Məktəblilər məktəb idarəetməsində
Məktəbin direktoru da, müavinləri də şagirdlərdir... Yəqin ki, bunu ilk oxuyanda oxuculara təəccüblü gələcək. Elə mənə də ilk eşitdiyimdə qəribə gəldi. Çünki bizim təhsil müəssisələri üçün belə bir hal heç də xarakterik deyil. Fikirləşirsiniz ki, bu necə ola bilər? Biz axı övladlarımızı məktəbə şagird olaraq göndəririk. Amma indi haqqında söhbət açacağım Bakıdakı 192 nömrəli tam orta məktəbdə qeyd etdiyim kimi, təhsil müəssisəsinin idarəolunması şagirdlərə tapşırılır. Maraqlıdır ki, bu ideya hardan qaynaqlanır? Məktəbin ən önəmli fiqurları sayılan direktor, direktor müavinləri, digər məktəb personalını əvəz edən şagirdlər necə seçilib? Onlar üzərlərinə düşən bu vəzifələrin öhdəsindən gələ bilirlərmi? Bu və digər suallara elə bu ideyanın müəllifi olan təhsil müəssisəsinin direktoru Təhmasib Məmiyevlə birlikdə aydınlıq gətirməyi düşündüm.
Məktəbin güclü pedaqoji kadr potensialı var
Direktor ilk olaraq məktəbin fəaliyyəti haqqında məlumat verdi. Verilən məlumatdan aydın oldu ki, Bakının Sabunçu rayonunda yerləşən 192 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Məktəbdəki ibtidai siniflər 3 növbəli, yuxarı siniflər isə 2 növbəlidir. Hazırda məktəbdə 2212 şagird təhsil alır. Xarici dil kimi ingilis və rus dilləri tədris olunur.
Məktəbin güclü pedaqoji kadr potensialı var. Pedaqoji kadrların sayı 116 nəfərdir. Təhsil müəssisəsinin yüzlərlə məzunu ali təhsilli kadrlar kimi respublikamızın ictimai-siyasi, mədəni həyatına öz töhfəsini verib. Məktəb şagird qəbulu üzrə rayonun ümumtəhsil müəssisələri arasında nəticələri ilə həmişə öndə olub. Ötən il şagirdlərdən biri 4-cü qrup üzrə 700 bal toplayıb. Bununla yanaşı, həmin ilin məzunlarından 8 nəfər 600 baldan yuxarı, 1 nəfər 690 bal toplayaraq yüksək nəticə göstərib. Bu il isə məktəbin məzunlarından 1 nəfəri 3-cü qrupda blok üzrə maksimum nəticəni toplayaraq respublika birincisi olub, 6 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Təhsil müəssisəsində hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir. Kollektiv məktəb və məktəbdənkənar tədbirlərdə, yarış və müsabiqələrdə fəal iştirak edir, burada təhsil alan şagirdlər müxtəlif idman növləri ilə məşğul olur və uğurlar qazanırlar.
Məktəbin idarə olunmasında, təlim-tərbiyə prosesinin təşkilində, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində pedaqoji kollektivin səmərəli işi təşkil olunub.
Təhsil müəssisəsinin müasir avadanlıqlarla təchiz edilmiş fənn kabinetləri, sinif otaqları, laboratoriyaları, zəngin kitabxanası, akt zalı var.
Burada həm pedaqoji heyətin rahat fəaliyyət göstərməsi, həm də şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün şərait yaradılıb.
Məktəb idarəetməsində iştirak edən VIII, IX və X sinif şagirdləri
Direktor deyir ki, məktəb rəhbərliyinin idarəetmə mədəniyyəti onun peşə-pedaqoji mədəniyyətinin bir hissəsidir. Məktəb pedaqoji sistemdir. Bu sistemin hərtərəfli idarəsi məktəb rəhbərlərinin, müəllimlərin və şagirdlərin öhdəsinə düşən ən vacib şərtlərdəndir. Pedaqoji sistemdə müəllimlərlə şagirdlərin birgə fəaliyyəti mühüm amildir. Bunlar nəzərə alınaraq yeni tədris ilindən qərara gəlinib ki, təlim nəticələri ilə fərqlənən sinif nümayəndələri arasından seçilən şagirdlərdən ibarət -Şagird idarəetmə sistemi yaradılsın. Təhmasib müəllim şagird idarəetmə sisteminin yaradılmasının əslində gözəl bir ənənənin başlanğıcı olacağını düşünür.
