İlahə Rəsulova: Valideynlər bu fəaliyyətin əsas komponentidir


Bir aydan çoxdur ki, yeni tədris ili start götürüb. Məktəb yaşında olan bütün uşaqlar məktəbdədirlər. Ancaq elə məktəblər var ki, orada sadəcə məktəb yaşı çatanlar yox, elə çatmayanlar üçün də sinif otağı ayrılıb. Xüsusən kənd məktəblərində ayrılan həmin siniflərdə hər gün 2 saat ərzində 20-22 nəfərdən ibarət 3-4 yaşlı uşaqlardan təşkil edilən qruplara müxtəlif oyunlar, əyləncəli yollarla qaydalar aşılanır. Valideynlərin prosesə fəal qoşulması nəticəsində həmin qaydaların ailədə də qüvvədə olması və körpələrin yeni öyrəndikləri qaydaları alışqanlığa çevirməsi təmin edilir.

 

Söhbət Təhsil Nazirliyi tərəfindən 2017-ci ilin oktyabr ayından etibarən UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə yaradılan icma əsaslı məktəbəqədər uşaq təhsil mərkəzlərindən gedir. İcma əsaslı məktəbəqədər təhsil layihəsinin meneceri İlahə Rəsulova “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində tədris mərkəzlərindəki yeniliklərdən danışıb.

 

Şagird nailiyyətlərinə təsir edən komponent

 

- Məktəbəqədər uşaq təhsil mərkəzlərində bugünkü mənzərə nədən ibarətdir?

- Şagirdlərin müxtəlif fənlər üzrə nailiyyətlərini qiymətləndirən müxtəlif beynəlxalq qiymətləndirmələr mövcuddur. Oxuyub-anlama ilə bağlı olan PIRLS (Progress in International Reading Literacy Study), riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan TIMSS (Trends in Mathematics and Science Study),  müxtəlif ölkələrin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılan PISA (Program for International Student Assessment-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) uşağın akademik nailiyyətlərinə təsir edən faktorları araşdırır. Məsələn, IV sinif şagirdlərinin oxuyub-anlama nailiyyətlərini ölçən beynəlxalq qiymətləndirmə buna təsir edən faktorları da ölçür. Həmin faktorlardan biri də uşaqların məktəbəqədər təhsilə cəlb olunmasıdır. Bunu nəzərə alaraq 2017-ci ildən Avropa İttifaqı və UNİSEF-in maliyyə dəstəyi ilə ölkəmizdə pilot layihəyə start verilib. Məlumdur ki, Azərbaycan ərazisində bağçaların paylanması qeyri-bərabər olduğundan, uşaq bağçalarının olmadığı, ya da sayca azlıq təşkil etdiyi rayon və kəndlərdə icma əsaslı təhsil mərkəzlərinin açılmasına qərar verilib.

Artıq iki ildir ki, ölkəmizdə məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə məktəb bu funksiyanı öz üzərinə götürür. 3-4 yaşlı uşaqlar məktəblərdə məktəbəqədər təhsilə cəlb olunurlar. Bununla da məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolu artır. Layihəyə UNİSEF-in dəstəyi ilə 50 icma əsaslı qrupla 2017-ci ilin oktyabrından start verilib. 2018-ci ilin oktyabrında Avropa İttifaqı da qoşulub. “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi əsasında ilkin mərhələdə 14 şəhər və rayonda yerləşən ümumi təhsil müəssisələrinin bazasında 95 icma əsaslı məktəbəqədər uşaq təhsil mərkəzləri fəaliyyət göstərib.

Ötən müddət ərzində müşahidə edilən uğurlu fəaliyyət və əldə edilən müsbət nəticələr əsasında belə mərkəzlərin sayının artırılmasına qərar verilib. Belə ki, 2019-cu ilin oktyabr ayından 32 şəhər və rayonda ümumi təhsil müəssisələrinin bazasında 250 icma əsaslı uşaq tədris mərkəzləri fəaliyyətə başlayıb. Bununla da 2019-2020-ci tədris ili üzrə icma əsaslı uşaq tədris mərkəzlərində təlimə cəlb edilən uşaqların sayı 6400 nəfərə çatıb.

