STEAM-ın formalaşdırdığı 21-ci əsr üçün vacib bacarıqlar sayəsində təhsilalanlar şəxsiyyət kimi formalaşır
Ənənəvi dərslərdən fərqlənir. Müəllim dərsə girib mövzu ətrafında danışıb, şagirdləri sual-cavab edib, zəng vurulan kimi çıxıb getmir. Burada şagirdlər danışır, ideya verir, öz ideyalarını gerçəkləşdirirlər. Dərsdə əsas məsələ şagirdin qiymətləndirilməsi deyil, onun öyrənməsidir. Nəzərdə tutduğu işi başa çatdıra bilməyən şagirdə müəllimi, valideyni kömək edir və o, yaratmaq istədiyini başa çatdırır. Sonda ortaya çıxan məhsul şagirdin nəzərdə tutduğu olmasa belə, buna görə müəllim ona “2” yazmır. Əksinə, bu nəticəsini yeni bir fürsət kimi dəyərləndirməsini təmin edir.
Qərbdə, Avropada, Asiya və Şərq ölkələrində tətbiq olunan tədris modelindən söhbət gedir - STEM. Adına belə deyirlər. Mənasına gəlincə, STEM - elm, texnologiya, mühəndislik və riyaziyyatın vəhdətidir. Azərbaycanda tətbiq edilən bu tədris metoduna incəsənət də əlavə olunub. Nəticədə ölkəmizdə bu metod Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatı (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Avropa modelinə daha yaxın olan STEAM-ın 2019-2020-ci tədris ilindən fənn olaraq tətbiqinə başlanılıb. Əsasən Bakı və Abşeron məktəblərində 6000-dən artıq şagirdi əhatə edir. Layihə olaraq 3 il nəzərdə tutulub və bu prosesin sonunda 50 min şagirdin sözügedən tədris metodu ilə dərs alacağı planlaşdırılıb.
Növbəti ildən regionların da bu layihədə iştirakı təmin ediləcək və bu fənn üzrə təhsil alan şagirdlərin sayı 20 minə çatdırılacaq. Hazırda tətbiq edildiyi 42 məktəbdən birində - Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyadayıq.
Layihə bu məktəbdə VI siniflərdə tədris olunur. Təhsil müəssisəsinin direktoru Xəyalə Əhmədzadənin sözlərinə görə, Xarici Dillər Təmayüllü Gimnaziyada 193 şagird bu fəndən təhsil alır. Burada 8 sinif var. Hər sinif iki yarımqrupa bölünür. Beləliklə, STEAM 16 qrupda tədris edilir.
Məktəbdə yeni tədris modelinin tətbiqi üçün hər cür şərait var. Xüsusi olaraq STEAM üçün nəzərdə tutulan bir sinif otağı olsa da, dərslərin keçirilməsində hər hansı çətinlik yaranmır. Çünki gimnaziyada mövcud olan informatika kabinetlərindən də istifadə edilir. Lakin tezliklə daha bir STEAM otağı da olacaq.
STEAM sinfi necə olmalıdır?
Əslində, STEAM otağının adi siniflərdən çox böyük fərqi var. STEAM sinfi həm də bir “emalatxana”dır. Şagirdlər ideyanı verdikdən son məhsulunu hazırlayana qədər burada işləyir.
Odur ki, praktik və tətbiqi xarakter daşıyan bu otaqlarda şagirdin əl əməyi ilə məşğul olmağa, məsələn, bir robot düzəltməyə də, sinifdə “körpü salmağa” da şəraiti olmalıdır. 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilməlidir. Çünki STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir.
STEAM-ın aparıcı fiquru - şagird
STEAM şagirdi dərs prosesində əsas fiqurdur. Axı, dərsin nəticəsi olan məhsul onundur. Məhsul məhz onun ideyası, istəyi ilə reallaşıb. Bu şagird sərbəst və məqsədyönlü şəkildə məlumat toplayır, tədqiqatlar aparır və öz nəticələrini bölüşür. İş həyatında ona lazım olacaq bacarıqlar STEAM sayəsində məhz məktəb dövründə formalaşır. Problemlərin həlli üçün elmi tədqiqat və mühəndislik dizayn proseslərindən istifadə edir. Riyazi bilik və bacarıqlarını real həyati problemlərin həllində tətbiq edir. Yazılı və şifahi formada effektiv ünsiyyət qurur. Özünün və başqasının işini, fəaliyyətini qiymətləndirməyi bacarır. Müxtəlif layihələrdə və yarışlarda iştirak edir.
