Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov, Xanti-Mansi Muxtar Dairəsinin Duma sədrinin müavini Aleksandr Salnikov, Yuqra Dövlət Universitetinin rektoru Tatyana Karminskaya və başqa qonaqlar iştirak ediblər.
“Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzinin önündə əfsanəvi azərbaycanlı geoloqun barelyefinin açılışından sonra Fərman Salmanovun neft kəşfiyyatı sahəsindəki xidmətlərindən danışılıb.
Akademik Akif Əlizadə deyib ki, o, hər zaman axtarışda olan yaradıcı bir insan idi: “Qərbi Sibirdə kəşf etdiyi neft quyuları sayəsində bəşəriyyətə verdiyi töhfə ilə hər iki dövlətin - Azərbaycan və Rusiyanın sevimli cəfakeşinə çevrilib”.
Rusiya səfiri Mixail Boçarnikov Rusiya üçün son dərəcə əhəmiyyətli olan Qərbi Sibirdə neft-qaz yataqlarını kəşf etmiş F.Salmanovun xatirəsinin rus xalqı tərəfindən hər zaman əziz tutulacağını deyib. Səfir əlavə edib ki, F.Salmanovun xidmətləri təkcə neft tapmaqla bitməyib, Rusiya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın inkişafına da öz təsirini göstərib.
Tədbir çərçivəsində SOCAR ilə ADNSU arasında elm və təhsil sahəsində əməkdaşlığa dair saziş də imzalanıb.