 

- İcma üzvləri kimlərdir?

- Məktəbin ətrafında olan ailələr, bələdiyyə, icra, məktəb, valideynlər icma üzvləridir və onlar bu təhsil mərkəzlərindəki prosesə yaxından qoşulmalıdırlar. Təhsilin inkişafı kəndin sosial durumunun yaxşılaşması, iş imkanlarının artması deməkdir. Hər bir görüşdə valideynlərə, məktəb icmasına bu məlumatları çatdırırıq və onların bu prosesdə rolunun vacib olduğunu vurğulayırıq.

 

- Bəs, kəndlərdə ailələr 3-4 yaşlı uşağını hər gün məktəbə aparmaqda maraqlıdırmı?

- Məsələ burasındadır ki, uşaq bağçası, uşaq inkişaf mərkəzi olmayan kənddə uşaqların məktəbə gedənə qədər erkən yaş dövründə bilməli olduqları məlumat və əldə etməli olan bacarıqlar sahəsində boşluqları yaranır. Valideynlər evdə uşaqlarla birgə vaxt keçirmir, kitab oxumur, ünsiyyətə çox vaxt ayırmırlar. Uşaqlar ya televizor qarşısında, ya da telefonlarla vaxt keçirir. Həmin uşaqlar məktəb yaşına çatanda davranışlarında və təhsil sahəsində böyük boşluqlar yaranır. Əvvəla, uşaq məktəbə gəlmək istəmir, gələnlər necə davranacağını bilmir, ağlayır, qaydalara uymur. Rəngləri tanımır, heyvan və ya bitkiləri tanımaqda çətinlik çəkirlər. Axı, bunları ona başa salan olmayıb. Halbuki valideyn ev işi görərkən bunu bir oyuna çevirib uşaqla vaxt keçirə və söhbət edə bilər. Bunu ya məlumatsızlıqdan etməyib, ya da uşaqla məşğul olmağa vaxt tapmayıb.

İcma əsaslı tədris mərkəzlərinə cəlb edilmələri isə bir çox şeyi dəyişib. Elə valideynlər də etiraf edirlər ki, nitqində qüsur olan uşaq mərkəzlərə gəlməyə başlayandan sonra səlist danışır. Yaxud, evdə heç vaxt dağıtdığı oyuncaqları yığışdırmayan uşaq mərkəzdən evə qayıdanda oyuncaqlarını ortalıqdan toplayır. Bir sözlə, uşaqlar intizam, davranış qaydalarına riayət etməyə başlayır. İcma mərkəzlərində 2 saat ərzində həm tərbiyəçi-müəllimdən, həm yaşıdlarından, həm digər icma üzvlərindən öyrəndiklərini tətbiq etməyə başlayırlar. Valideynlərin nə dərəcədə maraqlı olduğuna gəlincə, ilk mərhələdə fəaliyyətə başlayan 50 icmanın 13-də ikinci qruplar açılıb. Məncə, bu fakt valideynlərin sözügedən layihəni nə qədər dəstəklədiyini təsdiq edir.

 

- Bəs, bu tələbatı təmin etmək iqtidarındasınızmı? İstəklərlə imkanlar üst-üstə düşürmü?

- Sadəcə, tərbiyəçi-müəllimlərin əməkhaqqını təmin etmək lazım gəlir. Qalan məsələlər üçün müəyyən qədər texniki baza var. Yeni qruplar əvvəlkilərin nəzdində açıldığından əlavə xərc tələb edilmir. Tutaq ki,  plastilin və uşaqların istifadə etdiyi bəzi ləvazimatların sayını cüzi artırmaqla tələbatı ödəyə bilirik. 32 rayon və şəhərdə əvvəlki pilot qruplarını da nəzərə alsaq, 320 icma əsaslı məktəbəqədər təhsil mərkəzi fəaliyyət göstərir. Noyabr və dekabr aylarında yeni seçimlərə başlayacağıq və növbəti tədris ilindən yeni mərkəzlərin sayını 500-ə çatdırmağı planlaşdırırıq.

