Quba rayonuna mediatur təşkil edilib


Oktyabrın 3-də Quba rayonuna mediatur təşkil edilib.  Mediaturun məqsədi  yeni tədris ilində Quba rayonunda pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşmək və onların dərs prosesini izləməkdir.

 

Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak ediblər.  Mediatur iştirakçıları əvvəlcə Quba rayonu Əsparasti kənd Nurəddin Rzayev adına tam orta məktəbində olublar. Bu il Əsparasti kənd məktəbinə yüksək bal toplayan 4 yeni müəllim işə qəbul olunub.

 

Mediatur çərçivəsində ingilis dili müəllimi Aysel Fərəcova, riyaziyyat müəllimi Aygün Məhərrəmova, informatika müəllimi Samirə Məmmədli və tarix müəllimi Orxan Cəfərovun dərs prosesi izlənilib.

 

Bildirilib ki, orta məktəb 2016-cı ildə tikilib istifadəyə verilib. 180 şagird yerlik məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.

 

Daha sonra mediatur iştirakçıları bu il yeni istifadəyə verilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəblə tanış olublar. Bildirilib ki, yeni inşa edilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəb bu tədris ilində istifadəyə verilib.

 

960 şagird yerlik məktəb rayon mərkəzindən 2 km məsafədə yerləşir. Hazırda məktəbdə 955 şagird təhsil alır, 76 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.

 

Mediatur iştirakçıları sinif otaqlarında dərslərin gedişini də izləyiblər. Qonaqlar 2019-2020-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq bu məktəbdə işə qəbul olunan biologiya müəllimi Günel Cəfərova və fransız dili müəllimi Şövkət Orucovanın dərs prosesini izləyiblər.

 

Sonra  mediatur iştirakçıları bu il yüksək balla  Qəçrəş kənd İbrahim Şahmərdanov adına tam orta məktəbinə işə  qəbul olunan gənc müəllimlərlə görüşüblər.

 

Burada ingilis dili müəllimi Fərəh Şərifovanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Fidan Ələsgərovanın və təsviri incəsənət müəllimi Aynur Abasovanın tədris prosesi izlənilib.

 

Məlumat verilib ki, məktəb 2006-cı ildə tikilib. 240 şagird yerlik məktəb rayon mərkəzindən 12 km məsafədə yerləşir. Hazırda məktəbdə 405 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur.

 

Qeyd edək ki, cari tədris ilində 145 nəfər müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Qubada pedaqoji fəaliyyətə başlayıb. Onlardan 85 nəfər müddətsiz müqavilə,  60 nəfər isə müddətli müqavilə ilə işə düzəlib.

 

2019-cu ildə Quba rayonu üzrə 600-dən yuxarı bal toplayan 4 məzun müəllim peşəsini seçib. Ümumilikdə isə cari ildə ali təhsil müəssisələrinə qəbul olunan 197 nəfər müəllimlik peşəsini seçib.

 

Xatırladaq ki, 2019-2020-ci tədris ili üzrə 7 mindən çox müəllim işə qəbul olunub.

 

Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

 

Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub.

 

Bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.

 

***

 

Səfər çərçivəsində gənc müəllimlərin təəssüratlarını öyrəndik. Orxan Cəfərov müəllimlərin işə qəbulu müsabiqəsində 53 bal toplayaraq Quba rayonu Nurəddin Rzayev adına Əsparasti kənd tam orta məktəbində tarix müəllimi vəzifəsinə təyin olunub. Müasir təlim metodları ilə dərs keçdiyini, şagirdlərdə bu fənnə maraq oyatdığını deyən gənc müəllim ucqar kənd məktəbində çalışmaqdan məmnun olduğunu deyir: “Buranın təbiəti çox gözəldir. Dərslərimiz də çox maraqlı keçir. Çalışıram ki, şagirdlərimə tariximizi, dünya tarixini yüksək səviyyədə öyrədim”.

 

Həmin məktəbə bu il 40 balla qəbul olan Samirə Məmmədli də burada olmaqdan məmnunluğunu bildirdi. Kənddə yaşamağın onun üçün çox maraqlı olduğunu deyən paytaxt sakini şagirdlərin informatika fənninə marağının çox olduğunu dedi: “İstər məktəb kollektivi, istərsə də kənd sakinləri məni çox mehriban qarşıladılar. Burda yaşamaq üçün hər bir şəraitimiz var. Bura gəldikdən sonra nə qədər dəyərli bir peşəyə sahib olduğumu daha çox anladım”.

 

Quba rayon Alekseyevka kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan Şövkət Orucova Gəncə Dövlət Universitetini bitirib. Fransız dilindən dərs deyən müəllim MİQ imtahanında 41 bal topladığını deyir: “Ailəm Gəncədə yasayır. Eşidəndə ki, bu məktəbdə fransız dili müəlliminə böyük ehtiyac var, heç tərəddüd etmədən bu məktəbi seçdim. Çox gözəl məktəbimiz var. Şagirdlərlə işləmək mənə böyük zövq verir”.

 

Quba rayonunun Qəçrəş kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən Fərəh Şərifova ADU- nun xarici dil müəllimliyi fakültəsini bitirib. Əvvəllər başqa sahədə çalışan gənc müəllim MİQ imtahanlarına ciddi hazırlaşaraq uğur qazanıb: “Bura gəldikdən sonra anladım ki, kənd uşaqlarının bizim kimi müəllimlərə ehtiyacı var”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Etibar Əliyev səfər haqqında təəssüratlarını bizimlə bölüşüb. O, gənc müəllimlərin ucqar kəndlərdə işləməsinə maraq göstərməsini təqdirəlayiq hal hesab edib. Bunu son illər müəllim nüfuzunun yüksəlməsi, onlara tətbiq edilən həvəsləndirici tədbirlərlə əlaqəli olduğunu deyib: “Bu gün əgər MİQ imtahanlarında 53, 57 bal toplayan müəllimlər, magistratura təhsili alanlar ucqar kənd məktəblərini seçib, burada həvəslə çalışırlarsa, bu, təhsilimizin uğuru, həyata keçirilən layihələrin səmərəliyini əks etdirir”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov da səfərdən məmnun qaldığını bildirib. Ölkə başçısı cənab İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açan şura üzvü bunun bariz nümunəsi kimi bölgələrdə tikilən modern məktəblərdən danışdı: “Bu gün Qubanın ən ucqar kəndində belə müasir standartlara cavab verən təhsil ocaqları mövcuddur. Bundan başqa gənc və perspektivli təhsil işçiləri  məktəblərə  cəlb  olunur  ki, bu da təhsilimizin dinamik inkişafına təkan verən amillərdəndir”.

 

Niyazi RƏHİMOV