Gənclərə dövlət dəstəyinin növbəti nümunəsi


İnsan kapitalının yetişdirilməsində mühüm faktor olan intellektual potensialın gücləndirilməsi istiqamətində dövlətin sosial siyasətinin ən mühüm hədəflərindən biri istedadlı tələbələrimizə göstərilən yüksək diqqət və qayğıdır. Bu baxımdan, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Gənclər Fondunun xüsusi sosial ehtiyacı olan istedadlı tələbələrin təhsil haqlarının maliyyələşdirilməsinə başlaması mühüm əhəmiyyət daşıyır. Gələcəyə hesablanmış strateji proqram çərçivəsində bu günlərdə təhsil haqqını ödəməkdə çətinlik çəkən 425  istedadlı gəncin təhsil haqqının Gənclər Fondu tərəfindən qarşılanması ölkə başçısının sosial yönümlü siyasətinin növbəti göstəricisidir. Builki müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta  ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr də yaradılmış imkandan yararlanıblar ki,  bu da  adıçəkilən layihənin əhatə dairəsinin genişlənməsi və daha çox tələbə məmnunluğuna hesablanıb. “Azərbaycan müəllimi”nə verdikləri açıqlamalarda tələbələr dövlətin bu sahədə addımlarını yüksək qiymətləndirirlər.

 

Ağgül Əhmədova, 

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi

 

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) aqrotexnologiya fakültəsinin “Dizayn” ixtisası üzrə  III  kurs tələbəsidir.  “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində DEBAT klubların təşkili, Könüllülər üçün təlim  layihələrində könüllüllər üzrə koordinator olub.  Hazırda ADAU-da  Tələbə Gənclər Təşkilatı  fakültə sədridir. Gənclər Fondunun maliyyə dəstəyi ilə “ Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi əsasında “Vüqarlı Dağlar” və “Mübarizin Yolu İlə”  2 sənədli filmin  layihə rəhbəri, koordinatoru, həmçinin 2-ci ssenari müəllifi olub.  Bir neçə yerli və beynəlxalq sərgilərin təşkilatçısı və iştirakçısıdır.

 

- Sevindirici haldır ki, bu gün ölkəmizdə təhsil sistemi dünyanın qabaqcıl təhsil sisteminə inteqrasiya edir. Təhsil sahəsində əldə olunan uğurlar, xüsusən də cənab Prezidentin  qayğısı sayəsində universitetlərimizin infrastrukturu yenilənib.  Təhsil aldığım  ADAU-nun dünya standartlarına cavab verən 7 mərtəbəli 1034 nəfərlik tələbə yataqxanası inşa olunub və 3-cü binanın inşasına icazə verilib. ADAU-nun nəzdində Qubada kollecin, Gəncədə liseyin açılmasına icazə verilib. Bütün bu inkişafın nəticəsi olaraq bu il rekord sayda - 1311 nəfər bakalavır, 160 nəfər magistr səviyyələrinə tələbə qəbul olunub. Prezident  İlham Əliyevin müvafiq fərmanına əsasən, Gənclər Fondunun maliyyə dəstəyi ilə istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi dövlətimizin bir daha təhsilə və gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.  Gənclərə, onların maarifləndirilməsinə və inkişafına göstərdiyi yüksək etimad və diqqət üçün  ölkə başçısına dərin və sonsuz təşəkkürümü bildirirəm.