 

- Mərkəzlər harada açılır?

- İlk növbədə bağça olmayan kəndlərdə, rayon mərkəzlərində. Hətta dağ kəndlərində, sərhəd bölgələrində yerləşən mərkəzlər belə var. Rayon mərkəzindən 40 kilometr uzaqlıqda olan kənddəki icma əsaslı təhsil mərkəzinə getmək əməkdaşlarımız üçün ciddi çətinliklər yaradıb. Yaxud, mərkəzlərdən birinə getmək üçün əməkdaşlarımız çay keçməli olublar. Başqa bir kənd isə Tərtərin sərhəd kəndidir. Həmin mərkəzə getmək üçün hərbi postdan icazə almalı olduq. Biz belə çətinliklərə baxmırıq. Harada ehtiyac varsa, biz ordayıq. Mərkəzin harada yerləşməsi problem olmasa da, məktəbdə boş sinfin yoxluğu icma əsaslı qrup açmağa əngəl ola bilər. Belə ki, kriteriyalardan biri məktəbdə mütləq boş otağın olmasıdır. Məktəbdə uşaqların təhlükəsiz şəraitdə təhsil alması təmin edilməlidir. Məsələn, elektrik xətləri üzdə olan sinif otaqlarında cari təmir işləri apardıqdan sonra uşaqları həmin sinfə buraxdıq. Bir neçə belə məktəbdə təmir işləri gördük.

 

İcma əsaslı təhsil mərkəzlərinin müəllimləri

 

- Müəllim seçimində kimlərə üstünlük verilir?

- Mərkəzin yeri müəyyənləşəndən sonra müəllimlər seçilir. Bu məqsədlə mərkəzlərin açılacağı kəndlərdə elanlar veririk. Elanlar məktəblərdə, kənd sovetinin binalarında divarlara yapışdırılır. Elə kənd olur ki, oradan 2-3 namizəd, elə kənd olur ki, sadəcə bir namizəd müraciət edir. Namizədlər psixoloji test və müsahibədən keçirilir. Bu testlərdə müəyyən psixoloji xüsusiyyətlər ölçülür. Məsələn, müəllim nə qədər emosional hazırlıqlıdır, nə qədər ünsiyyətcildir, uşaqların diqqətini cəlb edə bilirmi və s. Ümumiyyətlə, 6 xüsusiyyət üzrə psixoloji test və 5 açıq situasiya qoyuruq. İcmaların təcrübəsindən götürdüyümüz hallar üzrə yeni tərbiyəçi namizədlərin sərgiləyəcəyi davranışı müəyyən etməyə çalışırıq. Onlardan hiperaktiv uşaqlarla necə davranacağını, anasından ayrılmaq istəməyən uşağı təlimə necə cəlb edəcəyini soruşuruq. Təbii ki, onların hamısından dolğun cavablar gözləmirik, ancaq namizədlərdən kreativ fikirlər çıxa biləcəyinə də inanırıq. Beləliklə, müsabiqədə - psixoloji test və müsahibədə namizədlər ələnirlər. Bu il müsahibələrdə və sonradan monitorinqlərdə müşahidə etdik ki, həyata keçirdiyimiz psixoloji testin çox böyük əhəmiyyəti oldu.

 

- Psixoloji test ilk dəfə keçirilirdi?

- Bəli. Mərkəzlərin və seçiləcək şəxslərin sayı artdığından namizədlərin  psixoloji testdən keçirilməsi zərurət təşkil edirdi. Çünki sadəcə 10 dəqiqəlik müsahibə ilə tərbiyəçi-müəllimlərlə bağlı qərar vermək çətin idi. Hətta psixoloji test nəticələrində orta səviyyədə olan namizədlərin bəzilərinin müsahibə vaxtı bu işə uyğun olmadıqlarını gördük.

 

- Namizədlər təhsilli şəxslərdimi?