Qeyd edir ki, şagird idarəetmə sisteminin yaradılmasının əsas məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaq, onların gələcək peşə məsuliyyətini dərk etməsinə dəstək olmaq, şagirdlərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə çatmaq bacarıqlarına yiyələnməsinə, onlarda liderlik xüsusiyyətlərinin inkişaf etməsinə kömək etməkdir.
Bununla bağlı ilkin olaraq şagirdlər arasından xüsusi seçim əsasında şagird idarəetmə sisteminin üzvləri müəyyən olunub. Şagirdlər təlim nəticələrinə, nizam-intizam qaydalarına, məktəbin daxili qayda və qanunlarına hörmətlə yanaşan sinif nümayəndələri arasından seçilmişdir. Belə ki, VIII sinif şagirdi Zümrüd Nazurova məktəbin direktoru, Ceyran Qənbərova (VIII sinif), Sevinc Həşimzadə (X sinif), Aydan İsmayılova (IX sinif), Lamiyə Qocayeva (IX sinif), Fatimə Kazımova (IX sinif) direktor müavinləri, Aydan Bədəlova (IX sinif) isə uşaq birliyi təşkilatının rəhbəri seçilib.
Direktorun sözlərinə görə, şagird idarəetmə sistemi məktəbdə il ərzində fəaliyyət göstərəcək. Gələcəkdə bu sistemin fəaliyyətinin daha da genişlənməsi, şagird parlamentinin yaradılması planlaşdırılır.
Vəzifəyə təyin olunan şagirdlər iş başında
Məktəb idarəetməsində iştirak edən adları qeyd olunan şagirdlər tədris prosesi, inzibati və digər işlərlə bağlı müvafiq qərarlar qəbul edə və yeniliklər həyata keçirə bilirlər. Onlar əsasən əlamətdar günlərdə və hər həftənin cümə günləri öz vəzifələrini yerinə yetirirlər. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar ümumtəhsil müəssisəsini məsul vəzifə daşıyan şagirdlər idarə edib, həmin vaxt rəhbərlikdən əlavə, digər məktəblilərdən ibarət müəllimlər və növbətçilər də təyin olunub.
Göründüyü kimi, az bir müddət olsa da bununla bağlı şagirdlərin artıq müəyyən təcrübələri var. Məsələn, təlim-tərbiyə işləri üzrə direktor müavinləri dərslərdə dinləmələrdə iştirak edirlər. Fənn aylıqları ilə bağlı məktəbdə təşkil olunan “açıq dərs”lərin və tədbirlərin keçirilməsində öz direktorlarına xüsusi köməklik göstərirlər.
Tərbiyə işləri üzrə müavin seçilən yeniyetmə şagirdlərin geyimlərinə, xarici görünüşlərinə, davamiyyətlərinə nəzarət edir, dərsə gecikmə hallarına yol verən uşaqlarla söhbətlər aparır, təhsil müəssisəsində tədbirlərin, valideynlərlə görüşlərin təşkilinə diqqət artırır.
Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini daşıyan şagird isə mütəmadi şəkildə həyətyanı sahənin və dəhlizlərin, siniflərin, yeməkxana və idman zalının məktəblilərə təmiz təhvil verilməsinə nəzarət edir.
Bir sözlə, bu məktəbin idarəetməsində bütün ənənəvi qaydalara tam riayət olunur. Tədris ocağında mövcud iş rejimi gözlənilir və rəhbər vəzifələri icra edən şagirdlər onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəlirlər. Sadəcə məktəbin əsas vəzifə sahibləri öz “sələf”lərindən yaşda xeyli kiçik və şagird olmaları ilə fərqlənir.
Samirə KƏRİMOVA