Universitetlə BDU-nun nəzdindəki Konfutsi İnstitutu arasında müqavilə imzalanıb


Aprelin 30-da Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun direktoru Oktay Cəlilbəyli və İnstitutun Çin Xalq Respublikası tərəfindən direktoru Luo Xinzuhi Azərbaycan Texniki Universitetində (AzTU) olublar. 

 

Qonaqlarla görüşdə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycan Texniki Universiteti haqqında ətraflı məlumat verib. AzTU-da çinli tələbələrin də təhsil aldığını diqqətə çatdıran rektor əvəzi qeyd edib ki, universitetdə texniki ali təhsilin, demək olar ki, bütün istiqamətlərində kadr hazırlığı həyata keçirilir. Professor Xalıq Yahudov bildirib ki, Azərbaycanla Çin Xalq Respublikası arasında mövcud olan dostluq əlaqələri iki ölkənin təhsil sahəsində mütərəqqi nailiyyətlərinin əldə olunmasına zəmin yaradıb.

 

Azərbaycan Texniki Universiteti ilə bağlı təəssüratlarının yüksək olduğunu qeyd edən qonaqlar AzTU ilə Çin universitetlərinin qısa zaman ərzində səmərəli əməkdaşlığa nail olacağına əminliklərini ifadə ediblər. Qeyd olunub ki, texniki ali təhsil üzrə Çinin bir çox universitetində ixtisaslar və ixtisaslaşmış texniki profilli universitetlər mövcudur ki, gələcəkdə həmin universitetlərlə AzTU arasında ikili əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi və bu kimi əməkdaşlıqların həyata keçirilməsi planlaşdırılır.

 

Sonra Azərbaycan Texniki Universiteti ilə Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqavilə çərçivəsində AzTU-nun bakalavr və magistrlarına Çin dilinin öyrədilməsi, universiteti Çin dili müəllimləri ilə təmin etmək, həmçinin tələbələr üçün Çində Yay və Qış məktəblərinin təşkil edilməsi nəzərdə tutulub.

 

Bundan əlavə, Çin dilinin və mədəniyyətinin təbliği üçün birgə konfransların, simpoziumların və tədbirlərin təşkili də müqavilədə razılaşdırılıb.