- Təbii ki, namizədlərin pedaqoji təhsilinin olması tələblərdən biridir. Ancaq reallığı nəzərə alanda, bu tələbə göz yummalı oluruq. Nəinki  pedaqoji ali təhsil, eləcə də kollec təhsili olan namizədlər, hətta orta ümumi təhsilli şəxslər belə seçilə bilir. İdeal mütəxəssis axtarmasaq da, müəyyən potensialı olanları seçirik. Hesab edirik ki, həmin potensialı düzgün yönləndirmək bizim təlimçilərdən, mentorlardan asılı olacaq. Gələcəkdə onların erkən uşaq inkişafı ilə bağlı daha dərin biliklər əldə etməsi üçün müəyyən planlar da var.

 

- İcma əsaslı təhsil artıq 2 ildir həyata keçirilir. Elan veriləndən sonra müşahidələriniz nə göstərdi, mərkəzlərin açılacağı kəndlərdə 2 ildir davam edən bu proseslə bağlı məlumatlılıq nə səviyyədədir?

- Hara gəldiklərini bilirdilər. Ancaq layihənin nədən ibarət olduğu ilə bağlı məlumatsızdılar. Adına da “bağça” deyirdilər. Müsabiqə vaxtı müəyyən məlumatları olsa da, təlimlərə çoxlu suallarla gələcəklərinə əminik. Çünki 1 aydır prosesin içindədirlər. İlk problemləri ilə qarşılaşıblar. Çətinə düşdükləri vəziyyətlərin siyahısı əllərində var.

 

- Sözünü etdiyiniz təlimlər nə vaxt olur?

- Avqust-sentyabr aylarını təlimlərə sərf etdik. Həmin təlimlərdə tərbiyəçi-müəllimlər uşaq psixologiyası üzrə hazırlıq keçdilər. Onlara izah olundu ki, bu yaşda uşaqlara nə və necə öyrədilməlidir. Proqram üzrə mövzuları uşaqlara necə başa salmalı olduqlarına dair təlimatlandırıldılar. 2 aylıq proqram, valideynlə iş, uşaqların inkişaf dinamikasını ölçmək üçün qiymətləndirmə alətlərini verdik. Noyabrda təşkil ediləcək növbəti təlimlərdə proqramla yanaşı, ayrı-ayrı istiqamətlər üzrə hazırlıq keçəcəklər. Məsələn, ilkin tibbi yardım. Uşaq özündən getdi, qıc oldu, burnundan qan gəldi və s. bu kimi hadisələrdə tərbiyəçi-müəllim necə davranmaqla bağlı  məlumatlandırılacaq. Bu təlimlərdə mən də iştirak etdim və huşunu itirən şəxsə qarşı necə davranmağı öyrəndim. Məlum oldu ki, indiyədək bununla bağlı bilgim yanlış olub.

 

İlkin yardımla yanaşı, inklüziv təhsillə bağlı təlimlər də nəzərdə tuturuq. Kəndlərdə müəyyən sağlamlıq problemləri olan uşaqlar da icma əsaslı təhsilə cəlb olunurlar. Qarşılaşdığımız ən böyük problem onlara münasibətdir. Həmin uşaqları kəndlərdə “xəstə” adlandırırlar. Biz bu ifadəni və baxışı dəyişməyə çalışırıq. Bunu da tərbiyəçi-müəllimlərlə edəcəyik. İndi olmasa da, növbəti mərhələdə mütəxəssislərlə birlikdə həmin uşaqlar üçün fərdi planların hazırlanmasını da  nəzərdə tuturuq. Təlimlərdə müəllimlərə nağıllar vasitəsi ilə öyrənmə ilə bağlı seminarımız da olacaq. Bu modul da çox maraqlıdır.

 

Valideyn təhsildə iştirakının önəmini anlayacaq

 

- Təlimlərdə tərbiyəçi-müəllimlərə valideynlə işi qurmağın sirri də aşılanır?