Bu da o. VI sinif şagirdi Elşad Məmmədli. Robot düzəltməyi çox sevir. Az qala robot düzəltməyi xəyalı olaraq təqdim edir. İndi bu arzusu reallaşıb: “Biz bu layihədə robot yığmağı öyrənirik. Leqolarla robotlar düzəldirik. Həmçinin 3D printer də mövcuddur. 3D proqramında düzəltdiyimiz əşyanı 3D printerində çap edirik. Bu, bizə gələcəkdə lazım ola biləcək bacarıqlardır. Məsələn, tibdə. İndi layihələndirib printerdən çıxartığımız əl və ayaqlarla gələcəkdə kiminsə probleminə çarə ola bilərik”.
Tibdən nümunə göstərməyi təsadüf deyil. O, cərrah olmağı hədəfləyib. Ancaq barmaqlarını sadəcə neştər tutmaq üçün deyil, həm də mühəndislik fəaliyyəti üçün işlədəcək.
Ötən bir ayda çox şey öyrəndiyini deyir: “Əvvəllər çox şeydən xəbərsiz idik. Məsələn, 3D printerindən, 3D proqramından xəbərimiz yox idi. “Tinkercad”ın nə olduğunu bilmirdik. Bu proqramdan istifadə edərək hazırladığımız ən yaxşı layihələrimizi ilin sonunda çapa verəcəyik”.
STEAM müəllimləri
Elşad üçün uzaq yolu yaxın edən bələdçiləri var: STEAM müəllimləri Sucan Əsgərova və Nərmin Ərəbova. Onlar da STEAM təhsilinin tədrisi məqsədi ilə 34 məktəbdən dəvət edilən 104 müəllimlə birlikdə peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Müəllimlər layihə əsaslı öyrənmə, problem əsaslı öyrənmə, mobil tətbiqlərdən tədris prosesində istifadə yolları, mühəndislik-dizayn prosesi, oyun əsaslı öyrətmə, kodlaşdırmanı öyrəniblər. Həmin təlimlər əsasında indi dərsdə inteqrasiya olunmuş layihə əsaslı öyrətmədən istifadə edir, komanda işini effektli təşkil edirlər. Müxtəlif mütəxəssisləri, icma və cəmiyyət üzvlərini təlimə cəlb edir, çevik uyğunlaşırlar. Özünəinamlı, ünsiyyətcil və yaradıcıdırlar.
Yarımqruplardan biri ilə işləyən Sucan Əsgərova deyir ki, STEAM dərsləri çox maraqlıdır. Ən böyük özəlliyi isə şagirdlərin komanda şəklində işidir: “Komanda ilə iş STEAM-ın adında da var. “STEAM” sözündə “s” hərfini götürsək, “komanda” mənasını verir. Bu metodologiyanın əsas məqsədi məhz şagirdlərin komandada işini və uğurunu təmin etməkdir. Dərsdə 4-5 nəfərdən ibarət bir neçə qrup təşkil edirik. Tapşırıq üzrə iş komandalar şəklində həyata keçirilir. Hər komanda özünə rəhbər seçir. Ayrı-ayrı fənlər üzrə bacarıqlı uşaqları bir komandada yığırıq. Məsələn, komandalar fizika, riyaziyyat, kimya, tarix, ədəbiyyat, informatikanı yaxşı bilən uşaqlardan təşkil olunur. Komandalar birlikdə araşdırır, bir-birinin ideyasını müzakirə edir, tapşırığın öhdəsindən bir yerdə gəlirlər”.
Beləliklə, dərs başlayır. Mövzu elan edilir. Əgər şagirdlərin təsəvvüründə hər hansı fikir varsa, birbaşa onu reallaşdırmağa başlayırlar. Yoxdursa, telefondan, kompüterdən istifadə edərək internetdə araşdırma aparırlar: “İlk dərsdə körpü hazırlamağı tapşırdıq. Kimin daha dayanıqlı körpü quracağını müəyyənləşdirmək üçün üzərinə əşya qoyacağımızı, kimin körpüsünün əyilib, dağıldığını, kimin əl işinin dayanıqlı olacağını müəyyənləşdirəcəyimizə dair xəbərdarlıq etdik. Biz sadəcə, mövzu verdik. Uşaqlar mühəndislik qabiliyyətindən istifadə edib elə körpülər düzəltdilər ki… Əl işləri bir az səliqəsiz də olsa, çox maraqlı ideyalar ortaya qoyub, müxtəlif dizaynda körpülər yaratdılar”.
