Oktyabrın 24-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib.

 

AZƏRTAC xəbər verir ki, çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbir haqqında ətraflı məlumat verib. Ramiz Həsənov qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qoşulmama Hərəkatı siyasi məsləhətləşmələr və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir.

 

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, ilk dəfə olaraq keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti Azərbaycanın təşəbbüsüdür. “Son 15 il ərzində Bakıda dörd beynəlxalq gənclər platforması təsis edilib. Bundan başqa, Bakı 2007-ci ildə “Gənclər sivilizasiyaların alyansı naminə” nəsillərarası yüksək səviyyəli konfransa, 2008-ci ildə “İslamofobia və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfransa, 2011-ci ildə BMT-nin Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci Konqresinə, 2012-ci ildə birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalına, 2014-cü ildə Gənclər siyasəti üzrə birinci Qlobal Foruma, 2017-ci ildə Dünya Skaut Konfransına, 10 gün bundan əvvəl Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası kimi beynəlxalq gənclər tədbirlərinə ev sahibliyi edib. Bu siyahını uzatmaq da olar. Bir sözlə, Azərbaycan beynəlxalq gənclər hərəkatının inkişafına ciddi töhfələr verib.”

           

   

Təhsil Nazirinin müavini Firudin Qurbanov Qoşulmama Hərəkatının beynəlxalq sülhün bərpası, dialoqun aparılması kimi məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini deyib.

 

Azərbaycanda təhsillə bağlı görülən işlərdən danışan nazir müavini əlavə edib ki, ölkəmiz bu sferada böyük uğurlara nail olub. Azərbaycanda təhsilə böyük dövlət qayğısı var. Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir.