Türkiyənin Sənaye və texnologiya nazirinin müavini Hasan Büyükdedenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində  (AzTU) olub. Qonaqları AzTU-nun rektoru, professor Vilayət Vəliyev qəbul edib.

 

Rektor türkiyəli qonaqlara rəhbərlik etdiyi təhsil ocağı haqqında ətraflı məlumat verib və AzTU-da aparılan islahatlardan, universitetin strateji inkişaf hədəflərindən danışıb. O, qeyd edib ki, universitetdə aparılan elmi-tədqiqat işlərinin ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərinə uyğun altı istiqaməti müəyyən edilib və bu əsasda fakültələrin yenidən təşkilinə qərar verilib:“Texniki Universitet Azərbaycan iqtisadiyyatı üçün önəmli müəssisədir. Atılacaq önəmli addımlar AzTU-nun beynəlxalq reytinqini artıraraq gələcəyin modern universitetinə çevirəcək”.

 

Türkiyəli nazir müavini Hasan Büyükdede  AzTU ilə tanışlıqdan, professor-müəllim heyəti ilə görüşdən məmnun olduğunu bildirib, Türkiyədə texniki universitetlərin sənayenin müxtəlif sahələri ilə əməkdaşlığından danışıb. Nazir müavini vurğulayıb ki, tələbələr nəzəri biliklərini  istehsalatda tətbiq etməlidirlər, çünki bu, iqtisadiyyata yeni töhfələr verə bilər.