 

Esmira Nəsirova,

Azərbaycan Tibb Universitetinin tələbəsi 

 

- Gənclər Fondunun müsabiqəsində qalib olduğumu eşidərkən çox sevindim və sevincimin hədd-hüdudu yox idi. Bu sevincimi tez bir zamanda ailəmlə və dostlarımla paylaşdım və  hər kəs çox sevindi. Ürəklə deyə bilərəm ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  gənclər siyasəti  bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu tərəfindən elan olunan müsabiqə də gənclər siyasətinin və dövlətin gənclərə göstərdiyi sosial müdafiənin bariz nümunələrindən biridir. Belə bir proqramın olmasını ATU Tələbə Gənclər Təşkilatı vasitəsilə öyrəndim. Sənədlərin toplanması və elektron qeydiyyatın aparılması prosesində təşkilat mənə tam olaraq dəstək oldu. Ümid edirəm ki, növbəti illərdə bu proqramdan daha çox tələbəmiz faydalanar. Proqramın icrası üçün ölkə başçısına və  Gənclər Fonduna təşəkkür edirəm!

 

Sədaqət Əliyeva,

Azərbaycan Dillər Universitetinin tələbəsi

 

- Gənclər  Fondunun keçirdiyi müsabiqədə qalib olan tələbələrdən biriyəm.  Qiymətlərimin yaxşı olması və atamın I qrup əlil, Qarabağ veteranı olması məni bu müsahibədən qeydiyyatdan keçməyə stimullaşdırdı. Sözün düzü, qalib olacağımı düşünmürdüm, lakin bütün duyğularımı ifadə edən məktub yazmışdım deyə, müəyyən ümidim var idi. 

 

Qalib olduğumu qardaşım tərəfindən öyrəndim və o an sözlərlə ifadə edə bilməyəcəyim duyğular yaşadım. Əmin olmaq üçün özüm də bir daha adımın siyahıda olmasını yoxladım.  Oktyabrın 4-də  Bakı Konqres Mərkəzində  tələbələrlə müqavilənın  imzalanmasına qədər hələ də inanmamışdım qalib olduğuma.  Yalnız müqaviləni  imzaladıqdan sonra anladım ki, mən qalibəm. Gənclərə göstərdikləri dəyər üçün başda dövlət başçımız İlham Əliyev olmaqla Gənclər  Fonduna, Təhsil Nazirliyinə və ATGT-yə  dərin təşəkkürlərimi bildirirəm.

 

Elvin Şükürov,

ADPU-nun Quba filialının tələbəsi

 

13 iyul 1999-cu il tarixində anadan olub. 2017-ci ildə Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli  tam orta məktəbi bitirib. Elə həmin ildə Quba filialının  tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub, hazırda 3-cü kursda təhsil alır.

 

-Gənclər Fondunun istedadlı tələbələr üçün elan etdiyi müsabiqədən xəbərdar olduqda şansımı sınamaq qərarına gəldim. Əslində, daha əvvəldən bu qurumla tanış idim,  fəal gənclərdən biri olaraq Gənclər Fondunun bəzi layihələrində könüllü olmuşam. Nəticədə bu qrant müsabiqəsində qalib oldum və təhsil haqqım bu il üçün Gənclər Fondu tərəfindən ödənildi. Bu, təbii ki, bir tələbə üçün həm böyük dəstək, həm böyük motivasiya,  həm də gələcəyə böyük ümid deməkdir. Artıq mən də ətrafımda, sosial şəbəkələrdə istedadlı, diqqətə ehtiyac duyan gəncləri fondun bu layihəsindən xəbərdar edir və qürurla onlara artıq savadın və ictimai fəaliyyətin bir gəncə nə qədər faydalı olmasının praktiki sübutunu göstərirəm. Bundan sonra daha böyük həvəslə işlərimə davam edəcəyəm, hazırda Gənclər Fondunun fərdi layihələr müsabiqəsində də iştirak edirəm,  əgər layihəm qəbul olunarsa,  bu, artıq yeni bir pəncərənin açılması deməkdir. Son illərdə Azərbaycanın təhsil siyasəti istedadlı gənclərin bütün problemlərinin həllinə  yönəldilib.  Artıq gənclər bu layihələrlə təhsil haqqından, yataqxana xərcindən və s. azad olma şansı qazanır.  Hesab edirəm ki, əgər təhsil millətin gələcəyidirsə, demək, ən böyük qayğı da təhsilə göstərilməlidir.

