UNEC-də bu mövzuya həsr olunan tədbir keçirilib. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq iqtisadi təşkilatların, elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Rektor Ədalət Muradov universitetdə “Elm həftəsi” çərçivəsində elmi fəaliyyəti canlandırmaq məqsədilə yaradılan ixtisaslaşmış tədqiqat mərkəzlərinin seminarlarının keçirildiyini bildirib. “Bir kəmər bir yol” mövzusuna həsr olunan müzakirələrin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verə biləcəyini deyib. Onun sözlərinə görə, UNEC-in Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin və “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının təşəbbüsü ilə təşkil olunan “Bir kəmər bir yol” layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyac var.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə müzakirə olunan mövzunun əhəmiyyətini diqqətə çatdırıb, qədim İpək Yolunun bərpası ilə bağlı 90-cı illərin əvvəllərində onun rəhbərliyi ilə aparılan tədqiqatlardan söz açıb. Azərbaycanın qlobal dünya iqtisadiyyatında ən böyük layihə sayılan “Bir Kəmər bir Yol” layihəsinin fəal iştirakçı olduğunu bildirən komitə sədri, bu kimi layihələrin, ilk növbədə ölkənin milli maraqlarına xidmət etdiyini vurğulayıb. Çinin əldə etdiyi iqtisadi uğurlarda məhz həmin milli maraqların qorunduğunu bildirib.
Millət vəkili Tahir Mirkişili mövzunun aktuallığına diqqət çəkərək, layihənin iqtisadi və geosiyası tərəflərindən danışıb. Bu gün ən geniş ticarətin Avropa və Asiya arasında aparıldığını deyən millət vəkili, dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu bildirib. Millət vəkili Çinin irəli sürdüyü layihənin həm maliyyə, həm də əhatəlilik baxımından çox böyük olduğunu, 65 ölkəni əhatə edən layihəyə təxminən 4 trilyon dollara qədər vəsaitin qoyulmasının nəzərdə tutulduğunu deyib.
“Bir kəmər Bir yol” layihəsində 6 marşrutdan yalnız birinin Azərbaycandan keçdiyini və Azərbaycanın layihənin yükdaşımalarında ən zəngin “dəhlizə” malik olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə qarşılıqlı inkişaf etdiyini və hər iki ölkə arasında xarici ticarət dövriyyəsinin son 9 ayda 2,4 dəfə artdığını deyən millət vəkili Azərbaycanın informasiya tranzitində də maraqlı olduğunu bildirib. T.Mirkişili ölkənin “Bir kəmər bir yol” layihəsində mərkəzi rola sahib olması üçün insan kapitalına ehtiyac duyulduğunu vurğulayıb. O, universitetlərin kadr hazırlığında aparıcı rol oynadığını və UNEC-in bu istiqamətdə güclü elmi potensialının mövcudluğunu qeyd edib.
“Bir kəmər bir yol” Alyansı Baş katibinin elm və texnologiyalar üzrə müavini Ph.D Li Renying azərbaycanlı və çinli alimlərin əməkdaşlıq istiqamətində araşdırmalar aparmasına və yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac olduğunu, unversitetlərin bu baxımdan böyük rol oynadığını diqqətə çatdırıb. Sonra çinli alim “Bir kəmər bir yol” layihəsinin məqsədi və perspektivləri barədə təqdimatla çıxış edib.
Tədbir müzakirələrlə davam edib.