İqtisadiyyat sahəsində 2019-cu ilin Nobel mükafatı laureatları açıqlanıb


Oktyabrın 14-də Stokholmda iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. İsveç Kral Elmlər Akademiyasının qərarı ilə  mükafata Hindistan əsilli amerikalı alim Abhicit Banerci, onun xanımı fransız əsilli amerikalı professor Ester Düflo və digər amerikalı alim Maykl Kremer “Qlobal yoxsulluğun azaldılması istiqamətində eksperimental işlərinə görə” layiq görülüblər.

 

“2019-cu il iqtisadiyyat elmləri üzrə laureatların apardığı tədqiqat bizim qlobal yoxsulluqla mübarizə qabiliyyətimizi xeyli dərəcədə yaxşılaşdırıb”, - deyə Akademiyanın açıqlamasında bildirilir. Qeyd olunur ki,  iyirmi il ərzində alimlərin təcrübəyə əsaslanan yanaşması inkişaf iqtisadiyyatında dəyişiklik yaradıb və hazırda çiçəklənən tədqiqat sahəsinə çevrilib. Alimlər tərəfindən aparılan araşdırmalar insanlığın qlobal yoxsulluqla mübarizə qabiliyyətini xeyli yaxşılaşdırıb.

 

Abhicit Banerci (Abhijit Banerjee)  21 fevral 1961-ci ildə Hindistanın Bombey şəhərində anadan olub. Hind əsilli amerikalı iqtisadçı, ABŞ-ın  Massaçusets Texnologiya İnstitutunun professorudur. 1981-ci ildə Kəlküt Universitetini bitirib.  Daha sonra Dehlidəki Cəvahirləl Nehru Universitetinin iqtisadiyyat ixtisası üzrə magistr, 1988-ci ildə isə Harvard Universitetində doktorluq elmi dərəcəsini alıb. Harvard və Prinston universitetlərində, sonra isə Massaçusets Texnologiya İnstitutunda dərs deyib. 2003-cü ildə Ester Düflo və Sendxil Mulleynatan ilə birlikdə yoxsulluqla mübarizə laboratoriyasını  yaradıb. İqtisadi İnkişafın Təhlili Tədqiqat bürosunun (Bureau for the Research in the Economic Analysis of Development) prezidenti, Milli İqtisadi Tədqiqatlar bürosunun, İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzinin və Dünya İqtisadiyyatı İnstitutunun  əməkdaşı olub.   Amerika İncəsənət və Elmlər Akademiyasının və Ekonometriya Cəmiyyətinin həqiqi üzvüdür.

 

 

 

Maykl  Kremer (Michael Kremer) 12 noyabr 1964-cü il tarixində ABŞ-da anadan olub. Amerikalı iqtisadçı, inkişaf iqtisadiyyatı üzrə mütəxəssisdir. 1985-ci ildə sosial tədqiqatlar sahəsində Harvard Universitetini bitirib, 1992-ci ildə isə bu universitetdə iqtisadiyyat üzrə PhD elmi dərəcəsi alıb. 1992-1993-cü illərdə Massaçusets Texnologiya İnstitutunda postdoktorant, Çikaqo Universitetində dəvət edilmiş dosent, 1993-1999-cu illərdə Massaçusets Texnologiya İnstitutunda professor vəzifəsində çalışıb. 1999-cu ildən Harvardın professorudur.

 

 

M.Kremer Bill və Melinda Qeyts Fondunun vəsaiti ilə Harvard Universitetində yaradılmış cəmiyyətlərin inkişafı üzrə professor, sosial və beynəlxalq inkişaf problemlərinin həlli üçün yaradılmış innovasiya institutunda elmi məsləhətçi kimi fəaliyyət göstərir. Onun elmi maraqları stimulların tədqiqinə, xüsusilə, inkişaf etməkdə olan ölkələrdə vaksinasiyanın stimullaşdırılması mexanizmlərinin işlənib hazırlanmasına yönəlib. O, komplementar səlahiyyətlər əsasında məşhur iqtisadi inkişaf nəzəriyyəsini yaradıb. Harvard Universiteti nəzdində yaradılmış “WorldTeach”in qurucusu və prezidentidir. Bu qurum universitet məzunlarını müəllim-könüllülər kimi inkişaf edən ölkələrə yay və illik proqramlara yönəldir. Amerika İncəsənət və Elmlər Akademiyasının  üzvü,  Makartura təqaüdü və müəllimlər üçün Prezident təqaüdü sahibi, Dünya İqtisadi Forumunda “Gənc qlobal lider” nominasiyasının qalibidir. Yoxsulluğun azaldılması üzrə Beynəlxalq Cəmiyyətin üzvüdür.

 

 

Ester Düflo (Esther Duflo) 25 oktyabr 1972-ci il tarixində Parisdə riyaziyyat üzrə professor Mişel Düflonun ailəsində anadan olub. Fransız iqtisadçısı, Massaçusets Texnologiya İnstitutunun (MİT) professorudur. 46 yaşlı alim ABŞ Milli Elmlər Akademiyasının həqiqi, Britaniya Akademiyasının müxbir üzvüdür. 1994-cü ildə Paris Ali Normal Məktəbinin magistr, 1999-cu ildə  Massaçusets Texnologiya İnstitutunun fəlsəfə doktoru elmi dərəcəsini alıb. Onun doktorluq dərəcəsi üzrə elmi rəhbəri həyat yoldaşı Abhicit  Banercidir. E.Düflo 1993-cü ildə Moskvada fransız dilini tədris edib və magistr dissertasiyası üzərində işləyib.

 

 

Fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra 2002-ci ildə MIT-də professor köməkçisi təyin edilib. 29 yaşında Massaçusets Texnologiya İnstitutunda işləyən ən gənc müəllim olub. Onun doktorluq dissertasiyası ötən əsrin 70-ci illərində İndoneziyada məktəb proqramının genişləndirilməsi təcrübəsinə həsr olunub. O, inandırıcı surətdə sübut edib ki, inkişaf etməkdə olan ölkələrdə təhsilin əhatə dairəsinin genişlənməsi yüksək əməkhaqlarına gətirir.

 

Oruc MUSTAFAYEV