Sucan Əsgərova artıq 20 ilin müəllimidir. Gimnaziyada informatika fənnini tədris edir. 2 ildir “Rəqəmsal bacarıqlar” layihəsinin icra olunduğu siniflərdə indi həm də STEAM fənnindən dərs deyir. Necə deyərlər, VI sinif şagirdləri ilə birlikdə yeni metodologiyanı o özü də öyrənir: “14 gün ərzində 3D printerində “Tinkercad” proqramında işləməyi öyrəndik. Qısaldılmış formada keçdiklərimizi indi şagirdlərə genişləndirilmiş formada tədris edir, onlarla bərabər özümüz də öyrənirik. VI siniflərdə “Tinkercad” proqramı ilə dizayn verdikləri əşyaları 3D printerində çıxardırlar. “Tinkercad” proqramında bütün ölçülər dəqiqlik tələb edir. Ona görə də uşaqlara tələb edilən mühəndis dəqiqliyini öyrətməyə çalışırıq”.
Artıq 2 ildir alqoritmilka tədris olunduğundan, indi onlar üçün “Tinkercad” proqramında layihə işləmək çətinlik törətmir: “Nəzərdə tutmuşuq ki, tədrisin sonunda hər şagirdin mükəmməl hazırladığı bir əşyanı 3D printerdə çap edib özünə hədiyyə edək”.
Sucan müəllim deyir ki, burada sadəcə qırmızı, göy və ya yaşıl rənglər olduğundan layihələrində rəngarənglik yarada bilmir, sadəcə bu 3 rəngdən istifadə edirlər. Ancaq bu, onların nə marağına, nə yaratmaq arzusuna, nə də yeni bilikləri mənimsəmələrinə mane olur.
Nərmin Ərəbova sinifdə yeni fənnin tamamilə yeni tədris metodu ilə mənimsənilməsində hər hansı problem yaşamadıqlarını söyləyir. Səbəbini isə belə izah edir: “Gimnaziyaya qəbul imtahanla aparılır. Ona görə də təhsil alan uşaqların hamısında yüksək məntiqi təfəkkür var. Qabiliyyətləri çox yüksək olduğundan hələlik onların mənimsəmə problemi ilə qarşılaşmamamışıq. Hətta xarici dil və kompüter bilikləri yüksək olan elə şagirdlərimiz var ki, tədqiqatlarında bu imkanlarından istifadə edərək bizi belə təəccübləndirən nəticələr əldə edirlər”.
Gənc müəllim şagirdlərin mənimsəmə səviyyəsinin yüksək olmasında tədris metodunun özünün də rolunu istisna etmir. Buna görə mənimsəmə probleminin başqa məktəblərdə də yaranmayacağını düşünür: “Bu proqramla iş uşaqlar üçün o qədər maraqlıdır ki, hər hansı adi məktəbdə şagirdlərin mənimsəmə problemilə qarşılaşacaqlarına inanmıram. Çünki müşahidə etdiyimiz vəziyyət ondan ibarətdir ki, həm alqoritmika, həm də STEAM dərslərinə şagirdlər böyük maraq göstərir, tənəffüsə belə çıxmaq istəmirlər”.
STEAM özü bütün sahələrə inteqrasiya edir
Bəs, Xarici Dillər Təmayüllü Gimnaziyanın informatika müəllimləri fənlərarası inteqrasiya və layihə əsaslı öyrənmə vasitəsilə reallaşdırma metodikası olan STEAM dərsində çətinlik çəkirmi?
Nərmin müəllim deyir ki, dərslər o qədər maraqlı keçir ki, şagirdlər onlara hər hansı fürsət vermirlər: “Maddənin aqreqat halları dərsi oldu. Uşaqlar dərs zamanı suyu gətirdilər, dondurdular, haldan-hala keçirdilər və orada müəllimə ehtiyac qalmadan bütün prosesi icra edib mövzunu mənimsədilər. Su neçə halda olur, neçə dərəcədə donur, neçə dərəcədə qaynayır, bütün suallara cavab tapdılar”.
