Müəllim nüfuzu artır, peşəkarlıq yüksəlir
Son illər Təhsil Nazirliyi tərəfindən aparılan islahatlar, həyata keçirilən layihələr müəllimlərin peşəkarlıq səviyyəsinin və cəmiyyətdəki nüfuzunun artırılması istiqamətində mühüm uğurun əldə olunması üçün əsaslı zəmin yaradıb. 2013-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların cəmiyyətdəki nüfuzunun artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu strateji xətt artıq öz bəhrəsini verməkdədir. Son on illə müqayisədə Azərbaycan müəllimlərinin səriştəliliyinin artdığı, peşəkarlıq səviyyəsinin yüksək dinamika üzrə inkişafı təbii ki, təhsil işçilərinin cəmiyyətdəki nüfuzunun yüksəlməsinə səbəb olub. Bəs, buna necə nail olundu? Gəlin, yaxın keçmişə qısa bir nəzər salaq.
Öncə müəllimlər diaqnostik qiymətləndirmədən keçdi
İlk dəfə Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarını müəyyən etmək məqsədilə diaqnostik qiymətləndirmə həyata keçirildi. Bununla bağlı hüquqi baza yaradıldı və ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları təsdiq edildi. Diaqnostik qiymətləndirmə zamanı müəllimlərin bilik və bacarıq səviyyəsi test üsulu ilə müəyyənləşdirilib üzə çıxarıldı. Ölkə üzrə müəllimlərin biliklərinin hansı səviyyədə olması müəyyən edildi. Qısa zaman müddətində sistemli və mərhələli şəkildə görülən işlər artıq öz nəticələrini verməkdədir.
Müəllimlərin əməkhaqları 2 dəfə artırıldı
Müəllimlərin sosial rifahının yaxşılaşdırılması onların peşəkarlıq səviyyəsinin artırılması, eyni zamanda nüfuzlarının yüksəlməsinə təsir edən amillərdəndir. Bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması və maddi rifahının yaxşılaşdırılması təmin edildi. Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması dövlətimizin qarşıya qoyduğu əsas prioritet məsələlərdəndir. Təhsil işçilərinə daim diqqət və qayğı göstərən ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən müəllimlərin əməkhaqları mütəmadi artırılır. Ölkə Prezidentinin 2015-ci ildə imzaladığı müvafiq sərəncama əsasən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü 1.5, əməkhaqqı isə 2 dəfə artırılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə müəllim nüfuzunun artmasına təkan verib.
Gənclərin müəllim peşəsinə marağı artır
Etiraf edək ki, son 10 illə müqayisədə gənclərin müəllimlik peşəsinə marağı xeyli artıb. Artıq ali məktəblərə qəbul imtahanlarında 500-600-dən çox bal toplayanlar ixtisas seçimi zamanı müəllimliyə üstünlük verir. Təsadüfi deyil ki, təkcə 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların 2000-dən çoxu 500-dən artıq bal toplayanlardır. Müəllimlik peşəsini seçənlərə xüsusi tələbə təqaüdlərinin verilməsi, ucqar rayonlarda, kəndlərdə çalışan pedaqoqlara əlavə stimullaşdırıcı məbləğin ödənilməsi gənclərin bu peşəyə marağını daha da artırdı. Artıq gənclər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməklə heç bir maneə olmadan müəllim vəzifəsinə təyin olunurlar. Sadaladıqlarımız bir daha təsdiq edir ki, cəmiyyətdə müəllim nüfuzu günü-gündən artmaqdadır.
Müəllimlər inkişafyönümlü təlimlərə cəlb edilir
Təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, onlar arasında sağlam rəqabəti təmin etmək Təhsil Nazirliyinin diqqət mərkəzində saxladıgı əsas məsələlərdəndir. Qeyd edək ki, son illər ölkənin təhsil sistemində bir sıra uğurlu islahatyönümlü tədbirlərin, proqram və layihələrin təşəbbüsçüsü və icrasının təşkilatçısı olan Təhsil Nazirliyi metodik xidmətin keyfiyyətinin yüksəldilməsinə diqqəti daha da artırıb. Dünya ölkələrinin uğurlu təcrübəsi, müasir yanaşmalar nəzərə alınaraq ümumtəhsil müəssisələrinə göstərilən metodik xidmətin, mentorluq dəstəyinin məzmunu və təşkilatı struktur formasının yeniləşdirilməsi, bu sahədə daha səmərəli modelin yaradılması istiqamətində addımlar atılıb. Bu baxımdan 3 il öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılmış Təlimə Dəstək Mərkəzini və onun ötən müddət ərzindəki fəaliyyətini xüsusi qeyd etmək olar.
Müsabiqələr müəllimlərin səriştəliliyini artırır
Təhsildə inkişaf və innovasiyalar üzrə təşkil edilən qrant müsabiqələr də müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Müəllimlər arasında sağlam rəqabəti gücləndirmək onların səriştəliliyinin artmasına, fəaliyyətlərini günün tələblərinə uyğun qurmasına, pedaqoji kadr kimi püxtələşmələrinə səbəb olur. Elə bu məqsədlə həyata keçirilən pedaqoji mühazirələr müəllimlərdə azad fikir formalaşdırmaq, yeni təkliflər irəli sürmək imkanını da yaradır. Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədi daşıyır.
Son 5 ildə görülən işlər göstərir ki, istər müəllimlərin peşəkarlıq səviyyəsinin, istərsə də nüfuzunun artmasında müsbət dinamika müşahidə olunur.
Niyazi RƏHİMOV