Paytaxt məktəbliləri “İtalyan dili və mədəniyyəti həftəsi” çərçivəsində “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış tamaşanı nümayiş etdiriblər.

 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında təşkil olunan tamaşada Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, İtalyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova tamaşa haqqında məlumat verib. Bildirib ki, tamaşanın ərsəyə gəlməsində, şagirdlərin italyan dilində təqdimat bacarıqlarının təkmilləşdirilməsində, bu dildə ünsiyyət, eləcə də aktyorluq bacarıqlarının formalaşdırılmasında İtaliyadan ölkəmizə gələn aktyor və rejissorlar xüsusi rol oynayıb.

 

Tədbirdə çıxış edən Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın ölkəmizdə təşkil olunmasını yüksək qiymətləndirib. Bildirib ki, proqram çərçivəsində İtaliya Respublikasının mədəniyyətinin, tarixinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsi Azərbaycan-İtaliya məktəbliləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə rəvac verir.

 

M.Vəliyeva İtaliyanın Azərbaycandakı Səfirliyi və 158 nömrəli tam orta məktəb arasında mövcud əməkdaşlığın davamı olaraq, 2019-2020-ci tədris ilində məktəbin V siniflərində italyan dilinin ikinci xarici dil kimi tədrisinə başlanılması barədə danışıb.

 

Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə yaxşı münasibətlərin olduğunu vurğulayan İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edib.

 

Daha sonra 158 nömrəli tam orta məktəbin şagirdləri “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış " Pinokkio burnunun izi ilə" adlı tamaşanı nümayiş etdiriblər.

 

Tamaşada çıxış edən 43 şagird sertifikatla təltif olunub.