Ancaq onlar buna arxayın olmurlar. Nərmin müəllimin sözlərinə görə, günü dərsdən sonra da başa çatmır: “Evə gedir, orada da araşdırmağa davam edirik. Yeni nəsil texnologiyadan istifadə edirik. Tamamilə yeni metodologiya ilə dərs keçirik. Ona görə də öz üzərimizdə işləmək məcburiyyətindəyik. Ancaq çox maraqlı olduğundan bu məcburiyyət həvəsə çevrilir”.
Azərbaycanda STEAM layihəsinin rəhbəri, Təhsil İnstitutunun əməkdaşı İqrar Nəzərovun sözlərinə görə, dərslər nəzarət altındadır. Müəllimdən tədrisin sonunda hesabatlılıq tələb edilir. STEAM-ın tədrisinə cəlb edilənlər arasında ibtidai sinif müəllimlərindən tutmuş kimya, biologiya, tarixə qədər bütün fənlər üzrə müəllimlər var: “Çünki müasir STEAM özü bütün sahələrə inteqrasiya edir”.
İ.Nəzərov tətbiqinə bu il başlanılan yeni tədris metodunu təhsil sistemində innovasiya fəaliyyətinin formalaşması istiqamətində atılmış yenilikçi bir addım kimi dəyərləndirir: “Bu, təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. Layihə özündə inteqratik tədris metodu kimi bir neçə fənnin tədrisini nəzərdə tutur. Şagirdlər bir neçə innovativ metodologiyaların tətbiqi nəticəsində yeni bacarıqlara yiyələnirlər”.
İlk növbədə 21-ci əsr üçün vacib sayılan həmin bacarıqlar sayəsində təhsilalanlar şəxsiyyət kimi yetişir: “STEAM təhsilalanlarda problem həll etmək, tənqidi təfəkkür, müstəqil təfəkkür, təşəbbüskarlıq, liderlik, komanda işi, ünsiyyət, məhsuldarlıq, yaradıcılıq, rəqəmsal savadlılıq kimi bacarıqların inkişafı və bu bacarıqları birləşdirərək bir fəaliyyətin qurulmasıdır. STEAM şəxsiyyətyönümlü fəaliyyətdir və yeni yaranan çağırışlara cavab verən şəxsiyyətin inkişafına yönəlib”.
İ.Nəzərovun sözlərinə görə, tədrisdə tətbiq olunan bu metodologiyanın əsasında problem əsaslı və layihə əsaslı öyrənmə, qarşılıqlı öyrənmə, mobil tətbiqlər vasitəsilə öyrənmə, fənlərarası öyrənmə və fənlərarası inteqrasiya durur: “Layihə hazırda tədris proqramına əlavə olunub və STEAM dərsləri kimi keçirilir. Layihənin tədris planı və məzmunu hazırlanıb, dərsliklər, müəllimlər üçün metodik vəsaitlər hazırlanıb. Hazırda şagirdlər mühəndislik və dizayn bacarıqlarını mənimsəməklə məşğuldurlar və bu onlar üçün yenidir”.
Layihənin məqsədlərindən biri istehsal düşüncəsi və təsəvvürləri olan şagirdlərdə bu bacarıqların formalaşdırılmasıdır: “Hazırda şagirdlərin keçdiyi modullar mühəndislik dizayn prosesini əhatə edir. Layihənin maraqlı cəhəti odur ki, ideyanı şagird məktəbə gətirməlidir. Əgər şagird istədiyi nəticəni almayıbsa, bu onun uğursuzluğu deyil. O, bu nəticəni yeni bir fürsət kimi dəyərləndirməyə başlayır”.
Qiymətləndirməyə gəlincə, STEAM fənni üzrə şagirdlərin bacarıqları da diaqnostik, formativ və summativ qiymətləndirirlir. Formativ qiymətləndirmə “Feedback” (əks-əlaqə), refleksiya, rubrik və s., summativ qiymətləndirmə isə test, rubrik, sual-cavab, prototipin təqdimatı və s. şəklində həyata keçirilir. Qiymətləndirmə həm də mobil tətbiqlər vasitəsi ilə aparılır: “Biz hazırda prosesə mobil tətbiqlər gətiririk. Yəni tədris prosesini mobil telefonun qadağan olunması ilə deyil, ondan düzgün istifadə edərək qurmağa çalışırıq. “Rəqəmsal bacarıqlar” layihəsinin həyata keçirildiyi siniflərdə STEAM keçilir. Ancaq bu ona dəlalət etmir ki, sözügedən fənn ancaq belə məktəblərdə tədris oluna bilər. Kompüter otaqları və internetə çıxış imkanları olan bütün təhsil müəssisələrində STEAM-ın tədrisi mümkündür”.