 

 

Elşad İstamov,

Qazax Dövlət Sosial İqtisad Kollecinin tələbəsi

 

1993-cü il  15 may tarixində Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Ağalıkənd kənd orta məktəbini 2011- ci ildə bitirib. 2016-cı ildə Qazax Dövlət Sosial İqtisad Kollecinin “Baytarlıq” fakültəsinə qəbul olub.

 

- Mən Gənclər Fondunun istedadlı tələbələr üçün elan etdiyi müsabiqənin qaliblərindən  biri kimi, ilk növbədə,  gənclərə göstərdiyi daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident  Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, Təhsil Nazirliyinə, Gənclər Fonduna  təşəkkürlərimizi çatdırmaq istəyirəm. Çox şadam ki, Azərbaycan  dövləti mənim kimi maddi durumu zəif olan tələbələr  və gənclər üçün belə bir layihə həyata keçirir.   Bir Azərbaycan gənci və  tələbə olaraq öz adımdan bu layihəni yaradan və bu layihədə əməyi olan hər kəsə minnətdarlığımı və təşəkkürlərimi bildirirəm.

 

 

Ayxan Yavərli,

Milli Aviasiya Akademiyasının tələbəsi

 

2000-ci ilin fevral ayında Şəkidə anadan olub. 2007-2017-ci illərdə Şəki şəhər  5 nömrəli orta məktəbdə təhsil alıb.  2017-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirərək ali məktəbələrə keçirilən qəbul imtahanında 650 bal toplayıb.

 

- Uşaqlıqdan  məqsədim  nə olursa-olsun “hüquqşünaslıq” ixtisası üzrə ali təhsil almaq və hüquqşünas olmaq idi. Bu sahədə mənə əngəl olan iki məsələ vardı, birincisi, təhsil haqqı, ikincisi  isə harada ən mükəmməl ali təhsil əldə edəcəyimlə bağlı idi.  Hüquqşünaslıq ixtisası olan bütün  ali məktəbləri araşdırdıqdan sonra qərarımı verdim, şəffaf və keyfiyyətli təhsil ocağı olan Milli Aviasiya Akademiyasına ödənişli əsaslarla qəbul oldum.  2 il ərzində ödənişdən əziyyət çəksəm də, bir gün istedadlı tələbələrin təhsil haqlarının qarşılanacağına inanırdım.  Bu əminliyi yaradan isə dövlətimizin gənclər siyasəti sahəsində  atdığı addımlar idi.  Xüsusilə istedadlı tələbələrə göstərilən qayğı təqdirəlayiqdir.  Sosial müdafiəyə ehtiyacı olan istedadlı tələbələr üçün  Gənclər Fondu tərəfindən təhsil haqlarının qarşılanması məqsədilə layihə elan olundu. II  kursda bu layihəyə müraciət etdim. Lakin müsaqibə qalibi ola bilmədim.  Təəssüflənsəm də, ümidimi itirmədim. Səylərimi daha da artırdım, II  kursu 98.1 bal ortalama və 98 bal davamiyyətlə bitirdim. 2019- cu ilin yayında sözügedən layihə yenidən elan olundu. Mən də müraciət etdim, nəticələrin uğurlu olacağına əmin idim. Nəticələr elan olunduqda adımı siyahıda gördüm, xəbəri öncə ailə üzvlərimlə bölüşdüm. Sevincimizin  hədd-hüdudu yox idi. Əlbəttə, qalib olmağım sadəcə dövlətimizin istedadlı gənclərə göstərdiyi qayğının bariz nümunəsidir.  Mən də qalib olaraq dövlətimizin təhsil sahəsində yaratdığı geniş imkanlardan yararlanaraq öz ixtisasımı davam etdirmək imkanı əldə etdim. Nəticədən asılı olmayaraq hər zaman dövlətimizin gənclərimizin yanında olduğunu bildirmək istəyirəm.

