təlim və Resurs Mərkəzinin kiçik iştirakçıları qonaqları ilə ingiliscə danışmağa can atıb, onların suallarını ingiliscə cavablandırmağa çalışıblar.

 

Ruhiyyə DAŞSALAHLI