- Əlbəttə, müəllimlərə layihənin  niyə icma əsaslı adlandırıldığı, valideynlərlə işin önəmi izah edilir. Tərbiyəçi-müəllimlər bilir ki, valideynlər bu fəaliyyətin əsas komponentidir və prosesdən kənarda qalmamalıdırlar. Onların iştirakı mütləq təmin edilməlidir.  Demirik ki, 20 nəfərdən ibarət qruplarda valideynlərin hamısı iştirak etməlidir. İkibir, üçbir iştirak etməli, prosesə daxil olmalı, 2 saat ərzində qoyulan qaydaları evdə də davam etdirməlidirlər. Nə baş verdiyini görməli, uşağın öyrəndiklərini valideyn evdə də tətbiq etməlidir. İkinci bir tərəfdən, indidən valideynləri prosesə cəlb etmək ona dəlalət edir ki, sonradan valideynlərlə məktəb arasında əlaqə itməyəcək. Uşaq yuxarı siniflərə getdikcə bu əlaqələr qırılmayacaq. Düşünürük ki, valideyn bu müddət ərzində təhsildə iştirakının önəmini anlayacaq.

 

- Valideynləri prosesə cəlb etməyə nə qədər nail ola bilirsiniz?

- İlk vaxtlar çətin idi. Monitorinqlərə gedəndə müşahidə edirdik ki, valideynlər qonaq kimi oturub müəllimlərin nə etdiyini maraqla izləyirlər. Bu vəziyyət yavaş-yavaş dəyişdi. Tədris ilinin ortalarında müəllimlə valideyni ayırd edə bilmirdik. Sinifdə valideynlər prosesə elə daxil olurdular ki, ilk baxışda onların müəllim yox, valideyn olduğu anlaşılmırdı. Bu, həm də icma tərbiyəçi-müəllimlərinin böyük nailiyyəti idi. Nail olmaq istədiyimiz budur ki, valideyn məktəblə yaxından maraqlansın. Ehtiyac duyulan hər hansı işi kimisə gözləmədən özü etsin, problemi özü çözsün, sınan stulu özü düzəltsin.

 

- Bu prosesdə atalar nə qədər fəaldırlar?

- O qədər də fəal deyillər. Ancaq proseslə maraqlananlar da var. Avropa İttifaqı ilə layihə çərçivəsində eston mütəxəssislərlə Masallı rayonuna getmişdim. Orada atalardan biri bizə yaxınlaşıb təşəkkürünü bildirdi. Ən çox xoşuna gələn komponentin də valideynlər üçün maarifləndirici təlim və sessiyaların nəzərdə tutulması olduğunu vurğuladı.

 

- 2017-ci ildən başlayan bu prosesdə icma əsaslı təhsili tamamlayıb məktəbəhazırlığa başlayanlar yəqin ki, var. Onların məktəbəhazırlıq prosesinə keçidi ilə bağlı müşahidələriniz oldumu?

- Təbii ki, gələcəkdə monitorinqlərə bununla bağlı araşdırma daxil etməyi düşünürük. Həmin şagirdlərin həm akademik nailiyyətlərini, həm də davranışlarını ölçməyi planlaşdırırıq. Ancaq hələlik bunu bir məktəb direktoru etdi. Belə ki, ötən il həmin məktəbdə açılan qrupa ancaq 4 yaşlılar cəlb olundu. Biz buna narahatlığımızı bildirdik ki, qruplarda 3-4 yaşlılar qarışıq olmalıdır. Direktor bu davranışının səbəbini icma əsaslı təhsilə cəlb edilən 4 yaşlıların bu il onlarla birlikdə məktəbəhazırlıq qruplarına cəlb edilməyən 5 yaşlılardan fərqini görmək məqsədi ilə izah etdi. Həmin uşaqlar bu il məktəbəhazırlıq qrupundadırlar. Bu yaxınlarda direktorla görüşdük. Həmin təhsil müəssisəsində icma əsaslı təhsilə cəlb edilən siniflə digər sinif arasında çox böyük fərq olduğunu dedi. Bundan başqa, şifahi rəylər də eşidirik. İcma əsaslı təhsil özünü ölkəmizdə də doğruldur.