Bağçadan ali təhsilə qədər STEM
STEM Avropada təhsilin bütün pillələrini - bağçadan tutmuş ali təhsilə qədər əhatə edir. Azərbaycanda isə STEAM-ın hansı yolla davam edəcəyi növbəti tədris ilindən bəlli olacaq. İ.Nəzərovun sözlərinə görə, mütəmadi qiymətləndirmə və monitorinqlər həyata keçirilir: “Hazırda tətbiq edilən modullar maykerlik - əl bacarıqları, mühəndislik və kodlaşdırma bacarığını əhatə edir. Şagirdlər kodlaşdırmaya yanvar ayından başlayacaq, yarım ilin sonunda öz layihələrini həyata keçirəcəklər. Uşaqlar alqoritmikanı bildikləri üçün STEAM layihəsini tətbiq edərkən bir addım öndə siyasətinə uyğun davrandıq. Tədris proqramı bu amil nəzərə alınaraq müəyyən olundu. Ancaq növbəti ildən STEAM daha aşağı siniflərdən keçilə bilər”.
STEAM-ın necə, hansı siniflərdən keçiləcəyinə isə monitorinqlərin nəticəsində qərar veriləcək. Layihə rəhbərinin fikrincə, əsas məqsəd layihənin istehsalatla uzlaşmasıdır: “Hələlik layihə 3 illik nəzərdə tutulub. Söhbət mövcud innovativ bir layihənin Azərbaycan təhsil sisteminə tətbiqindən, istehsala yönəlməsindən gedir. Yəni sonda bir ideya məhsula çevrilməlidir. Fikrimizcə, layihə özünü doğrultmalıdır. Çünki burada söhbət innovativ bir layihənin ölkə təhsil sisteminə tətbiqindən gedir”.
STEAM üzrə 100 tələbə təlimlərə cəlb ediləcək
Ancaq layihənin Azərbaycandakı bütün məktəblərdə tətbiqi gözlənilən deyil: “Dünyada STEM təmayüllü məktəblərin təcrübəsi var. Hətta bu fənnin tədrisi kifayət qədər maliyyə və kadr hazırlığı tələb edən prosesdir. Amerika kimi ölkədə ali məktəblərdə təhsilini STEM müəllimliyi ixtisası üzrə tamamlayanlar kadrların 11-13 faizini təşkil edir. Bizdə bu kadrlar təlimlərdə hazırlanır. Hansı ki, həmin təlimlər 4 həftə davam etməlidir ki, müəllimlərə tədrisin 30 faizini çatdıra bilək”.
İ.Nəzərovun sözlərinə görə, tezliklə Azərbaycanda da ali təhsil müəssisələrinin tələbələrinin STEAM üzrə hazırlığı təşkil edilə bilər: “Belə bir fikir var ki, pedaqoji ixtisas üzrə təhsil alan IV kurs tələbələrinə təlim keçirilsin. Bu məqsədlə mütəxəssislərimiz 100-ə yaxın tələbəyə yanvar-fevral ayından başlayaraq təlim keçəcək. Təşəbbüs Azərbaycan Dövlət Pedaqoji Universitetindən gəlib. Hesab edirik ki, bu, növbəti tədris ili üçün nəzərdə tutduğumuz planların reallaşdırılması nəticəsində qarşılaşa biləcəyimiz kadr çatışmazlığı ehtimalını aradan qaldıracaq”.
Nəzərdə tutulan planlara gəlincə, İ.Nəzərov əlavə edib ki, bu ildən robototexnika və dizayn üzrə hazırlıq aparılan layihə növbəti tədris ilindən genişləndiriləcək: “Hazırda aviamühəndislik, nanotexnologiyalar, biotexnologiyalar, kibertəhlükəsizlik istiqamətləri üzrə yeni modulların məzmunları üzərində iş gedir. Daha yuxarı siniflərdə bu istiqamətlər üzrə də hazırlıq aparılacaq”.
Ruhiyyə DAŞSALAHLI