 

Təhsil biz gənclərin gələcəyidir. Sonda isə demək istəyirəm ki, şəffaf keçirilən bu müsaqibədən qalib ayrıldığım üçün əvvəlcə dövlət başçımıza, daha sonra isə Gənclər Fonduna dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

 

Rəcəb Mahmudov,

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

 

2000-ci il mart ayının 2-də Zaqatala rayonu Suvagil kəndində anadan olub.  2017-ci ildə Suvagil kənd 1 nömrəli  orta məktəbi bitirib. Elə həmin ildə 384 balla Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment”  ixtisasına qəbul olub,  III  kurs tələbəsidir.

 

- İlk növbədə,  bu şəraiti bizə yaradan, gənclərə həmişə dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərimi çatdırır  və  dərin minnətdarlığımı bildirirəm. Daha sonra daim gənclər üçün möhtəşəm layihələr hazırlayan və  həmişə istedadlı tələbələrin yanında olan Gənclər Fondunun bütün idarə heyətinə təşəkkür edirəm.  Müsabiqənin qalibi olan bütün tələbələri təbrik edir, onlara təhsil həyatında uğurlar arzu edirəm.

 

 

Ceyhun Əsgərov,

Sumqayıt Dövlət Universitetinin tələbəsi

 

1999-cu il 23 iyul tarixində Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub.  Hazırda Sumqayıt Dövlət Universitetinin tarix və coğrafiya fakültəsinin tarix ixtisasında təhsil alır.

 

 

- Bu il sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üçün Gənclər Fondu tərəfindən müsabiqə elan edildi. 1151  gənc elektron ərizə ilə şəffaf olaraq fonda müraciət etdi və onlardan 425  nəfər müsabiqənin qalibi oldu. Qalib olan gənclər yüksək təhsil göstəriciləri, ictimai fəallığı ilə digərlərindən seçilən və sosial müdafiəyə ehtiyacı olanlar idi.  Gənclər Fondunun həyata keçirdiyi təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə  mən də iştirak etdim və qalib oldum. Mənə və mənim kimi daha neçə-neçə tələbələrə göstərilən bu diqqət və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm.

 

 

Şıxvəli Mirzəyev,

Naxçıvan Dövlət Universitetinin tələbəsi

 

9 iyun 1999-cu il tarixində  Zaqatala rayonunda anadan olub.   2016-cı ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər Heydər Əliyev adına məktəbdən məzun olub. Elə həmin il  Naxçıvan Dövlət Universitetinə daxil olub.

 

- Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə Gənclər Fondunun yaradılmasını respublikamızda istedadlı gənclərin öz təhsillərini  davam etdirməsi,  istedad və bacarıqlarını nümayiş etdirə bilməsi üçün atılan ən böyük addımlardan biri kimi qiymətləndirirəm. Gənclər Fondunun gənclərə yaratdığı güzəştlərdən yararlananlardan biri də mənəm. Fondun elan etdiyi istedadlı gənclərin təhsil haqqından azad olunması layihəsinə qoşularaq qalib oldum. Bu qalibiyyət mən və ailəm tərəfindən yüksək sevinclə qarşılandı. Öz adımdan, ailəm və ən əsası, layihədə qalib olan gənclər adından Prezident İlham Əliyevə  minnətdarlığımı bildirirəm.  Eləcə də Naxçıvan MR Ali  Məclisinin sədri Vasif Talıbov başda olmaqla  muxtar respublika rəhbərliyinə biz gənclərə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirik.  Mən Azərbaycanın istedadlı gənclərindən biri  kimi, təhsilimə göstərilən diqqəti, etimadı Vətənə, dövlətə və xalqıma layiqli bir  şəxs kimi xidmət etməklə doğrultmağa çalışacağam.

 

Oruc MUSTAFAYEV