UNEC-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçirilib.
UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov BDU-nun inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU zəngin tarixi keçmişə malikdir.
Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətinin, o cümlədən Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universitetinin BDU-nun bazasında yaradıldığını bildirən Sakit Yaqubov qeyd edib ki, BDU yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetirmişdir. O, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin də məhz bu ali təhsil ocağının məzunu olduğunu diqqətə çatdırıb.
UNEC-in “Azərbaycan dili” kafedrasının professoru Maarifə Hacıyeva Azərbaycanın dövlətçilik tarixi kontekstində Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sistemində yeni bir dövrün başlanğıcını qoyduğunu, bu qərarın qəbul edilməsində ölkənin maarifpərvər ziyalılarının bütün təzyiqlərə baxmayaraq, müstəsna fədakarlıq nümayiş etdirdiklərini vurğulayıb.
“Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov BDU-nun yaradılmasının böyük tarixi önəm daşıdığını, bununla xalqın elm, təhsil və mədəniyyətə olan marağının daha da artdığını bildirib.
Universitetin inkişafında yeni keyfiyyət mərhələsinin məhz ümumimilli lider, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu deyən professor ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə elmin, təhsilin, mədəniyyətin məbədi olan BDU-ya xüsusi həssaslıqla yanaşdığını bildirib.
Tədbirdə “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərov o dövrdə universitetin yaradılması ideyasının meydana cıxmasını şərtləndirən amillərı açıqlayaraq, xalqın inkişafını düşünən qabaqcıl ziyalıların ölkədə təhsil və mədəniyyətin inkişafı istiqamətində göstərdikləri xidmətlərdən bəhs edib.