Ümumi təhsil müəssisələrində internetdə təhlükəsiz davranışla bağlı sosial maarifləndirici seminarlar keçirilib.
Tədbirdə “Giving Back” sosial proqramı çərçivəsində geniş tərkibdə nümayəndə heyəti ilə Azərbaycana səfər edən “Cisco” şirkətinin əməkdaşları Bakının 10 məktəbində, eyni anda II-V sinif şagirdləri üçün məlumatlandırıcı sessiyalar təşkil edib.
Tədbirdə qeyd edilib ki, təhsil müəssisələrində ölkənin ən iri daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) fəaliyyət göstərir və bu şəbəkə təhsil mühitində şagirdlərin internetin zərərli təsirlərindən maksimal müdafiə olunmasını təmin edir.
Tədbirin sonunda “Azercell” şirkəti tərəfindən məktəblərə aylıq 10 GB internet paketi ilə MiFi modemləri və şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, seminarlar Təhsil Nazirliyinin dəstəyi, “Cisco”, “Azercell Telekom” və “AzEduNet” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin keçirilməsində məqsəd şagirdlərə internet məkanında mövcud olan risklərdən, mümkün təhlükələrdən qorunma yolları və arzuolunmaz nəticələrin qarşısının alınması barədə məlumat vermək olub.