Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı və layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (“STRATEX”) şirkətinin Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən Layihə  İdarəetmə Məktəbinin (SPM) tədris proqramının yeni qrupunun  açılış mərasimi keçirilib.

 

Layihə İdarəetmə Məktəbinin növbəti tədris proqramı üçün bu dəfə aparıcı 10 müəssisəsinin 24 nümayəndəsi seçilib. Təlim proqramının iştirakçıları arasında BP, Socar AQŞ, Socar Polymer, Paşa holdinq, Azercell, ABB, Azərbaycan Konstitusiya Məhkəməsi, İqtisadiyyat Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi qurum və şirkətlərin rəhbər işçiləri, menecer və məsul əməkdaşları var.

 

Ali Məktəbin rektoru Elmar Qasımov sürətlə dəyişən dünyada bacarıqların bilikdən daha ön planda olduğunu və SPM-in təlim proqramında bacarıqların öyrədilməsinin vacibliyini təlim iştirakçılarının diqqətinə çatdırıb.

 

Təlim proqramı ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramına əsaslanır və 10-12 ay ərzində ayda 3-4 gün keçiriləcək.

 

Proqram 7 moduldan ibarətdir:

·Layihələrin idarə olunması

·Xərclərə (Büdcəyə) nəzarət

·Risklərin idarə olunması

·Liderlik və kommunikasiya

·Layihə menecerləri üçün keyfiyyət

·Layihələrin idarə olunmasının tətbiqi mexanizmləri

·Seçmə modul (Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları və ya PMP (Professional layihə meneceri) imtahanına hazırlıq)

 

Hər bir modulun sonunda təlim proqramının iştirakçıları imtahan verirlər və nəticədə modulu bitirmələri haqqında sertifikatla təltif olunurlar. Eyni zamanda, proqramı tam bitirdikdən sonra Corc Vaşinqton Universitetinin (CVU) Layihə İdarəetməsi üzrə Magistr Sertifikatı ilə təltif olunurlar.

        

SPM tədris proqramında iştirakın beynəlxalq səviyyədə qəbul edilən Layihə İdarəetmə İnstitutunun (PMI) PMP (professional layihə meneceri) sertifikatını almaq üçün mühüm əhəmiyyəti var. Proqramı bitirdikdən sonra iştirakçılar həmin imtahanda iştirak edə bilər.

 

Hər il dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə həyata keçirilən Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması üçün onların bu proqramda iştirakına üstünlük verir.

 

Layihə İdarəetmə Məktəbinin indiyə qədər sayca 7 milli buraxılışı olub.