Ümumi təhsil müəssisələrində “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb.
Müsabiqənin məktəbdaxili mərhələsində IX-XI sinif şagirdləri hazırladıqları tədqiqat işini təqdim ediblər. Hər bir şagirdin təqdimatı 10 dəqiqə davam edib.
Məktəbdaxili mərhələnin nəticələrinə əsasən, hər məktəbdən 3 şagird rayon turunda iştirak etmək hüququ qazanıb. Hər rayon üzrə uğur qazanan 5 qalib müsabiqənin şəhər mərhələsində iştirak edəcək. Final mərhələsində isə nəticələrə uyğun olaraq 6 qalib müəyyənləşdiriləcək.
Qeyd edək ki, müsabiqə Azərbaycanın söz sənəti və ədəbiyyat tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq məqsədilə keçirilir. Həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirmək də müsabiqənin əsas hədəflərindəndir.
Müsabiqə şagirdlərdə ədəbi biliklərin artmasına, oxuyub-anlama bacarıqlarının, dil və nitq qabiliyyətlərinin, yaradıcı təfəkkür, düşünmə, müstəqil fikir bildirmə bacarıqlarının formalaşmasına xidmət edir.