 

Məktəblərdə monitorinqlər

 

- Bunu keçirdiyiniz monitorinqlərdə də görə bilirsinizmi? Ötən həftədən başlayaraq yeni fəaliyyətə başlayan 250 icma əsaslı uşaq tədris mərkəzlərində monitorinqlər başlanılıb. Məqsəd nədir?

- Monitorinqlərdə həm məzmun, həm də texniki tərəflər ölçülür. Tutaq ki, sinif quruluşundan, dizaynından tutmuş, təhlükəsizliyə qədər bütün parametrlər üzrə qiymətləndirilir. Ən çox müşahidə etdiyimiz səhvlərdən biri budur ki, otağın divarlarına kor-koranə şəkillər yapışdırılır, quş, ağac və s. çəkilir. Ona görə təlimlərdə bu məsələylə bağlı ayrıca seminar da müəyyənləşdirmişik.

 

Sinfin dizaynı məqsədyönlü olmalıdır. Məsələn, bir tərəfdə oxu guşəsi yaradılmalıdır.  Mütəmadi olaraq məktəblərə nağıl kitabları göndəririk. Həmin kitablarla guşəni zənginləşdirə bilərlər. Yaxud, musiqi guşəsi olmalıdır. Bu guşəyə də musiqi ilə bağlı şəkillər, musiqi aləti qoymaq olar. “Musiqi aləti” deyəndə, mağazadan hər hansı musiqi aləti almaları nəzərdə tutulmur.

 

Tutaq ki, plastik su qablarının içərisinə lobya, makaron doldurur, onların çıxartdığı fərqli səsləri göstərməyə çalışırıq. Belə nümunələr çox vermək olar. Uşaqların istəyəndə gedib şəkil çəkə biləcəyi bir incəsənət guşəsi yaratmaq olar. Ya da bir STEM guşəsi və s. Bilməliyik ki, uşaq sadəcə eşitməklə yox, həm də görməklə, etməklə öyrənir. Monitorinqlərdə müəllimin uşağın diqqətini necə cəlb etdiyini müəyyənləşdiririk.

 

Hədəflərimizdən biri də təhlükəsizliyin necə təmin edilməsidir. Məktəblərdə elektrik xətlərinin neçə çəkildiyinə, otaqda işıqlandırılmaya, hətta kilimlərin necə döşəndiyinə diqqət yetiririk. Hərəkət edərkən uşağın sinifdə zədələnə biləcəyi bütün ehtimalları hesablayırıq. Müəllimlərin məzmunu necə keçməsi də monitorinqlərin əsas hədəflərindəndir. Tutaq ki, fəsillə bağlı mövzunu necə başa salırlar. Burada müəllimlər bəzən proqramdan geri qaldım deyib, narahatlıq keçirirlər. Halbuki proqrama uyğun deyil, məqsədəuyğun təlimlər əhəmiyyətlidir.  

 

- Monitorinqlərin nəticəsi nə olacaq?

- Hələ ki, 2 rayonda olmuşuq. Komanda olaraq, 32 rayonun hamısında eyni vaxtda olmağı çatdırmırıq. Bir yaxşı halı qeyd edə bilərəm ki, əvvəlki 50 icmanın 18 müəlliminə metodistliklə bağlı təlimçilər üçün təlim keçdik. Yeni açılan icma əsaslı mərkəzləri əvvəlki daha təcrübəli tərbiyəçi-müəllimlər metodist kimi həm monitorinq edəcək, həm də tövsiyələrini verəcəklər. Bu, həmkarın həmkara dəstəyi, təcrübə mübadiləsi kimi də müsbət nəticə verəcək. Bu minvalla bəlkə müəllimlər öz həmkarlarından daha çox öyrənə bilərlər. Monitorinqlərin nəticələri isə növbəti təlimlərdə müzakirə olunacaq. Konkret adlar çəkmədən boşluqları müzakirə edəcəyik. Hesab edirik ki, bir mərkəzdə müşahidə etdiyimiz boşluq hər halda digərlərində də rast gəlinir. Ona görə də ümumiləşdirilmiş şəkildə bir faktın izahı digərləri üçün də nümunə olacaq.

 

Ruhiyyə DAŞSALAHLI